DADP-nin hər iki qanadının rəhbərliyi Prezident Administrasiyasına çağırılıb
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) hər iki qanadının rəhbərliyi Prezident Administrasiyasına (PA) çağırılıb. Ilham Əliyevin namizdəliyini dəstəkləyən DADP-nin sədri Fatma Əliyeva iyulun 2-də, Mehriban Əliyevanın namizədliyini irəli sürən DADP-nin yetkilisi Sevda Xurşudova dünən PA-da olub.
Fatma Əliyeva “Azadlıq”a deyib ki, o, Mehriban Əliyevanın namizədliyini irəli sürən DADP barədə mətbuat konfransında səsləndirdiyi fikirlərə görə PA-ya çağırılıb: “DADP bizik. Sevda Xurşudova isə Gürcüstan vətəndaşıdır, Azərbaycanda siyasi fəaliyyətlə məşğul ola bilməz. Onlar DADP-nin adından təxribatla məşğuldurlar. Biz bu məsələyə aydınlıq gətirilməsini istəyirik. Onsuz da mən hüquq-mühafizə orqanlarına müraciət etmişdim. Prezident Administrasiyası da dövlət qurumudur. Çağırıblar getmişik və mən bildiklərimi yazılı formada onlara təqdim etmişəm. Bu məsələyə aydınlıq gətirilməlidir. Bizim bu təxribata aidiyyətimiz yoxdur. Biz bununla bağlı növbəti dəfə mətbuat konfransı keçirəcəyik və ictimaiyyəti geniş məlumatlandıracağıq”.
Sevda Xurşudova isə “Azadlıq”a bildirib ki, PA-da görüşünün təfərrüatları barədə danışmaq istəmir. O, bildirib: “Biz həmişə dövlətlə işləmişik. Çağırmışdılar getdik. Orada nə müzakirə olunduğunu açıqlamaq istəmirəm. Lakin onu deyə bilərəm ki, hər şey qaydasındadır, hər şey normaldır. Bizə heç kim təzyiq etmir. Biz öz işimizdəyik. Mehriban xanımın namizədliyi ilə bağlı təşəbbüsümüz də qüvvəsində qalır. Bu istiqamətdə iş gedir. Cümə günü saat 12-də mətbuat konfransı keçirəcəyik. Orada hər şeyi açıqlayacağıq”.
Azad