Nurəddin İsmayılov
Milli Şuranın və Ziyalılar Forumun üzvü, sabiq millət vəkili Gültəkin Hacıyeva qarşı təzyiqlər daha amansız və ədalətsiz formada davam edir. Rəsmilər, YAP funksionerləri, hakimiyyətin qəssabı rolunda çıxış edən üzdəniraq “jurnalist”lər dəstə bağlayıb bir ağızdan ona qarşı qara piar kampaniyası aparırlar. Nə varmış ki, Gültəkin xanım fərqli düşüncə sahibi, onların yaramaz siyasətinin ifşası rolunda çıxış edib.
Bu hakimiyyət belədir. Özündən olmayanları, onun mənfur siyasətinə boyun əyməyənləri nəinki qəbul etmək istəmir, hətta, yaşından, cinsindən, sosial mənşəyindən asılı asılı olmayaraq bu cür insanları repressiya maşını altında əzmək istəyir. “Bizdən deyilsənsə, düşmənsən” kimi idbar bolşevik təfəkkürü hakim kəsildiyi cəmiyyətimizi sarsıdır və minlərlə ləyaqət daşıyıcısını süngü hədəfinə çevirir.
Gültəkin xanım ləyaqətli bir Azərbaycan insanı və hakimiyyətin zorakı siyasətinə qarşı kəskin mövqedə duran tanınmış simadır. Bir vaxtlar təmsil olunduğu hakimiyyət komandasındakı haqsızlıqlar, yerlibazlıq, korrupsiya və rüşvətxorluq faktları onu ciddi narahat etmiş və o, bu komanda ilə bir yol getməyin mümkün olmadığını qətiləşdirib, müxalif qüvvələrlə, dayaqları hər gün sarsılmaqda olan bu rejimə qarşı birgə mübarizə yolunu tutub.
Məhz siyasi həyatının müxalif dövrü başlayan andan onun şəxsinə, ailəsinə, yaxınlarına qarşı təzyiqlər, təqiblər, təhdidlər və repressiyalar başlayıb. Bu təqiblərin, hədə-qorxuların kara gəlmədiyini görən zehniyyət sonda ona gözdağı olaraq 9 yaşlı, ana şəfqətindən qədrincə barınmayan oğul acısını yaşatmaq – balanı anadan ayırmaq kimi qəddar və sifarişli məhkəmə hökmünü təqdim etdilər.
Hər kəs bu hökmün sifarişli, qərəzli olduğunun və hakimiyyətin onu bu vasitələrlə tutduğu yoldan çəkindirmək məqsədi daşıdığını aydın başa düşür. Nə yaxşı ki, Gültəkin xanım bunların fərqindədir və açıqlamalarında, bəyanatlarında özünün və övladının vətən yolunda hər cür məşəqqətə hazır olduğunu, digər övlad açısı yaşayan analar kimi sinəsinə daş basıb mübarizəsini davam etdirəcəyini əminliklə ifadə edib.
Bəs hakimiyyətin bu qədər əndişə keçirməsinin səbəbi nədir və nəyə görə normal siyasi mübarizə aparmaq əvəzinə öz opponentlərinə qarşı siyasi repressiyalar tətbiq etməyə üstünlük verir. Aydın məsələdir ki, öz rəqiblərini zor gücünə siyasi səhnədən çıxarmaq siyasəti bütün avtoritar rejimlərin öz mahiyyətindən irəli gələn məsələdir. Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir və həmişə olduğu kimi hakimiyyətin bu seçkiləri total saxtalaşdırmaq planları ortadadır, onda saxtakarlıqlara rahat zəmin yaradan və cəmiyyəti xofda saxlamaq məqsədi daşıyan bu zorakı siyasətin haradan qaynaqladığı aydınlaşır.
Hakimiyyət mənsubları hesab edir ki, A.Ismayılov, Q.Məmmədov kimi tanınmış hüquqşünasları, I.Məmmədov, T.Yaqublu kimi siyasi fiqurları, gənc fəal “NIDA”çıları, dini inanc sahiblərini, Gültəkin xanım kimi hakimiyyətin qaba siyasətinə sinə gərən insanları həbsə atmaq, təhdid etmək, repressiyaya uğratmaq yolu ilə böyük çoxluqdan ibarət protest elektoratda xof yaradacaq və bu yolla toplumu susduracaqlar. Amma unudurlar ki, son dövrə “ərəb baharı” kimi daxil olan inqilabi hadisələr göstərdi ki, bu cür aşırı basqılar, antimilli siyasət izləmək bir qığılcımla alovlanan üsyanlara çevrildi və 40 illik diktator səltənətlərin axırına çıxdı.
Həbslərlə, repressiyalarla müşayiət olunan bu isterik hərəkətlərin, üşütmə və həyəcanların arxasında rejimin hakimiyyətlə vidalaşmaq qorxusu yatır. Iyirmi illik saxta siyasət onlara daxili məhəbbət qazandırmadığı kimi, beynəlxalq dəstəkdən də məhrum etdi. Hər bir hesabat, hər bir araşdırma bu hakimiyyətin insan hüquq və azadlıqlarına qarşı nə qədər biganə olduğunu, demokratik dünyanın çiynində ağır yükə çevrildiyini, yürütdüyü siyasətin nəinki öz millətinin əleyhinə, bütövlükdə insanlığa qarşı yönəldiyini isbatlayır.
Onlar başa düşməlidir ki, dünya siyasətini yürüdənlər o qədər sadəlövh deyil ki, dövləti yönədənlərin Avropa kürsülərindən ölkəsində insan haqlarının qorunması, demokratiyanın bərqərar edilməsi, siyasi dialoqun hökm sürməsi barədə verdiyi bəyanatlardan sonra, qayıdıb ölkə KIV-i qarşısında müxalif qüvvələri “antimilli”, “xain”, “satqın ünsürlər” adlandırmasının fərqində olmasınlar. Nə Qərbə yalançı meyillənmələr, nə Rusiyaya canatmalar, nə də xalq adına boğazdan yuxarı verilən bəyanatlar özünü doğruldur və ovunu hərisliklə udmağa amadə olan timsahın xislətini bilənlər artıq timsahın göz yaşlarına inanmaq istəmir.