Hakimiyyəti darmadağın edən beynlxalq hesabat yayıldı; ölkə “ən avtoritarlar” siyahısındadır
Əli Kərimliyə qarşı cinayət işindən tutmuş, seçki saxtakarlığı, repressiya və korrupsiyaya qədər hesabatda yer alıb
«Bu ölkədə iqtisadiyyatın əsas sahələri prezident, ailəsi və bir qrup məmur-oliqarxlar arasında bölünüb»
“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı növbəti hesabatını açıqlayıb. Azərbaycan “Formalaşmış avtoritar rejimlər” qrupuna aid edilib. Bu qrupda Azərbaycanla yanaşı Rusiya, Tacikistan, Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistan yer alır. Ümumilikdə hesabatda 29 ölkə araşdırılıb. Hesabatda qeyd olunur ki, Azərbaycanda demokratiya sahəsində vəziyyət xüsusən 2004-cü ildən sürətlə pisləşir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Cənubi Qafqazdakı qonşularından geri qalır. “Freedom House” Gürcüstanı insan haqlarının durumuna görə “Avtoritarizmdən demokratiya keçid dövründə olan ölkələr” siyahısına salıb. Ermənistanda vəziyyət Azərbaycandan yaxşı, Gürcüstandan pisdir. Bu ölkə “Formalaşmaqda olan avtoritar rejimlər” qrupundadır.
Hesabatın Azərbaycana aid hissəsi kifayət qədər geniş olduğundan onu ixtisarla təqdim edirik:
Ilham Əliyev atasının repressiv siyasətini sərtləşdirdi
Azərbaycandakı avtoritar rejim bu ölkədə fərqli fikrə qarşı dözümsüzlük, vətəndaş hüquq və azadlıqlarına hörmətsizliklə xarakterizə olunur.
1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev sərt avtoritar rejim yaratdı. 2003-cü ildə hakimiyyəti miras alan Ilham Əliyev atasının idarəçiliyi dövründəki repressiv siyasəti daha da sərtləşdirdi. Neft gəlirləri vasitəsilə dövlətin təhlükəsizlik aparatı gücləndirildi, hakimiyyətin yerli və xarici tənqidçiləri susduruldu.
Ötən ilin mayında Bakıda keçirilən “Eurovision” musiqi yarışması bu ölkədə hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarına qarşı hörmətsizliyinə beynəlxalq diqqət baxımından bir fürsət oldu. Yarışma ərəfəsində vətəndaş cəmiyyəti fəalları müxtəlif aksiya və kampaniyalar təşkil etdi. Hakimiyyət isə buna yeni həbslərlə cavab verdi. Həmçinin icazəsiz etiraz aksiyalarında iştiraka görə cərimələr fantastik həddə artırıldı. Bütün bu addımlar müstəqil olmayan parlament və məhkəmə sisteminin əlilə həyata keçirildi.
Hökumətin korrupsiyaya qarşı mübarizəsi məsələsində də geriləmə qeydə alınıb. Deputat mandatı üçün rüşvət alınmasıyla bağlı qalmaqaldan sonra qanunvericiliyə dəyişiklik edilərək, informasiyaya çatımlılıq imkanları məhdudlaşdırıldı.
Dağlıq Qarabağ probleminin həllində də heç bir irəliləyiş yoxdur.
Neft gəlirləri və repressiyalara əsaslanan avtoritar idarəçilik ötən il də davam edib. Parlamentin işinin liberallaşdırılması istiqamətində heç bir addım atılmayıb.
1995-ci ildən bəri bütün seçkilər saxtalaşdırılıb
1995-ci ildə Konstitusiya qəbul olunandan bəri ölkədəki bütün seçkilər saxtakarlıqla, sərbəst toplaşmaq azadlığının pozulması, müxalifətdən olan namizədlərin hüquqlarının məhdudlaşdırılması, seçicilərin qorxudulmasıyla müşahidə olunub. 2009-cu ildə bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı, seçki kampaniyalarının dövlət vəsaiti hesabına maliyyələşdirilməsi ləğv olunub.
Azərbaycanda seçki prosesindəki problemlər barədə beynəlxalq təşkilatların, xüsusən ATƏT və Avropa Şurasının çoxsaylı tənqidləri olub. Məsələn, seçki komissiyalarında siyasi balansın qorunmaması, səsvermə zamanı “karusel” metodu, səslərin satın alınması, qutulara topa bülletenlərin doldurulması, etirazçılara qarşı repressiyalar və s. problemlər bu təşkilatların qəbul etdiyi sənədlərdə də öz əksini tapıb.
Hazırkı şəraitdə builki prezident seçkilərilə bağlı da irəliləyiş görünmür.
