Məşhur rus yazıçısı Sergey Dovlatovu diqqətlə oxuyanlar bilirlər. O, dünyanın bəlkə də ən parlaq özünəironiya ustasıdır. Daim özü özünü ələ salır, özü ilə məzələnir. Sadə, aydın üslubu, güclü realizmi, dərin müşahidə qabiliyyəti öz yerində, Dovlatovun özünə yönələn ironiyasının, sarkazmının əvəzsizliyinə əmin olmaq üçün onun “Çemodan” əsərini oxumaq kifayətdir.
Mən dünən bizim YAP icra katibi Əli Əhmədovun “Azərbaycan mənalı ölkədir” sözlərini oxuyanda nədənsə məhz Dovlatovun əsərlərində özünə qarşı kinayəli münasibətini xatırladım. Çünki Əhmədovun sözləri də artıq ənənəvi yaptokratiya üslubunda deyildi, o bu sözləri ilə heç də əvvəlki kimi, xalqı ələ salmırdı. Məncə, yoldaş icra katibi artıq özünəironiyaya keçmişdi. Hə, bu dəfə bəlağətin də, yalanın da dozası həddən artıq çox idi. “Azərbaycan mənalı ölkədir” – bu qədər bozluğun və boşluğun içində məhz bu cür cümlə qurmaq təkcə camaatı deyil, həm də özünü dolamaq deyilsə, bəs nədir? Yalnız bir insan özü ilə məzələnmək, özü ilə mırt tutmaq istərkən belə danışa bilərdi. Yalnız başqalarının oxuyub ona gülməsini arzulayan biri belə söyləyə bilərdi.
Necə ki, Dovlatov məhz belə edir – başqalarını özünə güldürür.
Əlbəttə, Əli Əhmədovun Azərbaycanı mənalı ölkə hesab etməsinə bir az da təbii yanaşmaq lazımdır. Bizdə elə adamlar karyera yollarında sürətlə yüksəldilər, şan-şöhrət və sərvətə sahibləndilər ki, normal ölkədə bunu xəyal etmək belə çətindir. Hətta bəlkə mümkünsüzdür. Bu adamlar üçün Azərbaycan niyə mənalı olmamalıdır ki, heç bir intellektual baqaja, dərin bilgiyə, geniş dünyagörüşə sahib olmadan hər cür imtiyazlar, statuslar, səlahiyyətlər qazanıblar. Bizim bomboz, darıxdırıcı, yeknəsəq, “səhər naxıra, axşam axura” marşrutundan kənara çıxmayan həyatımızın üzərində onların dəbdəbəli, çıraqban xanimanları ucalır. Onlar bundan sonra yüz dəfə dünyaya gəlsələr, belə bir ölkəni və şansı bəlkə heç vaxt əldə etməyəcəklər. Odur ki, məmnunluqlarını anlamaq elə də çətin deyil.
Üstəlik, belə baxanda ölkəmizdə həqiqətən mənalı, maraqlı işlər də az baş vermir. Məsələn, dünən musavat.com saytında Şıx qəsəbə sakinin şikayətini oxudum. Adam özünə 12 sot torpaq sahəsi alıb, gedib onu kamali-ədəblə özəlləşdirib. Elə ki, torpağını hasarlamaq istəyib, bir dəstə adam kəsdirib başının üstünü. Deyiblər, bizi icra başçısının müavini göndərib, ya gərək 15 min manat verəsən, ya da burada hasar-masar çəkə bilməzsən. Torpaq sahibi hər nə qədər buranı özəlləşdirdiyini, qanunla hasar çəkmək haqqı olduğunu desə də xeyri olmayıb. Buyurun: özləri təbiətin bu xalqa lütfü olan dənizi, gölləri, meşələri hasarlayırlar, vətəndaşdan isə halal torpağını hasarlamaq üçün rüşvət istənilir.
Bundan mənalı ölkə tapmaq olar?
Dünən saytlarda bir başqa xəbər də vardı, orada deyilirdi ki, Rusiyada Koroğlu adlı azərbaycanlı qanuni oğru həbs edilib. Hansısa müəssisənin səhmləri satışa çıxarılıb, bizim Koroğlu ilə bərabər, bir biznesmen də hərraca qatılıb. Qanuni yollarla səhmləri ala bilməyəcəyini görən Koroğlu başqa üsula əl atıb. Düz iki ay həmin biznesmenin kabinetinə gedərək onu hədələyib və döyüb. Axırda biznesmen bezib polisə müraciət edib və Koroğlu həbs olunub. Indi ona quldurluq maddəsi ilə cinayət işi açıblar. Hey gidi dünya, hey! Vaxt vardı buna oxşar əməllərinə, yol kəsməsinə, tacir-tüccarı soymasına görə Koroğlu xalq qəhrəmanı idi, hətta təzəlikcə bizim möhtərəm ona “yaxşı vətəndaş” da dedi.
Amma ruslardakı öldürücü, lap Dovlatovsayağı sarkazma baxın ki, indi onlar Koroğlunu qandallayıb həbsə göndərdilər.
Əli Əhmədovun qulağına getməsin, bəzən həddən artıq mənalı ölkə olmağın da belə pis tərəfləri var. Hardansa bir Rusiya-musiya çıxır, sizdən daha mənalı ölkə olduğunu qoyur ortaya, siz də qalırsınız belə.
Ara yerdə isə yaxşı vətəndaş güdaza gedir.