Inqilablara münasibət heç vaxt birmənalı olmayıb. Kimi onlara böyük tarixi sıçrayışların məqamı kimi, kimlərsə də böyük dağıntıların və fəlakətlərin ərəfəsi kimi baxıb
Ötən əsrin sonları, yaşadığımız əsrin əvvəli dünya siyasi gündəminə yeni inqilablar nümunəsi – rəngli inqilablar gətirdi. Ənənəvi inqilablar haqqındakı təsəvvürləri aşsalar da onlara da münasibət birmənalı olmadı. Bu inqilablardan qürur və rəğbət duyanlar da oldu, təlaş keçirənlər də…
Gürcüstan, Ukrayna, Qırğızıstan, Misir… Hətta çox kiçik siyahı belə xüsusi bir optimizm üçün əsas yaratmır. Bu ölkələrin hamısında inqilablar klassik dildə deyildiyi kimi, restavrasiya dövrünü yaşamaqdadır. Ola bilsin ki, çox kiçik fərqli nüanslar var, amma onların hamısını bir ümumi cəhət və tale birləşdirir: bu ölkələrdə inqilablar uğurlu sonluqla bitmədi…
Onların arasında böyük beynəlxalq dəstək alanlar da olub, əksinə, beynəlxalq aləmin ehtiyatla yanaşdıqları da. Ona görə də hətta bu meyar da ümumiləşmələr üçün əsas yaratmır. Alışmışıq ki, bütün inqilabların arxasında hansısa geosiyasi umacaqları görək. Sadaladığımız ölkələrdən bu umacaqlara cavab verənlər də oldu, əskinə onlara qarşı demarş edənlər də.
Bir halda onlar vaxtından əvvəl doğulmuş körpələrə bənzədi, digər halda isə, əksinə, ölü doğulmuş körpələrə oxşadı.
Bütün bu deyilənləri ümumiləşdirərək ölkələri iki kateqoriyaya ayırmaq olar.
Birincisi, daxildən rəngli inqilaba hazır olan, eyni zamanda beynəlxalq birliyin imkanlarını qabaqlayan ölkələr.
Bura Gürcüstanı, Ukraynanı aid edə bilərdik. Düzdür, burada mübahisəli məqamlar da az deyil, amma ən azı Gürcüstanın timsalında demək olar ki, bu ölkə dünya birliyinə geosiyasi çağırış etdi, ancaq ona siyasi kart-blanş vermədilər.
Insanların da təbiəti elədir ki, onlar daim rasional şeylər haqda düşünürlər. Gürcüstanda ümidlər böyük idi, bu xalq özünü az qala Qafqazda Avorpanın kiçik bir hissəsi kimi görürdü. Amma nə Avropa, nə də elə ABŞ ona real bir şey təklif edə bilmədi. Taleyin ironiyasına bax ki, həmin bu ölkə Avropadan və ABŞ-dan umduqlarının kiçik bir hissəsini qonşuluqdakı avtoritar Azərbaycandan aldı. Hətta M.Saakvaşvili bir dəfə demişdi ki, mən okeanın o biri tərəfində axtardıqlarımı Azərbaycanda tapdım…
Ikinci kateqoriyaya daxildən rəngli inqilaba hazır olan, amma beynəlxalq birliklər, onların geosiyasi mərkəzləri tərəfindən anlaşıqla qarşılanmayan ölkələri aid etmək olar…
Bura Misiri aid edərdik. Bu ölkə öz despotuna – H.Mübarəkə qarşı qalxdı və etiraf etmək lazımdır ki, hətta böyük demokratik ölkələr Misirdəki prosesə ehtiyatla yanaşdı. Əvvəlcə müdaxilə etmədən, diplomatik sükutla Mübarəki müdafiə etmək istədilər, amma sonra görəndə ki, o, duruş gətirməyəcək, onda otuz il siyasi “staj”ı olan diktatoru getməyə çağırdılar.
Indi Misir qaynar siyasi qazana çevrilib. Qərbin azacıq da olsa anlaşıqla qarşılandığı bu yeganə ərəb ölkəsində vətəndaş müharibəsinin və aclığın ilk nişanələri görünür. Böyük ehtimalla ölkə bu səviyyəyə çatmayacaq, amma bu diyara dinclik də qayıtmır.
Misirdəki proseslərin problemi nədədir? Etiraf etmək lazımdır ki, açıq hərbi çevriliş dəstəkləndi, siyasi dəstək tapdı, gərək, bu olmayadı. Bilmək və barışmaq lazım idi ki, Misirdə tamamilə Qərb standartlarına cavab verən demokratiya qalib gələ bilməz, o, mütləq müəyyən dini və milli keyfiyyətlərlə bağlı olmadı idi.
Özü də bunun səbəbi təkcə Misirin son otuz ildəki təcrübəsində deyildi, əsl səbəb daha dərindədir. Bəli, indi dünyada liberal demokratiya hakimdir. Bunu etiraf edirik. Liberal demokratiya, ümumiyyətlə, müasir demokratiya çoxluğun azlığın hüquqları ilə məhdudlaşan hakimiyyətini nəzərdə tutur. Amma bunun otruşması üçün illər lazımdır.
Misiri Avropadan elə də böyük məsafə ayırmır. Amma böyük tarix ayırır. Bu, bütün müsəlman ölkələri üçün xarakterikdir. Bu ölkələrdə ilkin demokratiya çoxluğa orientasiya götürür – çoxuq isə müsəlmanlardır, öz tarixi keçmişi və dini ənənləri olan müsəlmanlar.
Düşünürük ki, demokratiyanın universallığı haqqındakı inam müəyyən mənada özünün böhranını yaşayır, reallığa tətbiqən müəyyən problemlərlə üzləşir.
Bunu deməklə heç də demokratik dəyərlərin ümumbəşəri xarakterinə zərrə qədər də şübhə gətirmək istəmirik. Amma həmin Qərbin özündə də indi liberal dəyərlər adlandırılan dəyərlər birdən-birə oturuşmayıb, illər, bəzən əsrlər tələb olunub. M.Əl-Bəradeyi bəlkə də Qərbin bütün standartlarına cavab verən insandır, amma bütün misirlilər belə deyil axı! Onların böyük əksəriyyəti üçün M.Mursi daha anlaşıqlıdır. Doğrudanmı, bununla razılaşmaq çətindir?