Hakimiyyətin tənqidçi jurnalistləri susdurmaq cəhdi
Azərbaycan qanunları söz və ifadə azadlığına təminat versə də, reallıqda vəziyyət başqadır. Azərbaycanda çalışan müstəqil jurnalistlər mütəmadi zorakılığa, hədə-qorxuya məruz qalırlar.
Tənqidçi jurnalistləri susdurmaq məqsədilə rejimin mediaya sistemli təzyiqləri ötən il də davam edib. Jurnalistlərə qarşı fiziki təzyiqlər, qarayaxma kampaniyası, cinayət təqibi, telekanal və radiolar üzərində nəzarətin daha da gücləndirilməsi, internetdə ifadə azadlığının məhdudlaşdırılması davam edir.
Ötən ilin ilk 6 ayında 32 jurnalist və onların yaxınları təzyiqlərlə üzləşib. Prezidentin ailəsinin biznesilə bağlı silsilə məqalələrin müəllifi olan araşdırmaçı jurnalist Xədicə Ismayılova qarayaxma kampaniyasına məruz qalıb. Onun evinə quraşdırılmış gizli kamera vasitəsilə lentə alınmış görüntülər sonradan internet vasitəsilə yayılıb. Elmar Hüseynov və Rafiq Tağının qətlilə bağlı cinayətlərin üstü hələ də açılmayıb.
Müstəqil mətbuatı susdurmaq üçün hakimiyyət tez-tez təhqir və böhtanla bağlı məhkəmə iddialarından istifadə edir. 2012-ci ilin təkcə üç ayı ərzində jurnalistlərə qarşı bu qəbildən olan 17 məhkəmə iddiası qaldırılıb. Ölkənin aparıcı müxalifət qəzeti “Azadlıq” yüksək məbləğdə məhkəmə cərimələri üzündən bağlanmaq təhlükəsilə üzləşib.
Azərbaycanda şəhər əhalisi üçün əsas məlumat mənbəyi internetdir. Amma internet də nəzarətdədir.
2012-ci ildə “Qasid” və “Qaya” kimi yayım şirkətlərinin köşklərinin bir hissəsinin yığışdırılması nəticəsində azad mətbuatın yayımı ağırlaşıb.
Bələdiyyələrin pulu və səlahiyyəti yoxdur
Konstitusiyada yerli özünüidarəetmə nəzərdə tutulsa da, reallıqda bələdiyyələr icra hakimiyyətinin əlavəsi kimi fəaliyyət göstərir. Bələdiyyələrin ciddi maliyyə və səlahiyyət çatışmazlığı var.
Qubada əhalinin etirazları icra başçısının vəzifədən uzaqlaşdırılmasıyla nəticələnsə də, polis etirazçılara qarşı zorakılığa yol verdi, son nəticədə jurnalistlər həbs olundu.
Əli Kərimlini susdurmaq üçün saxta cinayət işi
Azərbaycanda məhkəmələr ötən il də rejimin siyasi sifarişlərini yerinə yetirmək üçün alət olaraq qalıb. Hakim seçkisi müstəqil və obyektiv deyil, məhkəmələrdə peşəkarlıq çatışmır və bu sistem korrupsiya içində boğulur. Jurnalistlər, hüquq müdafiəçiləri və siyasi fəalların barəsində yalan ittihamlar, qondarma cinayət işlərilə bağlı siyasi motivli məhkəmə qərarlarının sayı artıb. Bundan başqa, məhkəmələr mühakimə olunanların hüquqlarına, qanunun tələblərinə hörmət eləmirlər.
Hakimiyyət rəqiblərini cəzalandırmaq üçün tez-tez hüquq-mühafizə orqanları və məhkəmələrdən istifadə edir. Ötən ilin yayında Bakı şəhər prokurorluğunda keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsilə bağlı cinayət işi başlandı. Amma Elçibəyin ailəsi də bu istintaq işinə qarşı çıxdı. Bu cinayət işində AXCP lideri Əli Kərimlinin adı hallandırıldı, onun mühafizəçisi həbs olundu. Bu cinayət işi məhz o vaxt qaldırıldı ki, Əli Kərimli Ictimai Palatanın mühüm fiquru kimi, Ilham Əliyevin üçüncü dövr prezidentliyinə qarşı etiraz aksiyalarının təşkilində ciddi rol oynayırdı. Bu cinayət işindən seçki ərəfəsində müxalifətə qarşı istifadə olunacağı istisna deyil.
