Yadımdadı, bir neçə il əvvələdək gələcəklə bağlı optimist düşüncələrdən biri buradan xaricə oxumağa gedənlərlə bağlı idi. Çoxları hesab edirdi ki, onlar ABŞ-ın, Avropanın nüfuzlu ali məktəblərində oxuyub gələcəklər, sonra dövlət idarələrində vəzifələr tutmağa başlayacaqlar. Guya bununla idarəetmədə köhnə nomenklatura yavaş-yavaş aradan qalxacaq, nazirliklərə-mazirliklərə, komitə-momitələrə yeni ruh, yeni nəfəs gələcək.
Şəxsən mənim heç vaxt belə nikbinliyim olmayıb. Əvvəla, bütövlükdə sistem özü çürükdürsə, axı müsbət nəyə ümid etmək olar? Orada vintləri dəyişməklə nə dəyişə bilər?
Mənim bu məsələdə optimist olmamağımın başqa bir səbəbi də vardı. Təhsil üçün Qərbə, Avropaya gedənlərin mütləq əksəriyyətinin sonradan televiziya ekranlarında, qəzet səhifələrində rastıma çıxan çıxışları, müsahibələri, məqalələri… Onların bu çıxışlarını dinləyib məqalələrini oxuduqca aydın görünürdü ki, həmin növcavanlarımızda bir neçə il əvvəllə müqayisədə dəyişən yalnız bir şeydir: xaricdə təhsil aldıqlarını təsdiqləyən sertifikat, ya da diplomun olması. Vəssalam. Yerdə qalan hər şey həmən-həməndir: düşüncə, dünyagörüş zərrəcə dəyişməyib, ictimai məsuliyyət hissi yenə sıfırın altında. Yenə JEK müdirinin belə qarşısında topuq çalan dil, bükülən boyun.
Məsələn, bu yaxınlarda adının qarşısına “Harvard Universitetinin məzunu” yazan Anar Cahangirli imzası ilə bir məqalə oxudum, məqalənin başlığına baxın siz allah: “Təhsil hər bir cəmiyyətin inkişafının əsas faktorudur”. Biz belə sərlöhvələri “Sovet kəndi” qəzetindən-zaddan xatırlayırıq. Məqalədə “Azərbaycanın iqtisadi gücünün artması”, dövlətin təhsilə atalıq qayğısı ilə bağlı da paytaxt sakinlərinin AzTV-yə verdikləri müsahibələr səviyyəsində xeyli boz, standart cümlələr var. Adam heyrətə gəlir: bu cür cümlələr qurmaq, belə taftalogiyalara aludə olmaq üçün əziyyət çəkib Harvarda-zada niyə gedir bunlar? Elə Lənkəran Dövlət Universiteti, Bakı Sosial-Iqtisadi Kolleci, Müəllimlər Institutunun Ağcabədi filialı ilə kifayətlənmək olmazmı?
Hələ bu Harvard məzunu Anarın özü məqaləsində yazır ki, “xaricdə təhsil alıb qayıdan gənclər istər dövlət, istərsə də biznes strukturlarında çalışaraq yeni düşüncə ilə ölkəmizin inkişafını dəstəkləmək imkanı qazanırlar”. Görürük o yeni düşüncəni! O “yeni düşüncə” başdan-başa geriçi, arxaik sistemi mədh və minnətdarlıq ruhundan bir addım irəli getməyibsə, belə çıxır ki, bizim camaatın 70-80 faizi heç Harvardı bitirmədən belə “yeni düşüncə”lidirlər. Hətta çoxusunun heç adi diplomu yoxdur, amma istənilən Harvard məzunundan daha savadlı tərifləyirlər.
Mənim yadıma Cümhuriyyət tələbələri düşür. Onlar Avropada təhsil alıb geri döndükdə qarşılarında tamam fərqli bir mənzərə vardı. Cümhuriyyətin yerində bolşevizm küləkləri əsirdi. Cümhuriyyət tələbələrinin aldıqları təhsilin ruhu isə, qazandıqları dünyagörüş sosialist sistem üçün yad, hətta düşmən idi.
Onlara bu sistemə adaptasiya olunmaq asan deyildi. Onların beyni, qəlbi, həyata, insanlara, idarəetməyə baxışları ilə ilə bu sistem arasında dərin uçurum vardı. Nəticədə xeyli Cümhuriyyət tələbəsi ömrünü sürgünlərdə çürütməli oldu. Bir çoxları hətta intihar etmək həddinə çatdılar.
Amma baxıb görürük ki, indikilər üçün maşallah, nə gəlişmiş, çağdaş, modern ölkələrdə keçirdikləri illərin bir isti-soyuğu var, nə dünyanın ən üst ali məktəblərində aldıqları bilgilərin. Yeri gəlsə, Mübariz Qurbanlıdan artıq Mübariz Qurbanlı ola bilərlər. Yetər ki, karyeralarının önü açılsın. Yetər ki, neft pullarından onların da payına düşsün, komfortun, dəbdəbənin dadını hiss etsinlər.
Yoxsa vətəndaş məsuliyyəti və mövqeyi imiş, ölkəni çağdan qoparıb keçmişin dibsiz qaranlığına atanlara aldıqları bilgi ilə dirəşməkmiş, nə bilim, çağın ruhunu, uyğar dəyərləri bizim topluma daşımaqmış-zad, onlardan bunu ummaq, gözləmək, onlardan bunu istəmək-zad.
Nə qədər sadəlöhvsünüz.
Yaxşısı budur, yatın-durun, yenə Lənkəran Dövlət Universiteti məzunlarının qədrini bilin.