«Azərbaycan mətbuatında parçalanma ilə bağlı yazılanlar həqiqəti əks etdirmir»
Iyunun 28-də Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətının (“AzərRos”) iclası keçirilib. Modern.az saytı toplantıda qalmaqal yaşanması barədə məlumat yayıb. Saytın yazdığına görə, təşkilatın regional bölmələri toplantıya qatılmayıb, bu da “AzərRos”da parçalanmaların olması haqda məlumatların yayılmasına səbəb olub.
Saytın məlumatına görə, qurumun Federal Şurasının sədri Tahir Hacıyev vəzifəsindən istefa verib. Iclasa qatılmayan T.Hacıyevin bu qərarı ciddi rezonans doğurub. “AzərRos”un ən iri təşkilatları olan Sankt-Peterburq, Moskva vilayəti, Samara və Nijeqordoski təşkilatları Şuranın iclasına qatılmaqdan imtina ediblər. Iclas o təşkilatların rəhbərlərinin iştirakı olmadan keçib. Bu boykot Abbas Abbasovun iflası və “AzərRos”un parçalanması kimi qələmə verilir.
Yayılan məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün “AzərRos” rəhbərliyində təmsil olunan şəxslərlə əlaqə saxladıq. Əldə etdiyimiz məlumata görə, tədbirə üzrlü səbəbdən bir neçə şəxs qatılmayıb. Bu, həmin şəxslərin şəxsi işi və digər regionlara səfərləri ilə bağlı olub. Bütövlükdə isə tədbir normal keçib və heç bir qalmaqal yaşanmayıb. Qalmaqal və parçalanma ilə bağlı Azərbaycan mətbuatında, daha doğrusu hakimiyyətə yarınan saytlardakı məlumat isə həqiqəti əks etdirmir.
Fizzə