İqtidar yedək partiyaları seçkiyə buraxmır
Azərbaycan hakimiyyətinin qarşıdan gələn prezident seçkisi ilə bağlı planları barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, hakimiyyət bu dəfəki seçkidə yedək partiyaları önə vermək niyyətində deyil. Iqtidarın nəzarətində olan partiya rəhbərlərinə bildirilib ki, onların seçkiyə qatılması məqsədəuyğun deyil.
Hakimiyyət ideoloqları bunun səbəbini belə izah ediblər ki, bu dəfə vəziyyət o qədər də ürəkaçan deyil. Əvvəlki seçkilərdə olduğu tam arxayınçılıqla saxtakarlıq etmək bir qədər çətin olacaq. Ona görə də hakimiyyət saxtakarlıqla yanaşı həm də real səs toplamağa ciddi diqqət vermək məcburiyyətindədir.
Yedək partiyaların rəhbərləri seçkiyə qatılacağı təqdirdə onlara da səs yazılması gərək olacaq. Lakin indi hakimiyyət üçün hətta 1 səs böyük əhəmiyyət daşıyır. Yedək partiyaların rəhbərlərinə yazılacaq səslər hakimiyyətin namizədinə üçün hava-su kimi lazım olacaq. Hakimiyyətdən həmin partiyaların rəhbərlərinə bildiriblər ki, seçkiyə qatılacaqlarsa, iqtidardan heç bir dəstək görməyəcəklər. Onlara seçki kampaniyalarını aparmaq üçün nə maliyyə yardımı ayrılacaq, nə də başqa köməklik edilməyəcək.
Məlumatlara görə, əksər yedək partiyaların rəhbərləri bundan məyus olublar. Çünki seçki onlar üçün sadəcə qazanc mənbəyi olub. Indisə bu qazancdan məhrum edilirlər.
İnformasiya şöbəsi