“Nestle” rüşvət vermək istəmədiyi üçün Azərbaycandan getdi
Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biridir. Burada məmurlar çox nadir hallarda korrupsiyaya görə məsuliyyətə cəlb olunur. Xarici KIV-lərdə dərc olunan araşdırma materiallarından məlum olur ki, Ilham Əliyev və yaxınları böyük həcmdə aktivlərə sahib olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının bir neçə sahəsində monopolistdir.
Həmçinin “Azadlıq” radiosunun Ilham Əliyevin xanımı və qızlarının biznesi, o cümlədən telekommunikasiya və bank sahəsindəki payları, “Eurovision” yarışmasının keçirildiyi və büdcəyə 134 milyona başa gəlmiş zalın tikintisini həyata keçirən şirkətin əsas səhmdarı olması haqda araşdırmaları, Əliyevlər ailəsinin Dubayda mülkləri və s. məlumatların yayılmasından sonra qanunlara əlavə və dəyişikliklər edilərək, bu ölkədə şirkətlər və mülkiyyətlə bağlı məlumatlar sirr hesab olundu.
2012-ci ildə “Nestle” şirkəti Azərbaycanla ticarət əlaqələrini dayandırdı. Məlumata görə, bu addıma səbəb Azərbaycan gömrüyündəki korrupsiya olub. Şirkət rüşvət verməkdən imtina edib.
Parlament seçkisi ərəfəsində deputat mandatı üçün rüşvət alınmasıyla bağlı yayılan video ciddi qalmaqala səbəb oldu. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev əlindəki videomaterialları yaydı. Bunların ən səs-küylüsü isə keçmiş deputat Gülər Əhmədova, Sevinc Babayeva və Elşad Abdullayevin söhbətinin videolenti idi. Həmin videoda Elşad Abdullayevdən deputat mandatı əldə edə bilməsi üçün 1 milyon dollar istənilir. Həmçinin söhbətdə Azərbaycanın ən tanınmış siyasətçilərindən biri, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevin də adı hallanır. Video yayılandan sonra Gülər Əhmədova deputat mandatını itirdi, Sevinc Babayeva isə Türkiyəyə qaçdı və orada müəmmalı şəkildə dünyasını dəyişdi.
Azərbaycanda sosial partlayış gözlənilir
Azərbaycanda maaş və pensiyalar da həddindən artıq aşağıdır. Bu ölkədə sosial vəziyyətin pis olmasıyla əlaqədar xalq etirazları gözləniləndir. Rejim bu cür təhlükələrin qarşısını almaq üçün güc strukturlarına büdcədən ayrılan vəsaitin həcmini artırır.
Baxmayaraq ki, Konstitusiyada hakimiyyətin bölgüsü öz əksini tapıb, reallıqda icra hakimiyyəti həm parlament, həm də məhkəmə üzərində hökmranlıq edir. Parlamentdəki 125 deputatın hamısı nəzarətdədir. Ən böyük müxalifət partiyaları olan AXCP və Müsavatın bircə üzvü də parlamentə buraxılmayıb. Azərbaycan ictimaiyyətinin parlamentdə qəbul olunan qərarlara heç bir təsir imkanı yoxdur.
2001-ci ildə Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutunun yaradılması müsbət addım olsa da, bu qurum müstəqil deyil.
Iqtisadiyyatın əsas sahələri demək olar ki, prezident və ailəsi, eləcə də bir qrup məmur-oliqarxlar arasında bölünüb.
Neft uğursuzluğu
Bir sıra ekspertlər hesab edir ki, Azərbaycanın təbii ehtiyatları, coğrafi mövqeyi, transmilli layihələrdə rolu ona geosiyasi əhəmiyyət verir ki, bu da ölkədə baş verənlərə beynəlxalq tənqidləri yumşaldır. Nəticədə hakimiyyət ölkədə vətəndaşlarla istədiyi kimi davranmağa, fərqli fikirləri boğmağa cəsarət edir.
Rejim demək olar ki, neftdən asılıdır. Neftin qiymətinin, həmçinin hasilatın əhəmiyyətli dərəcədə azalması ÜDM-in də kəskin düşməsinə səbəb oldu. Baxmayaraq ki, Ilham Əliyev bu azalmaya görə beynəlxalq şirkətləri ittiham etdi, amma bu tənəzzül açıq-aşkar ölkədəki bürokratiya, beynəlxalq razılaşmalarda korrupsiya, qeyri-neft sektoruna investisiyaların qarşısını alan monopolist maraqların nəticəsidir.
Zəif iqtisadi göstəricilər və uğursuzluqlara görə də 2012-ci ildə büdcənin formalaşdırılması üçün əslində, neft gəlirlərini gələcək nəsillər üçün qorumaq məqsədilə yaradılmış Neft Fondundan 12 milyard 538 milyon dollarlıq transfer həyata keçirildi.
Siyasət şöbəsi