Azərbaycan rəhbərinin qaz sammitinə çağırılmaması və Putinlə telefon danışığının pərdəarxası
Dünən dövlət başçısı Ilham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu xəbər elektron mediada Kremlin mətbuat xidmətinə istinadən yayılıb. Yəni, rəsmi Bakı bu danışığın işıqlanmasını istəməyib. Heç bir rəsmi dövlət mediası bu xəbərə yer ayırmayıb. APA (xəbər agentliyi) isə Moskvadakı rəsmi qaynağın məlumatını yayıb.
Kremldən yayılan informasiya isə olduqca ümumi ifadələrlə diqqəti cəlb edib: “Iki ölkə arasındakı əməkdaşlıq və münasibətlər müzakirə olunub”.
Bundan az öncə isə Ilham Əliyevin Rusiyada keçiriləcək, qaz ixrac edən ölkələrin dövlət və hökumət başçılarının toplantısına dəvət almaması barədə məlumat yayılmışdı.
Beləliklə son iki gündə Rusiya və Azərbaycan arsında baş verən diplomatik qabarma-çəkilmənin səbəbi nədir?
İlham Əliyev niyə dəvət almadı?
Rusiyada planlaşdırılan tədbirin əsas mahiyyəti vahid qiymətin təyin oluması ilə dünya bazarında qazın satışına nəzarəti həyata keçirməkdir. Ilham Əliyev belə bir tədbirə dəvət almayıb. Görünür, ona görə ki, o, bu yaxınlarda TAP layihəsinin həyata keçməsinə dair razılıq verib və bununla da Rusiya ilə münasibətlərdə problem yaranıb. Kreml üçün qaz vasitəsilə Avropaya təsir imkanı əldə etmək çox önəmlidir, buna görə də Ilham Əliyevin bu monopoliya hasarından qapı açması Moskvanı qıcıqlandırıb.
Bu, bir tərəfdən ona görə faydalıdır ki, Azərbaycan rəhbərliyi hansısa məsələdə Rusiyanın iradəsi əleyhinə gedə bildiyini nümayiş etdirib. Digər tərəfdən isə görünür ki, Ilham Əliyev bu tədbirə dəvət almamasından narahatdır.
Putinlə “yumşaltma” söhbəti
Ola bilsin ki, elə Putinlə münasibətləri müəyyən mənada qaydasına qoymaq üçün Ilham Əliyev bu telefon danışığına ehtiyac duyub. Həm də Rusiyada keçirilən enerji tədbirinə Ilham Əliyevin dəvət almaması onu bu sahədəki partnyorların yanında da çətin vəziyyətə salmış olur. Çünki bu dəvəti qəbul edib Moskvaya gələn dövlət və hökumət nümayəndələri avtomatik olaraq, Kremlin “Əliyev nəzərə alınmır” mesajı ilə razılaşdıqlarını ortaya qoymuş olurlar. Bu mənada, xəbəri yayılan telefon söhbəti diplomatik xilas cəhdi kimi qiymətləndirilməlidir. Amma bu barədə hakimiyyətin rəsmi mediasında məlumatın olmaması da diqqətdən kənarda qalmır. Deməli…
Bu dəfə alınmadı…
Ilham Əliyevin Putinlə telefon danışığı rəsmi mediada özünə iki barmaq boyda yer tapmayıb. Zatən, bu xəbərin həcmi də elə bu qədərdir. Görünür, söhbət heç bir problemi həll etmədiyi üçün rəsmi Bakı belə bir cəhdin işıqlanmasında maraqlı olmayıb. Əksinə olsaydı, şübhəsiz ki, indi dövlət televiziyaları bu barədə hər saatın tamamında məlumatlar verərdi.
Beləliklə, aydın oldu ki, Rusiya və Azərbaycan hakimiyyətləri arasında münasibətlər elə bir gərginlik zolağına daxil olub ki, loru dildə desək, Ilham Əliyev öz ixtisasına dair tədbirə də dəvət ala bilməyib.