Azər Mehtiyev: «Korrupsiyanın bu həddə çatmasında xırda məmurların demək olar ki, günahı yoxdur»
«Yuxarı pillələrdə ciddi dəyişiklik olmasa, aşağı səviyyələrdə atılan addımlar heç bir nəticə verməyəcək»
Hüquq-mühafizə orqanları Azərbaycan hakimiyyətinin antikorrupsiya tədbirləri çərçivəsində bir neçə məmuru istintaqa cəlb edib. Lakin bu məmurlar bələdiyyə sədrləri, hansısa dövlət qurumunun rayon şöbəsinin əməkdaşları səviyyəsindədir. Hələlik iri məmurlardan heç biri hökumətin hədəfinə tuş gəlməyib. Halbuki Azərbaycanda korrupsiyanın piramida üsulunda olduğunu, bu burulğanın istisnasız olaraq bütün dövlət qurumlarında yuxarıdan başladığını hər kəs bilir. Belə olan halda xırda məmurların cəzalandırılması nəyi həll edir?
Iqtisadçı-ekspert Azər Mehtiyev hesab edir ki, ölkədə korrupsiyanın bu həddə çatmasında xırda məmurların demək olar ki, günahı yoxdur: “Onlar korrupsiyanın ən aşığı səviyyəsində olan insanlardılar. Faktiki olaraq yuxarıdan verilən göstərişləri yerinə yetirirlər. Bu gün həyata keçirilən kampaniya heç də korrupsiyaya qarşı mübarizə deyil. Mübarizə görüntüsü yaradır və cəmiyyətə nümayiş etdirmək istəyirlər. Azərbaycanda korrupsiyanın kökləri daha dərindir. Ölkədə bütövlükdə idarəetmə sistemi korrupsion mexanizmə əsaslanır. Bunun da mənbəyi dövlət idarəetməsidir. Əgər bu sistemin yuxarı pillələrində ciddi dəyişiklik olmasa, aşağı səviyyələrdə atılan bu addımlar heç bir nəticə verə bilməz. Nəinki aşağı, hətta orta səviyyəli məmurların dəyişdirilməsi korrupsiyaya qarşı mübarizədə ciddi bir şeyə gətirib çıxara bilməz”.
A.Mehtiyev hesab edir ki, korrupsiya bu sistemin mahiyyətində olduğu üçün ona qarşı mübarizə də sistemli olmalıdır: “Bu, qısamüddətli yox, davamlı və uzunmüddətli bir prosesdir. Iqtisadi hakimiyyət siyasi hakimiyyətdən ayrılmalıdır. Siyasi hakimiyyət ölkə Konstitusiyasında və qanunlarda nəzərdə tutulduğu kimi, sahibkarlıqla məşğul olmağı dayandırmalıdır. Ikincisi, məhkəmələrin tam müstəqilliyi təmin edilməli, qanun qarşısında hər kəsin bərabər olması üçün addımlar atılmalıdır. Qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bir-birindən ayrılmalıdır. Iqtisadi sahədə monopoliya aradan qalxmalı və rəqabətin inkişafına şərait yaradılmalıdır. Insanların seçim imkanı təmin edilməlidir. Söz və mətbuat azadlığı təmin edilməli, vətəndaş cəmiyyətinin inkişafına şərait yaradılmalıdır”.
Gültəkin