Bakıda Qlobal Fond HİV 2-ci faza layihəsi üzrə zərərin azaldılması proqramlarını həyata keçirən QHT-lərin idarəetmə və mühasibatlıq üzrə işçi heyəti toplanaraq bu ildən etibarən layihələrinin yeni mərhələsində tətbiq olunan yeniliklər və gələcək fəaliyyətin perspektivlərinə dair təlimə cəlb olunub. Qlobal Fond layihələrinin Layihə Əlaqələndirmə Bürosu (LƏB) və Zərərin Azaldılması Şəbəkəsi tərəfindən təşkil olunan təlimdə hazırda Fondun layihələrinin həyata keçirən 18 QHT-nin əməkdaşları iştirak edib.
Qeyd edək ki, layihələrin yeni mərhələsinə bu ilin aprel ayından başlanıb və ölkənin müxtəlif ərazilərini əhatə etməklə risk qrupları arasında HİV epidemiyasının yayılmasına qarşı maarifləndirmə və profilaktika işlərini həyata keçirir. Layihənin əsas resipiyenti Səhiyyə Nazirliyidir. Layihənin 2015-ci ilədək davam etdiricəyi nəzərdə tutulur. Bu ildən etibarən QHT-lər ölkə layihəsində sub resipiyent kimi iştirak edirlər. Yeni status QHT-lərin məsuliyyətini artırmaqla yanaşı, onların bilik və bacarıqlarının daha da artırılmasına və potensialının gücləndirilməsinə xidmət edəcək.
Təlimdə iştirak edən QHT rəhbərlərinə yeni layihələrinin idarə olunması və mühasibatlıq işləri ilə bağlı məlumatlar çatdırılıb, fəaliyyətlə əlaqədar tövsiyələr verilib, təşkilatların fəaliyyətində rast gəlinən standart problemlər müzakirə olunub. Təlimdə LƏB-dən Rəşid Vəzirov, Təranə Məmmədova, Fatimə Talıbova, həmçinin Zərərin Azaldılması Şəbəkəsinin katibliyi iştirak edib. Tədbir zamanı LƏB tərəfindən Fondun layihələrinin icra mexanizmləri – hesabatlılıq, monitorinq və qiymətləndirmə ilə bağlı təqdimat edildi, təlim iştirakçılarının sualları cavablandırıldı.
LƏB nümayəndələri təqdimatda bildiriblər ki, bu ildən etibarən Qlobal Fondun layihələri üzrə indikatorlar yenilənib və indiyə qədər verilən indikatorların sayı daha da artırılıb. Zərərin azaldılması layihələrindən faydalanan insanların sayının artırılması isə layihələrin əhatə dairəsinin genişləndirilməsi, işçi heyətinin gücləndirilməsi və bacarıqların təkmilləşdirilməsi yolu ilə həyata keçiriləcək. Bunun üçün təşkilatların üzərinə böyük məsuliyyət düşür, həm proqram, həm təşkilati işlər, sənədlərin tərtibatı tələblərə uyğun olmalı və nöqsanlar vaxtında aradan qaldırılmalıdır.
Təlimdə həmçinin Zərərin Azaldılması Şəbəkəsinin katibliyinin rəhbəri Rüfət Nəsibov çıxış edərək şəbəkənin fəaliyyəti, strateji planları, vəkillik və mentorluq sahəsində görülən işlər barədə məlumat verərək, şəbəkəyə üzv olan və olmayan QHT-lərlə əlaqələrin gücləndirilməsi, onların şəbəkə ilə sıx əməkdaşlığının davam etdirilməsinin vacibliyindən danışıb. Katibliyin rəhbəri əlavə edib ki, şəbəkənin institusional layihəsi çərçivəsində bir sıra fəaliyyətlər nəzərdə tutulur ki, bunların da arasında şəbəkənin potensialının gücləndirilməsi, təşkilatlar arasında əlaqələndirmə, informasiya mübadiləsi, superviziya və vəkillik daxildir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda şəbəkənin 24 üzvü var və onların bir qismi zərərin azaldılması layihələrində çalışır.
Təlimdə QHT nümayəndələri üçün praktik müzakirələr və təlimatlar çatdırılıb, zərərin azaldılması layihələrinin icraçılarına məlumat bazası, sənədlərin və digər elektron məlumatların işlənməsi qaydaları izah edilib. Bundan başqa, müxtəlif hədəf qrupları ilə işləyən təşkilat nümayəndələri tərəfindən qabaqcıl təcrübə ilə bağlı təlim iştirakçılarına məlumat verildi, autriç işin vəzifə və öhdəlikləri, autriç işi və mobil məntəqələr, HİV müayinəyə göndərişlər, sosial müşayiət və ARV müalicə ilə bağlı suallar cavablandırılıb.
Aytən