Nə imiş, əfəndim, Nüşabə Ələsgərli jurnalistləri təhqir edibmiş, “düdük” deyibmiş. Dörd tərəfdən üstünə düşüb hər kəs bu müğənniciyəzin. Əflatun Amaşov belə cürətlənib, dil açıb, asıb-kəsir Nüşabəni.
Amma kimsə ona bu qədər “qaz” verən səbəb haqqında danışmaq istəmir. Axı Nüşabə Ələsgərli başqa planetdən gəlməyib, o da bu ölkənin vətəndaşıdır və bu ölkədə jurnalist qiymətini, daha doğrusu, qiymətsizliyini, dəyərsizliyini gözəl bilir. Görür, qəzetləri yıxıblar, bir tərəfdən də o balta vurur. Təəccüblü nə var bunda? Hələ biz bu xanıma minnətdar olmalıyıq ki, indiyədək hansısa baş redaktorun üzünə durmayıb. “Düdük” deyib, böyük iş olmayıb ki… O da başına beş-on qaçqın yığıb jurnalist tutdursa, neyləyərdik?
Ümumiyyətlə, yığışdırmaq lazımdı belə komediyaları. Səbəbi qoyub nəticəylə əlləşməkdən vaz keçmək lazımdır. Məmurlarına “mən qəzetlərin yazdıqlarına əhəmiyyət vermirəm, siz də əhəmiyyət verməyin” deyə bilən… indiyədək öz ölkəsinin jurnalistlərinə bir müsahibəni belə çox görən… taxta oturandan sonra ölkənin iki ən tirajlı qəzetinin redaksiyasını möhürlətdirən, birini yerli-dibli qapadıb, digərini də küçələrə salan… Elmarın qatillərinin, bu qətli sifariş edənlərin əlini-qolunu sallaya-sallaya azadlıqda dolaşmasına göz yumub, Elmarın həmkarlarını bir-birinin ardınca dəmir barmaqlıqlar arxasına göndərən… Avropa Məhkəməsinin “dərhal azad edin” qərarı çıxarmasına rəğmən bir baş redaktoru hələ də şəxsi hikkəsi ilə həbsdə çürütməyi zövq halına gətirən bir zehniyyət qarşısında dilini dinməz yerinə qoyub, hansısa müğənniciyəzi görüncə bülbülə dönmək, dil-dil ötmək qəhrəmanlıq deyil, rüsvayçılığın, nadanlığın taa özüdür!
“Müstəqil deputat”ın yuxarı boylanması
“Bizim Yol” qəzeti Murovda dəhşətli əsgər qətliamının baş verdiyi hərbi hissəyə deputatların niyə baş çəkməməsi barədə maraqlanıb. Qəzet əməkdaşının bu barədə ünvanladığı suala Vahid Əhmədov belə cavab verib: “…Əgər təşəbbüs olarsa, mən getməyə hazıram. Burada heç bir problem yoxdur”.
Niyə yoxdur, Vahid müəllim, problem var. Həm də yekəsindən… Allah qoymasa, siz parlamentdə müstəqil deputat deyilsinizmi? Elə isə nə üçün özünüz bu təşəbbüsdə bulunmursunuz? Nə üçün təşəbbüsü başqalarından gözləyirsiniz? Müstəqil deputat olmağınız nədir, başqasından təşəbbüs, izn, icazə gözləməyiniz nə?
Barı bundan sonra biz “o parlamentdə müstəqil deputat yoxdur, hamı bir adamın iradəsinə tabedir, bir adamın iki dodağının arasından çıxan sözə bənddir” deyəndə inciməyin, yeri-göyü bir-birinə qatmayın. Necə müstəqil olduğunuz dediklərinizdən gün kimi aydındır.
Mübarəkin heykəli ilə nə etməli?
Hakimiyyət hələ də Xırdalanda Mübarəkin heykəlini göz bəbəyi kimi qoruyur. Heykəlin ətrafı əlində krossvord qəzetlərini dolduran, blutuzla bir-birinə “Kurdlar vadisi”nin musiqilərini göndərən polislərlə doludur.
Dünən heykəlin olduğu parkın yanından keçirdim, bir yaşlı kişinin böyründəki qadına dediklərinə istəmədən qulaq müsafiri oldum. Ağsaqqal elə belə də deyirdi: “Guya camaat Mübarəkin heykəlini yıxsa əlinə nə gələcək? Yıxası olsa, elə öz Mübarəkimizin heykəlini yıxar də…”.
Orası doğrudur, amma belə düşünənlər sonunadək haqlı sayılmaz. Əslində yaptokratlar da bilir ki, bu heykəl biabırçılığından qurtulmağın ən asan yolu onun yıxılmasına şərait yaratmaqdır. Hətta özləri də əldəqayırma partiyalarından birinin üzvlərinə təşkil elətdirə bilərlər bunu. Sonra da çıxıb, “biz neyləyək, xalq uçurdu” deyərlər, iş olub bitər.
Ancaq istəmirlər. Çünki kimə aid olursa olsun, istənilən halda bir heykəlin yıxılması presedentdir. Əliyevçi rejim üçün zərərli bir ənənənin başlanğıcıdır. Bu gün Mübarəkin heykəlini yıxmağa imkan verərlər, xalqın ayağı yer alar, sabah öz ucaltdıqları heykəllər bir-birinin ardınca yıxılmağa başlayar. Bundan qorxur bizim yaptokratlar, ona görə də göz bəbəyi kimi qoruyurlar Mübarəkin heykəlini.
Qorusunlar, qorusunlar, zatən biz də elə fikirləşmirik ki, bu ölkədə heykəlləri yıxmağa Mübarəkdən başlamaq lazımdır…