“İnsan haqlarının pozulduğu ölkələrdən hər biri sabah Misir və Tunisin vəziyyətinə düşə bilər”
Eldar Namazov: «Demokratik, hüquqi və siyasi islahatlatlar olmadan korrupsiyaya qalib gəlmək olmaz»
Ərəb dünyasındakı inqilab dalğası dünya ictimaiyyətinin diqqət mərkəzində qalmaqdadır. Ekspertlərin fikrincə, hadisələr Azərbaycandan da yan keçməyəcək. Təsadüfi deyil ki, Azərbaycan da siyasi dəyişikliklər baş verə biləcək ölkələr siyahısındadır. Hakimiyyətin antikorrupsiya tədbirlərinə başladığını məhz indi elan etməsi də təsadüfi deyil. Görünür, ərəb ölkələrindəki hadisələr ölkə rəhbərliyini narahat edib. Bir-birinin ardınca dövlət qurumları iclaslar keçirir və rüşvət alanların cəzalandırılacağı bəyan edilir. Ancaq bu tədbirlər nə dərəcədə effektiv olacaq? Heç kəsə sirr deyil ki, rüşvətin başında məhz həmin nazirlər dayanır. Politoloq Eldar Namazovla müsahibədə məhz bu suallara cavab tapmağa çalışacağıq.
– Hökumət antikorrupsiya tədbirlərinə başladığını elan edib. Kompleks tədbirlər və islahatlar olmadan korrupsiya ilə mübarizə effekt verə bilərmi?
– Beynəlxalq birlik çoxdandır korrupsiya ilə effektiv mübarizə proqramı hazırlayıb. Bu, vaxtilə həmin xəstəliyə yoluxmuş, lakin kompleks tədbirlər həyata keçirməklə bundan xilas olan bir çox ölkələrin təcrübəsi əsasında edilib. Bu təcrübəni qısa şəkildə cəmləsək – korrupsiyanı yuxarıdan tapşırıqla, yaxud inzibati tədbirlərlə “ləğv etmək” olmaz. Bunun üçün təkcə korrupsiyaya görə cəzanın sərtləşməsini əhatə etməyən geniş proqram reallaşdırılmalıdır. Eyni zamanda məmur aparatına nəzarət üçün söz azadlığını təmin etmək, ədalətli cəzanın verilməsi üçün müstəqil məhkəmə sistemi qurmaq, siyasi rəqabətin qarşılıqlı nəzarəti təmin etməsi və hakimiyyətin qolları arasında balansın qorunması üçün azad seçki keçirmək vacibdir. Bir sözlə, demokratik, hüquqi və siyasi islahatlar olmadan korrupsiyaya qalib gəlmək mümkün deyil. Dünya təcrübəsi bunu deməyə əsas verir. Bu, Azərbaycandakı situasiyaya da aiddir.
“Təbliğat hay-küyü açıq-aydın süni xarakter daşıyır”
– Belə bir fikir var ki, hakimiyyət korrupsiya ilə mübarizə görüntüsü yaratmaq istəyir. Siz necə hesab edirsiniz?
– Mən bununla razıyam. Hələ ki, hakimiyyət kiçik məmur aparatından kimlərisə cəzalandırmaqla kifayətlənir. Təbliğat hay-küyü açıq-aydın isə süni xarakter daşıyır. Məsələn, bəzi nazirlər filan qədər adamın işdən azad edilməsi ilə bağlı hesabat verir. Ancaq deyilmir nəyə görə. Əgər söhbət korrupsiyadan gedirsə, təkcə işdən azad etmək yox, cinayət işi qaldırılmalıdır. Özü də nəzərə almaq lazımdır ki, korrupsiyanın geniş yayılmış üsullarından biri müəyyən sayda vəzifənin boşaldılması və sonradan onların “satışa çıxarılması”, rüşvətlə yeni məmurların təyin edilməsidir. Hər il bu cür “karusel”in vasitəsilə bir çox qurum rəhbərləri qanunsuz olaraq varlanır. Ona görə də korrupsiya faktlarına dair cinayət işi açılmadan işdən azad olunanların adi statistikası cəmiyyətdə etimad qazanmır.
