Bir neçə gün əvvəl məlumat yayıldı ki, bizim Hafiz Məmmədov adlı bir iş adamı Fransada futbol klubu alıb. Əlbəttə, konfet kağızına yox. Heç qəpik-quruşa da yox.
Yəqin ki, Hafiz Məmmədov bunun üçün bir neçə milyon saymalı olub. Üstəlik, “Lans” adlı bu klubu daha əvvəl maliyyə təminatını vaxtında göstərmədiyinə görə Fransa çempionatının III divizionuna göndərmişdilər.
Onun yenidən II diviziona qaytarılması üçün klubun kapitalının artırılması üçün 12 milyon avro məbləğində pul qoyulmalı, daha 5 milyon avro isə dövriyyəyə buraxılmalıdır.
Bu o deməkdir ki, hər halda Hafiz Məmmədov klubu aldıqdan sonra da ora bir xeyli pul qoymalı olacaq.
Hətta fransız mətbuatının yazdığına görə, ilkin mərhələdə 14 milyon avroluq bir məbləğdən söhbət gedir.
Indi bizə maraqlı gələn o deyil ki, Ziya Məmmədovun çətiri altında iri layihələri heç bir tendersiz qazanan, qısa vaxtda ölkənin ən bərkgedən iş adamlarından birinə çevrilən şəxs Avropada hansısa kluba niyə milyonlar yatırır? Maraqlı odur ki, axı Azərbaycanda rəsmi milyonçu yoxdur. Rəsmi milyonçu yoxdur, amma biriləri milyonları orda-burda sağa-sola səpələməklə məşğuldur.
Indi bu, ölkədə korrupsiyanın nə qədər dərinləşdiyinin, genişlədiyinin göstəricisi deyilsə bəs nədir? Korrupsiyanın başında palıd ağacı olmur ki?
Bilmirəm, heç hansısa nazirliyin yan-yörəsindən keçərkən orada park edilən xarici markalı maşınlara fikir vermisinizmi? Onların əksəriyyəti həmin nazirliklərdə çalışanlara məxsusdur, hərəsinin də on minlərlə manatlıq dəyəri var. Bəs bu maşınlarla onların sahiblərinin aldıqları maaşlar arasındakı dərin uçurum nəyin göstəricisidir? Halallığın, şəffaflığınmı? Əlbəttə, yox. Hər şey aydındır. Korrupsiyanın buynuzu olmur ki?
Belə nümunələrin sayını artırmaq olar. Amma ehtiyac yoxdur. Ətrafa gözünün ucu ilə baxmaq kifayətdir ki, siz korrupsiyanın hər yerdə, hər addımda olduğunu görəsiniz. Hətta korrupsiya evimizin içinədək gəlib – əgər bir ölkədə bütün telekanallar sadəcə, yarınmaqla, yaltaqlanmaqla, yalan danışmaqla məşğuldurlar, fərqli nəsə göstərmək imkanından məhrumdurlar, zövqsüz, baxımsızdırlar, amma yenə də öz mövcudluqlarını saxlayırlarsa, bunun özü də bir növ korrupsiya görsənişidir. Normal ölkədə onlar rəqabətə davam gətirə bilməz, reytinqsiz və son nəticədə reklamsız qalar, sıradan çıxardılar. Ancaq bizdə bu sadə həqiqət də işləmir, telekanalların monotonluğu, bozluğu onların qaz vurub qazan doldurmasına mane olmur. Səbəb? Korrupsiya! Necə deyərlər, əl əli yuyur, əl də qayıdıb üzü. Siz korrupsioner rejimin əl-üzünü yuyursunuzsa, əlbəttə, o da sizi yağ içində böyrək kimi bəsləyəcəkdir, sizin yaşamaq, var olmaq səbəbinizə çevriləcəkdir.
Gələk bu yazının məqsədinə. Biz də əksəriyyət öyrəşib ki, Azərbaycanda korrupsiya haqqında başqasının – hansısa beynəlxalq təşkilatın, nüfuzlu ekspertlərin, məşhur dünya qəzetlərinin ağzından eşitsin. Əgər onlar “korrupsiya var” deyirlərsə, deməli, korrupsiya var, “korrupsiya yoxdur” deyirlərsə, deməli, korrupsiya yoxdur. Əgər onlar “korrupsiya azalıb” deyirlərsə, deməli, həqiqətən azalıb, əgər onlar “korrupsiya artıb” deyirlərsə, deməli, mütləq artıb.
Halbuki korrupsiya elə bizim gözümüzün önündədir. Addımımızı atdığımız hər yerdədir. Ətrafımıza gözucu nəzər yetirmək kifayətdir ki, biz onu ən müxtəlif qiyafələrdə görək: bahalı maşınlar, lüks villalar, bozluq və boşluqdan başqa heç nə olmayan telekanallar şəklində.
Sadəcə, bir şərtlə. Ətrafımıza, həyatımıza baxıb həqiqətləri, reallığı görmək üçün yalnız göz kifayət eləmir. Bizim kimi total xof mühitinin hökm sürdüyü, qorxunun kütləviləşdiyi ölkələrdə görmə orqanı – həm də ürəkdir. Hə, əgər siz ürəkli, vicdanlısınızsa, yalnız onda ölkənizdə nə baş verdiyini, nə corablar hörüldüyünü, başınıza nələrin gəldiyini-gətirildiyini çılpaqlıqla görəcəksiniz.
Ürək yoxdursa, o ürək köksünüzdən vicdan abidəsi kimi asılmayıbsa, gözləriniz sizə düşdüyünüz bataqlığı, yuvarlandığınız uçurumu görməkdə kömək edə bilməz.
Uzaqbaşı AzTV-yə baxmağa yarayar o gözlər sizin üçün.
Türklər demiş, “iyi seyirlər!”.