Müzəffər Baxış: «Cəzanın verilməməsinin əsas səbəbi əksər qərarların sifariş əsasında qəbul olunmasıdır»
«Hakim deyər ki, sifariş etmişdin, mən də sifarişini yerinə yetirmişəm»
Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması, məhkəmələrin sifarişli hökm çıxarması son illər Avropa Məhkəməsinə edilən müraciətlərin sayının artmasına gətirib çıxarıb. Bu müraciətlərin sayı mindən artıqdır. Bunların arasında mülkiyyət və digər hüquqlarının pozulması ilə yanaşı, parlament seçkiləri zamanı baş verən saxtakarlıqlarla bağlı olan şikayətlər də yer alır.
Bir çox hallarda Azərbaycandan daxil olan müraciətlər şikayətçinin xeyrinə həllin tapır və Azərbaycan hökumətinin zərərçəkmişə kompensasiya ödəməsi ilə bağlı qərar çıxarılır. Bu kompensasiyaların məbləği isə 10, 30, bəzi hallarda 50 min avro təşkil edir. Məsələn, 2005-ci il parlament seçkilərində qalib gələn, lakin MSK-nın qərarı ilə mandatdan məhrum olan Flora Kərimovanın iddiası əsasında çıxarılan qərara əsasən, Azərbaycan hökuməti cavabdeh kimi ərizəçiyə maddi zərərə görə 50.000 avro həcmində kompensasiya, bundan əlavə, mənəvi zərərə görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödəməli oldu. Bundan əvvəl Avropa Məhkəməsi AXCP üzvü Nemət Əliyevin şikayəti üzrə analoji qərar qəbul etmişdi.
Sabiq səhiyyə naziri Əli Insanovun iddiası ilə bağlı çıxarılan qərara əsasın, Azərbaycan hökuməti 10 min avro məbləğində kompensasiya ödəməlidir.
2003-cü ildə prezident seçkisindən sonra – oktyabrın 16-da Bakıda keçirilən mitinqdə iştirakına görə həbs olunan şəxslərin şikayətləri ilə bağlı çıxarılan qərara əsasən Azərbaycan dövlətini ümumilikdə 104 min 400 avro cərimələnib. Bu, Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların az bir hissəsidir. Azərbaycan hökumətinin yüz minlərlə avro kompensasiya ödəməsinin əsas səbəbi isə Azərbaycan məhkəmələrinin çıxardığı ədalətsiz hökmlərdir. Şübhəsiz ki, məhkəmələrin qərarı ədalətli olsaydı, vətəndaşlar Avropa Məhkəməsinə üz tutmazdı və Azərbaycan hökuməti iri məbləğdə cərimələr ödəməzdi. Burda diqqət çəkən məqam Azərbaycan hökumətini çətin duruma salan hakimlərdən heç birinin cəzalanmamasıdır. Faktiki olaraq bu şəxslər ölkəyə külli miqdarda maddi ziyan vurur. Belə olan halda onların cəzalanmaması nə ilə bağlıdır?
Tanınmış hüquqşunas Müzəffər Baxış 1997-ci ilin iyunun 10-da qəbul olunan Məhkəmələr haqqında Azərbaycan Respublikası qanununun 111-ci maddəsində hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsaslarının göstərildiyini xatırlatdı. O əsaslardan birində Avropa Insan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycan məhkəmələrinin qərarlarının, hökmlərinin, qərardadlarının insan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının müddəalarına uyğun olmaması ilə bağlı həmin qərarların ləğv edilməsi göstərilir. Yəni o qanunun tələblərinə görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinin qəbul etdiyi qərarlar sonradan Avropa Insan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqları və əsas azadlıqları haqqında Avropa konvensiyasının müddəalarına uyğun olmayanda Mülki Prosessual və Cinayət Prosessual Məcəllənin tələblərinə görə, həmin işlər yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılır. Ali Məhkəmənin plenumunda bu işlərə baxılır və yenidən baxılması üçün məhkəmələrə qaytarılır. Bundan əlavə, Azərbaycan dövləti adından həmin qərardan ziyan çəkmiş şəxslərə kompensasiyaların ödənilməsi barədə qərarlar qəbul olunur və bununla da əslində Azərbaycan büdcəsinə ziyan dəyir.
M.Baxış hakimlərin qanunda göstərildiyi kimi intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı təkliflər etdiyini də bildirdi: “Biz bir neçə dəfə bununla bağlı təklif də etmişik. Qanunda varsa, nəyə görə bu hakimləri intizam məsuliyyətinə cəlb edilmir. Bizim araşdırmalarımız belə bir qənaətə gəlməyə əsas verir ki, qərarları Avropa Insan Hüquqları Məhkəməsi tərəfindən insan hüquqları və əsas azadlıqları haqqında Avropa konvensiyasının müddəalarına uyğun olmayan hakimlər bu qərarları hakimiyyət tərəfindən verilən siyasi sifariş əsasında çıxarıb. Yəni hakimlər həmin siyasi sifarişi canla-başla yerinə yetiriblər. Həmin qərar konvensiyaya uyğun hesab edilməyəndə və Azərbaycan dövləti bununla bağlı zərərçəkmiş şəxslərə kompensasiya ödəyəndə o hakimlərə qarşı intizam icraatı başlaya bilmir. Çünki hakim deyəcək ki, sənin nə haqqın var mənim barəmdə intizam icraatı başlayasan. Sən elə özün mənə sifariş etmişdin, mən də sifarişini yerinə yetirmişəm. Cəzanın verilməməsinin əsas səbəbi əksər qərarların sifariş əsasında qəbul olunmasıdır. Ola bilər müəyyən qərarlar sifariş əsasında deyil, hakimin şəxsi marağından irəli gəlib, rüşvət alıb, yaxın adamı tapşırıb. Yaxud hakimin kiminləsə münasibətləri yaxşı olub, bu səbəbdən qanunsuz qərarlar qəbul edib. Belə qərarlara görə də hakimlər barəsində intizam icraatına başlamırlar. Çünki hakimlər onlara deyir ki, çoxlu siyasi sifarişlərinizi yerinə yetirmişəm, birini də özüm üçün eləmişəm”.
Ekspertin sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti mövcud deyil. Əgər müstəqil məhkəmə hakimiyyəti mövcud olsaydı, Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası qanunun 111-ci maddəsinin müəddaları dəqiq tətbiq edilsəydi, həmin hakimlər intizam icraatına cəlb edilərdi və onların hakim səlahiyyətinə xitam verilərdi. Hətta Azərbaycan qanunvericiliyində belə bir müddəa nəzərdə tutulardı ki, hər hansı hakimin qərarlarından Avropa Insan Hüquqları Məhkəməsi tərəfindən konvensiyaya uyğun olmaması barədə qərar qəbul edilərək xitam veriləndə dövlətin ödəməli olduğu kompensasiyalar hakimdən tələb edilsin və dövlət büdcəsinə ödənilsin. Belə olan halda hakimlər belə qanunsuz, əsassız qərarların qəbul edilməsindən çəkinərdilər və Azərbaycanda heç olmasa müstəqil məhkəmə hakimiyyətinin ilk pillələri qurulardı.
Fizzə