Bir qədər uzaqdan başlayacam. Baş nazirin keçmiş müavini A.Abbasov bu günlərdə diaspora işlərində bir az da irəlilədi. Amma, deyilənə görə, bizim hakimiyyət mənsubları buna o qədər də sevinməyiblər, hətta bəzi ehtimallara görə, onlar A.Abbasovu heç sevmirlər.
Keçmş müavinin özü də bu yaxınlarda televiziya ilə müsahibəsində cəmiyyətdə belə söhbətlərin gəzdiyini etiraf etdi. Özünün çox illik ehtiyatlı məmur təcrübəsinə arxalanaraq o, az qala bir mahnıda deyildiyi kimi, mən səni sevəcəyəm, sən sevməsən də, deyərək, bir daha siyasi ambisiyasının olmadığını və Bakıya yalnız nə vaxtsa dəfn olunmaq üçün qayıdacağını söylədi.
Onun səmimiliyinə inanmamaq üçün elə bir əsas yoxdur. Amma görək yüksək siyasi elita da belə düşünürmü? Güman etmirik. Ən azı ona görə ki, A.Abbasov Rusiyada diaspora işində irəliləyərək və Rusiya Xalqları Assambleyasının sədrinin müavini seçilərək Əliyevlərin özəl siyasi nüfuz zonasına müdaxilə edib.
Ən son vaxtlara qədər Rusiyadakı Azərbaycan diasporu H.Əliyev Fondunun Rusiya filialının rəhbərinin nəzarətində idi. Bütün tədbirlərə o, rəhbərlik edərək Rusiyanın gah bu, gah da başqa şəhərində H.Əliyevə abidələr ucaldır, xeyriyyə işləri ilə məşğul olurdu.
Rusiyadakı Azərbaycan diasporu öz sayına və elə məzmununa görə də ölkənin ən böyük diasporu hesab edilirdi. Bəzi qiymətləndirmələrə görə, indi Rusiyada təxminən 3 milyon azərbaycanlı məskunlaşıb. Iranı çıxmaq şərtilə dünyanın başqa heç bir ölkəsində bu qədər azərbaycanlı yoxdur.
Güman etmirik ki, Əliyevlərin Rusiyadakı diaspordan maliyyə umacaqları var.
Böyük ehtimalla məsələnin siyasi tərəfləri onlar üçün daha böyük önəm kəsb edir: diasporun lideri olmaq daim Rusiya siyasi elitasının nəzərində olmaq deməkdir.
Nəzərə alanda ki, Rusiya hakimiyyət məsələlərində Azərbaycan üçün hələ də çox böyük önəm kəsb edir, belə bir amilin Əliyevlər üçün nə qədər vacib olduğunu başa düşmək elə də çətin deyil. Ən azı ona görə ki, hökumət diaspor məsələsinə həm də özünün hakimiyyət maraqlarının lobbiçiliyi kimi baxır.
A.Abbasov faktiki olaraq diasporun liderinə çevrilib. Ona görə də onun “suç”u məhz elə bu amillə müəyyən edilir. O, nə qədər desə ki, hakimiyyətlə, siyasətlə heç biri işi yoxdur, ona inanmayacaqlar.
Ona o vaxt inanardılar ki, o da Rusiyadakı səfir kimi H.Əliyev Fondunun Rusiya filialının rəhbərini tədbirlərdə sadəcə müşayiət edərdi, daha çox onun üçün çalışardı, daha çox onu önə verərdi. Amma A.Abbasov bunu etmədi, özünü önə verdi, hakim klanın müəyyən etdiyi “qırmızı siyasi xətt”i keçdi. Bunun inkişafı necə olacaq, rəsmi Bakı A.Abbasovun diaspor rəhbəri olması ilə barışacaqmı, bunu lap yaxın gələcək göstərəcək.
Indi isə o, Əliyevləri V.Putinlə birlikdə tədbirlərdə iştirak etməklə qıcıqlandırır. Təbii ki, yaxın dövr A.Abbasov üçün də sınaq dövrü olacaq.
Prezident seçkisi ilində özünün bütün resursların səfərbər edən hakimiyyət diaspordan da nəsə umacaq və onda hər şey aydınlaşacaq…
Hakimiyyət və Rusiya məsələsindən danışanda gərək nəzərə alasan ki, daha bir vektor var – o da Azərbaycan müxalifətidir. Amma o vektor bu istiqamətdə ən azı son iyirmi ildə çox passiv olub. R.Ibrahimbəyovun siyasətə gəlişi ilə həmin vektorun bir qədər aktivləşəcəyi gözlənirdi, hətta onun Rusiyadakı diasporun rəhbərliyi ilə də müəyyən əlaqələrinin olduğu bildirilirdi.
Milli Şura yaranarkən müxalifət Avro-Atlantika məkanı söhbətini (heç bunun yeri idimi?!) ortaya atmaqla, hakimiyyət mediası isə yeni yaranan Milli Şuraya “Rusiya layihəsi” deyib onu faktiki olaraq şantaj etməklə bir növ R.Ibrahimbəyovu Rusiyadan məsafə saxlamağa vadar etdilər.
Halbuki Rusiyanın siyasi dairələrində Azərbaycan müxalifətinə qarşı münasibəti dəyişməyin böyük önəmi var idi. Ən azı ona görə ki, Rusiyada hələ də Azərbaycan müxalifəti haqqında 1992-93-cü illərin təsəvvürələri yaşayır.
Etiraf edirik ki, bu müddət ərzində müxalifət çox az dəyişib. Amma onu da dəyişməyə vadar etmək olardı.
Hər şey bir tərəfə qalsın, Rusiya Azərbaycanın qonşusudur, özü də böyük qonşusudur. Kim hakimiyyətə gəlirsə-gəlsin, Azərbaycan Rusiya ilə əməkdaşlıq etməlidir. Elə üç milyonluq diaspor üzvləri də ölkədə gedən bu siyasi prosesləri ciddi izləyirlər. Onların marağı nədir? Onlar istəyir ki, sadəcə Rusiya ilə münasibətlər korlanmasın, çünki bu, dərhal onların vəziyyətində özünü təzahür etdirəcək, necə ki, M.Saakaşvili özünün tələsik siyasəti ilə yüz minlərlə gürcünü Rusiyada çətin vəziyyətdə qoydu.
Burada maraqlı məqamlardan biri də budur ki, A.Abbasov 1992-93-cü illərin hökumətinin də tərkibində olub, bu hökumətdə çalışıb. Bu, o deməkdir ki, o da müstəqillik məsələsinə biganə deyil. Əgər bu, onun üçün heç bir əhəmiyyət kəsb etmirdisə, nədən o vaxtkı milli hakimiyyət onu hökumətin tərkibində saxlayırdı?
Düzdür, o vaxtkı milli hakimiyyətin kadr siyasətində məntiq axtarmaq bir qədər müşkül məsələdir, amma fakt faktdır. Deməli, hansısa ortaq məxrəc var. Sadəcə, onu hiss etmək lazımdır…