Kreml üçün Azərbaycan hakimiyyətini qorumaq daha böyük itkidir
Obama ilə İlham Əliyevin görüşünü xatırlayıram. 2010-cu ilin sentyabrından söhbət gedir. Obama BMT-nin Baş Assambleyasındakı çıxışında diktatorları açıq hədəfə aldı. ABŞ Dövlət Departamenti isə görüşdən sonra dialoqun Obamanın Baş Assambleyadakı çıxışı kontekstində olduğunu açıqladı. Bunu niyə xatırlayıram? Indi bəzi hakimiyyət qrupları belə fikir yaradırlar ki, guya Ilham Əliyev qərbpərəsdir. Hətta o həddə ki, Obama Ilham Əliyevin öz postunda qalması üçün Putindən razılıq almaq istəyib.
Bütün bunlar, əlbəttə, ciddi adamların diqqətini ancaq gülmək üçün cəlb edir. Amma belə fikir yaratmaq cəhdi hakimiyyətin istila etdiyi kürsüdən qopmaq istəmədiyinin göstəricisidir. Elə buna görə də biz bir neçə maraqlı tarixi faktı xatırlatmaq istəyirik ki, hörmətli oxucumuz bir daha öz həqiqi yaddaşını təzələsin.
Salamsız əməkdaşlıq…
İlham Əliyevin sonuncu dəfə dünya siyasətində həlledici rola malik olan hansı dövlətə rəsmi səfəri olub? Bunu heç onun özü də xatırlamaz. Çünki bu çox uzaq tarixdə baş verib. Amma Ilham Əliyevin dəvəti ilə Azərbaycana səfər edən bir sürü Qərb ölkələrinin sabiq vəzifəlilərinin adlarını çəkmək olar. Onlar isə ölkələrində artıq karyeralarını başa vurub, loru dildə desək, Ilham Əliyevin bu vəziyyətindən istifadə edib beş-on milyon “qopartmağa” gəlirlər. Amma heç bu sabiqlərin gəlişi də asan olmur. Onlardan bir çoxu Ilham Əliyevlə görüşdükləri üçün öz ölkələrində topa tutulurlar. Ingiltərə sabiq baş naziri Toni Bleyer hətta aldığı mühazirə haqqını bu qınaqlar nəticəsində Azərbaycan hökumətinə qaytarmağa məcbur oldu.
Gəliş üçün gediş resepti
Sabiqlərdən Heydər Əliyev də istifadə edirdi. O, hakimiyyəti ələ keçirdiyi ilk illərdə başqa ölkədə QHT rəhbəri olmuş adamları Azərbaycanda təmtəraqla təqdim edib deyirdi ki, guya onu xaricdən dəstəkləyirlər. Ilham Əliyev də eyni addımalrı atır, amma fərq budur ki, o, Heydər Əliyevin gəldiyi yolla sadəcə, qayıdır. Atasının hakimiyyətə gələrkən etdiyini o, hakimiyyətdən gedərkən edir.
Kreml öz övladlarını “yeyir”
Biz uzun illərdir ki, çalışırıq Ilham Əliyevi Rusiyadan ayıraq. Unutmusunuzmu, Vladimir Ruşaylo – qəddar KQB zabiti – MDB-nin icraçı katibi qismində 2003-də, 2005-də Azərbaycan xalqının azadlıq eşqini qanla boğdu. Ilham Əliyev üçün bizimlə savaşdı. Amma indi, zəlzələdən-vəlvələdən, Kreml bunu etmir, etməyəcək. Bundan kim narahat olur? Ramiz Mehdiyev və komandası, Ilham Əliyev və qrupu. Indi vəziyyət o qədər gərgindir ki, kimin hansı yolda olduğunu deməyə gərək yoxdur, hər kəs həyəcan anında ana dilində bağırdığı kimi, özünü həqiqi yoluna atır. Məlum olur ki, bəyan edildiyi kimi deyilmiş. Kreml Ilham Əliyevdən üz döndərib. Bu onun adətidir. Səddamı da tək qoydular, Qəzzafini də. Hələ Əsəd necə olacaq, onu bilən yoxdur.