Əliyevçi rejimin həbsə atdığı Yadigar Sadıqov Qarabağ əlilini döyməkdə ittiham olunur.
Əlbəttə, bunun qondarma bir ittiham olduğunu demək artıqdır.
Yadigar bəyi tanıyanlar onun nə qədər mədəni, ziyalı bir insan olduğunu bilirlər. Boş verin bir insana əl qaldırmasına, indiyədək kimsənin toyuğuna “kiş” deməsinə belə, inanmaq çətindir.
Amma bir halda ki, onu Qarabağ əlilinin qol-qıçını qırdı deyə, içəri atıblar, o zaman dünən saytlarda rastladığım bir şikayəti buradan Yadigar bəyin həbsinin sifarişçiləri və icraçıları ilə bölüşməsəm olmaz.
Bu şikayətin müəllifi də bir Qarabağ əlilidir – Zaur Həsənov.
Iki gündür məmur zülmünə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Bu Qarabağ əlilinin sözlərinə görə, onun hüquqları tapdalanıb, halal torpaq sahəsi əlindən alınıb (torpaq uğrundla döyüşüb sağlamlığını itirəsən, amma axırda öz halal torpağını da əlindən alsınlar – əsl yaptokratiya idarəçiliyi buna deyərlər!). Getdiyi hər yerdə çoxlu təzyiqlərlə üzləşib.
Qarabağ əlilinin şikayətçi olduğu şəxs kimdir? Deputat Səttar Mehbalıyev.
Zaur Həsənov torpaq icarəyə götürür, kiçik sahibkarlıqla məşğul olmağa başlayır, amma çox keçmir, deputat Səttar Mehbalıyevin təzyiqləri ilə üzləşir, məhkəmələrdə süründürülür.
2012-ci ildə Qarabağ əlilinin obyekti yerlə-yeksan edilir.
Bir müddət sonra kiçik biznesini yenidən bərpa etməyi bacarır.
Və bundan cəmi bir neçə gün sonra evinə getdiyi yerdə iki nəfərin hücumuna məruz qalır. Sitat: “Əl-qolumu bağlayıb atdılar məni maşının baqajına. 30-40 dəqiqə sonra maşın dayandı. Məni yerə salıb ölümünə döydülər. Yarımcan hala düşmüşdüm. Məni bu halda stula bağlayıb yenə döydülər. Dedilər ki, bax, səni narkotiklə basarıq içəri, ömürlük gedərsən, sən kimsən ki, bizim üçün, son sözünü de. Döyülməkdən halım yox idi. Dedim a kişilər, mən ermənidən qorxmadım, sizin qarşınızdamı əyiləcəm, sizin kimi dılğırdan qorxacam. Bu vaxt sifətimə daha bir yumruq zərbəsi gəldi, huşumu itirdim. Sonra ayıldım ki, ”Koroğlu” metrosunun yanındayam. Gətirib atmışdılar ora”.
Başına gətirilənlərlə bağlı indiyədək o Qarabağ əlilini kimsə dinləməyib.
Kimsə onun haqqına sahib çıxmayıb.
Indi də ədaləti aclıq aksiyası keçirərək tapmağa çalışır.
Istər-istəməz soruşmaq istəyir adam: bir müxalifət funksionerini, mədəni, dünyagörüşlü, aydın bir insanı “Qarabağ əlilini döymək” adı ilə həbsə atırsınız, bəs başqa bir Qarabağ əlilinin torpağını əlindən alanlar…
Obyektini yerlə-yeksan edənlər…
Onun əl-qolunu bağlayıb ölümünə döyənlər niyə cəzasız qalır? Sizin “ədalət”iniz bu zaman niyə təcəlla etmir?
Hüquq bu zaman niyə işləmir?
Işin içində özünüzdən biri olduqda niyə məsələnin üstü örtülür, malalanır, yada heç bir cəzalandırma-filan düşmür?
Və bütün bu təzadlar, çəlişkilər Yadigar Sadıqovun siyasi qisasçılıq qurbanı olduğunu, siyasi sifarişlə dəmir barmaqlıqlar atıldığını söyləmək üçün yetərli deyilmi, cənab yaptokratlar?!
Etiraz etməyin, etiraf edin!
Müğənni Ilhamə başqa bir müğənni Nazpərini məhkəməyə verib, onu 50 min manat cərimələtdirib.
Indi hətta rejim yandaşları da dilə gəliblər, etiraz edirlər ki, bu cərimə qərarı haqsızdır, ən azı ona görə ki, iki müğənninin saçyoldusunda təhqir edən Ilhamə, təhqir olunan Nazpəridir.
Halbuki bu adamlar ayıblarına kor olub susmalıdırlar, çünki sevimli hakimiyyətlərinin ölkədə məhkəmə sistemini necə məzhəkəyə çevirdiyinin isbatıdır bu.
Bir müxalifət liderinin oğlunun toyuna getdi deyə, bir müğənniyə telekanallara çıxmaq yasağı qoyulmasının…
Rejim yandaşları tərəfindən aşağılanmasının, suçlu, xain çıxarılmasının məntiqi nəticəsidir həmin məhkəmə qərarı.
Axı bütün o həngamələrdən sonra hansı hakimin ürəyi yetib Ilhamənin iddiasını rədd edər, Nazpəri lehinə qərar çıxarardı.
Etiraz etməyin, cənablar, etiraf edin ki, baş verən məlum rəzilliyin kökündə də sevimli hakimiyyətinizin ölkədə 37-ci il havası əsdirməsindən, müxalif birinə salam verəni belə məhşər ayağına çəkməsindən, məmləkətdə inkvizasiya mühiti yaratmasından başqa bir şey dayanmır.