Beynəlxalq Inkişaf Agentliyinin deputata verdiyi qrantlar avtoritarizmə xidmət edir
Xəbər verdiyimiz kimi ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalı ABŞ Beynəlxalq Inkişaf Agentliyini (USAID) tənqid edib. Jurnal USAID-i Azərbaycana ayırdığı vəsaitlərin sadəcə Amerika vergi ödəyicilərinin pullarının göyə sovrulması kimi dəyərləndirib.
“Məsələn, Azərbaycanı götürək. Ölkə 1991-ci ildə müstəqilliyini əldə edib. ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyi (USAID) bu ölkənin bir qədər demokratikləşməsi üçün proqramların maliyyələşməsinə indiyə qədər 55 milyon dollar vəsait xərcləyib. Amma Əliyevlər ailəsi – əvvəl ata Heydər Əliyev, ardınca da oğul Ilham Əliyev 1993-cü ildən bu günə qədər hakimiyyətdədir. Bu rejim satirik videolara görə gəncləri həbsxanalara salır, vətəndaş cəmiyyətinə qarşı sərt qaydalar tətbiq olunur, yüzlərlə dindara ”ekstremist” damğası vurulur və nəhayət, bu ölkədə keçirilən seçkilərin heç biri beynəlxalq standartlara cavab verməyib.
Bütün bunlara baxmayaraq, USAID 2007-2011-ci illərdə “Azərbaycan parlamentinin effektivliyinin artırılmasına” 5 milyon 600 min dollar vəsait ayırıb. Acınacaqlısı budur ki, Azərbaycanda parlament heç vaxt şəffaf seçki ilə formalaşmayıb. Azərbaycan parlamentində müxalifət yoxdur. ABŞ-ın Azərbaycandakı səfirliyi də ölkədə 2010-cu ildə keçirilən son parlament seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib”, – deyə jurnalda vurğulanır.
Məlumat üçün deyək ki, USAID-in Azərbaycanla bağlı fəaliyyətindən yerli vətəndaş cəmiyyəti institutları da narazıdır. Səbəb isə agentliyin əsasən hökumətyönlü QHT-lərlə işləməyə üstünlük verməsidir. Hətta bir il əvvəl bir qrup hüquq müdafiəçisi USAID-i sərt tənqid etmişdi. Həmin vaxt bəlli olmuşdu ki, agentlik deputat Əli Hüseynovun sədri olduğu Azərbaycan Hüquqşünaslar Konfederasiyasına 1.5 milyon dollar qrant vermişdi. Bu isə müstəqil QHT-lərin haqlı narazılığına səbəb olmuşdu. Ümumiyyətlə, USAID-in layihələrində Əli Hüseynova xüsusi diqqət göstərildiyi bildirilir. Bəs Əli Hüseynov kimdir? Iqtidaryönlü deputat, qanun layihələrində əksər mürtəce dəyişikliklərin müəllifi. Bu halda “Foreign Policy”i qınamaq mümkün deyil. Mümkündür ki, jurnal da USAID-in “1.5 milyonluq qalmaqalı”ndan məlumatlıdır. Elə buna görə də agentliyi hədəfə seçib və haqlı olaraq ABŞ vergi ödəyicilərinin pullarını havaya sovrulduğunu, avtoritarizmə xidmət etdiyini vurğulayıb.
Azad