“Azərbaycan həqiqən də ”analoqu olmayan” ölkədir…
– Hökumətin ərəb ölkələrində baş verənlərdən narahatlıq keçirib güzəştlərə gedəcəyini gözləmək olar?
– Müxtəlif ölkələrdə bir çox avtoritar hakimiyyətlər son vaxtlar bu hadisələrin təkrarlanmasının qarşısını almaq məqsədi ilə müxtəlif sosial ödənişlər, sosial proqramlar həyata keçirməyə başlayıblar. Ancaq Azərbaycan, hakimiyyətin də uzun müddət təkrarladığı kimi, həqiqətən də “analoqu olmayan” ölkədir. Yaxın Şərqdə hadisələr başlayandan sonra Azərbaycanın Tarif Şurası bir sıra vacib kommunal və digər xidmətlərin qiymətinin artırılması ilə bağlı qərar verdi. Eyni zamanda dövlət məmuru olan inhisarçılar son vaxtlar bir çox ərzaq məhsullarının qiymətini bahalaşdırıb. Güman etmirəm ki, bu, Azərbaycan hakimiyyətinin həddən artıq arxayınlığının və əminliyinin nəticəsidir. Bu onu göstərir ki, daxili siyasət ayrı-ayrı məmur-oliqarx qruplarından o qədər çox asılıdır ki, o, artıq hansısa təhlükələrə reaksiya verərək hansısa aydın strategiyanı qəbul etmək gücündə deyil.
“Beynəlxalq ictimaiyyət insan haqlarının pozulmasına görə daha sərt reaksiya istiqamətində hərəkət edəcək”
– “Vaşinqton Post” qəzetindəki son yazı əvvəlkilərdən xeyli fərqlidir. Müəllif Qərb ölkələrinə müraciət edərək diktatorların hakimiyyətdən gedəndən sonra yox, məhz hakimiyyətdə olarkən bank hesablarının dondurulmasını təklif edib. Bu nəyin mesajıdır?
– Hazırda Qərb dünyası avtoritar rejimlərə münasibətdə öz siyasətinə yenidən baxmaq məcburiyyətindədir. Ərəb dünyasındakı hadisələrin bu istiqamətdə uzunmüddətli nəticələri olacaq. Dünya mətbuatı, ekspertlər və siyasətçilər artıq bu barədə müxtəlif ideyalar səsləndirir. Birincisi, “demokratik dalğa” islam dünyasının bir hissəsini əhatə edib. Əgər demokratiyanın ilk dalğası əsasən xristian-protestant mədəniyyətli (XIX əsrin ortasından XX əsrin əvvəlinə qədər), ikinci dalğa isə xristian-katolik mədəniyyətli ölkələrə (Portuqaliya, Ispaniya və Latın Amerikası ölkələri 1970-ci illərdən XX əsrin sonlarına qədər) aid oldusa, indi ilk dəfə olaraq bu dalğa Yaxın Şərqdə baş qaldırdı və bu da “islam və demokratiya” probleminə yenidən baxmağa məcbur edir. Ikincisi, mövqelərə yenidən baxılması Qərbin “qərbyönlü xarici siyasət” pərdəsi altında öz vətəndaşlarının hüquqlarının pozulması, seçkilərin saxtalaşdırılması, korrupsiya, müstəqil KIV-in boğulması ilə məşğul olan avtoritar rejimlərlə əməkdaşlığına da toxunacaq. Nəhayət hesab edirəm ki, beynəlxalq ictimaiyyət ayrı-ayrı ölkələrdə insan haqlarının pozulmasına görə daha sərt reaksiya, məmurlara təzyiq və “sanksiya”lar paketinin hazırlanması istiqamətində hərəkət edəcək.
