Prezident Administrasiyası telekanallara sosial şəbəkələri gözdən salmağı tapşırıb
Hakimiyyət yeni mediadan qorxusunu gizlədə bilmədi. Məlumatlı mənbənin “Azadlıq”a verdiyi xəbərdə bildirilir ki, yaxın günlərdə sosial şəbəkələrlə bağlı tənqidi televiziya verilişləri efirə veriləcək.
Həmin verilişlər “Facebook” və “Twitter”də tanışlıqlardan sonra gənclər arasında bədbəxt hadisələrin yayılması fikrini təbliğ edəcək. Məsələn, belə tanışlıqların bədbəxt ailə faciələrinə, kriminal olaylara səbəb olması fikri aşılanacaq.
Bununla da hakimiyyət ictimai rəydə belə fikir yaratmaq istəyir ki, sosial şəbəkələr xeyli təhlükəlidir və valideynləri gəncləri bu elektron şəbəkələrdən çəkindirməlidir.
Şübhəsiz, hər kəsə məlumdur ki, bu planın ortaya çıxmasına əsas səbəb toplumları informasiya blokadasında saxlayan hakimiyyətlərin internetə qarşı aciz olması və sosial şəbəkələrin dəstəyilə müsəlman diktatorların ardıcıl devrilməsidir. Azərbaycan hakimiyyətinin də bu olaylardan xoflandığı şübhəsizdir.
Xəbər xidməti