“Beynəlxalq ictimaiyyət bu əhəmiyyətli və vacib problemin həlli üçün ”yetişib”
– Bu vaxta qədər avtoritar rejimlərin fəaliyyəti hesabatlarda pislənilirdi. Indi vəziyyət bir qədər dəyişib. Lüksemburqun xarici işlər naziri xalqına qarşı zorakılıq işlədənlərin Haaqa Məhkəməsi qarşısına çıxarılmasını təklif edib. Bu öz effektini verəcəkmi?
– Beynəlxalq ictimaiyyət tədricən buna doğru hərəkət edir. Maraqlıdır ki, bu yaxınlarda, Kot-d-Ivuarın hakimiyyətdə olan prezidenti seçkiləri saxtalaşdırandan sonra Afrika Dövlətləri Birliyi və BMT onun legitimliyini tanımaqdan imtina etdilər və seçkinin qalibi kimi müxalifət liderini tanıdılar. Amerika Dövlətləri Birliyi də yaxın keçmişdə bu regionda seçkilərin saxtalaşdırılacağı təqdirdə müdaxilə etməyin zəruriliyi ilə bağlı qərar qəbul edir. Sözsüz ki, dünya hansısa ölkədə hakimiyyət tərəfindən insan haqlarının kütləvi pozulması hallarında universal qaydaların, həmçinin təsir alətlərinin qəbulu istiqamətində hərəkət edir. Hələ ki, bu qaydalar və alətlər qəbul edilməyib. Ancaq onların müzakirə edilməsi, konkret variantların təklifi artıq onu deyir ki, beynəlxalq birlik bu son dərəcə vacib və aktual problemin həlli üçün “yetişib”. Insan haqlarının dövlətin daxili işi olmaması məsələsi müasir beynəlxalq münasibətlərin elan edilən prinsiplərindən real təcrübəyə çevrilməlidir.
“Azərbaycan üçün hazırkı vəziyyət xüsusən, dözülməzir”
– Ərəb ölkələrində baş verənlər Azərbaycanda müəyyən ümid, canlanma yaradıb. Bu hadisələr ölkəmizdə təkrarlana bilərmi?
– Təxminən eyni “avtoritar” xəstəliyi olan bir neçə ölkə var ki, onları “risk” qrupuna aid etmək olar. Təəssüf ki, bizim ölkə də həmin qrupdadır. Ona görə də insan haqlarının kütləvi şəkildə pozulduğu, korrupsiyanın çiçəkləndiyi bu risk qrupunda olan ölkələrdən hər biri sabah Misir və Tunisin vəziyyətində ola bilər. Azərbaycan üçün hazırkı vəziyyət xüsusən dözülməzdir. Çünki məhz Azərbaycanda müsəlman Şərqində ilk dəfə olaraq demokratik parlament respublikası bərqərar olub. Bizim cəmiyyyətin çox böyük demokratik potensialı var. Bu vəziyyətdə avtoritarizm və korrupsiya bizim ölkənin əksər vətəndaşları üçün qeyri-normaldır.
“Tədricən dünyada ”ictimai konsensus” formalaşır”
– Rusiyada, Iranda da etirazlar baş qaldırıb. Qonşu ölkələrdə hər hansı siyasi dəyişiklik gözləmək olar?
– Hər bir xalq ədalətli cəmiyyətdə və sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkədə yaşamaq istəyir. Bu məqsədlərin hər birinə ancaq demokratik islahatlar, demokratik siyasi sistem zəmanət verir. Ona görə də əminəm ki, dinindən, dərisinin rəngindən, dil və mədəni mənsubiyyətindən asılı olmayaraq hər bir xalq demokratik inkişaf yolunu seçə bilər və seçməlidir. Qloballaşmanın dərinləşməsi, internetin və sosial şəbəkələrin genişlənməsi ilə tədricən dünyada “ictimai konsensus” formalaşır – bütün millətlər üçün qəbul edilən yeganə demokratiyanın inkişaf yolu. Bu, Rusiya, Iran və başqa ölkələrə də aiddir.
Fizzə Heydərli