Mübarizəmizin “pasportu” olan “pasport mübarizəsi” barədə
1994-cü ilin sentiyabrında- mənim on iki yaşım olanda, İlham Əliyev Türkiyədə dəri-“kurtka” biznesi ilə uğraşanda, Heydər Əliyev bütün ölkəni susdurmaq planını həyata keçirəndə AXC sədrinin müavini Əli Kərimov sanksiyalaşdırılmamış mitinqdə həbs edilib. Üzərindən F-1 qumbarası “aşkarlanıb”. Azərbaycan respublikası baş prokurorluğu bu olaya görə cinayət təqibi başlayıb. Əli Kərimov bir neçə gün sonra azadlığa çıxsa da lap sonralar məlum oldu ki, həmin cinayət işinə xitam verilməyib.
Əslinə qalsa həmin vaxt da , ondan sonraki bütün zamanlarda da Əli Kərimlinin üzərində və ətrafında “bomba”lar olub. Amma hakimiyyət aşkarladığı “partlayıcı”nın xarakterini bilmədiyi üçün Əli Kərimlini “zərərsizləşdirməkdə” uğur qazana bilmədi. Düzdü bu əməliyyat o gənc siyasətçiyə sonradan ümumvətəndaşlıq pasportunun verilməməsi üçün əsas tutuldu. Onun bu pasport mücadiləsi uzun bir zaman aldı və hələ də davam edir.
Əslində Əli Kərimlinin özünə almaq istədiyi pasport həm də böyük bir yeni siyasi nəslin mübarizəsinin pasport savaşıdır. Azərbaycanda Əliyevlərin sülalə hakimiyyətini pasportlaşdırmaq istəyən qüvvələrə qarşı bu sülaləni millətin və dövlətin başından ataraq həqiqi milli kimliyimzi qalib etmək uğrunda çarpışan böyük bir fədakar nəslin mübarizəsi də hələlik pasportsuzdur. Nə qədər ki, azadlıqlar və həqiqətlər uğrunda döyüşənlərin “Ümumxalq pasportu” yoxdur o çağa kimi ayrı ayrı seçilmiş liderlərin də ümumvətəndaş pasportu olmur. Bu bir halda özünü pasportsuzluqda, başqa hallarda ev dustaqlığında, sürgündə olmaqda, bir sözlə, hər bir diktaturanın fantaziyasına və qəddarların qorxaqlığına adekvat üsullarda özünü göstərir.
Əli Kərimlinin üzərindəki bomba vaxtında “aşkarlanmışdı”. Mənə də elə gəlir ki, Heydər Əliyev dəqiq zamanınada təhlükəni görmüşdü. O, bir Sovet KQB əməliyyatçısı kimi işin “öhdəsindən gəldi”. Amma bir siaysətçi kimi anlamadı ki, əsl “bomba”ları zərərsizləşdirə bilməyib və buna görə də Əli Kərimlinin ətrafındakı partlayışlar birmənalı şəkildə bütün qəlpələrini hakimiyyətin özünə sancdı.
Əli Kərimli ev dustağıdır…
Bundan əvvəlki tarixdə də belə hadisələr olub. Hətta bu günümüzün İranında, Çinində belə faktlar yaşanmaqdadır. Siyasi liderləri qeyri rəsmi ev dustaqlığı şəraitində saxlamaq qorxaq və gözükölgəli siyasi sistem idarəçilərinin əski gələnəyidir. Bir insanın azadlığından qorxmaq daxilən dustaq olmaqdan başqa bir şey deyil və elə ona görə də Əli Kərimlnin fəaliyyətini məhdudlaşdırmaq üçün İlham Əliyevin niyə bu üsulu seçdiyi aydındır. Əgər İlham Əliyevin bir televizya ekranında canlı efirdə Əli Kərimli ilə qarşılaşmaq imkanı olsaydı (xatırladım ki, 2001-ci ilin fevralında parlamentdə Qarabağ münaqişəsinə dair açıq dinləmədə Heydər Əliyev Əli Kərimli ilə qarşılaşmasından ciddi siyasi travma aldı və bu, hökumət üçün ciddi bir dərs oldu) , ya da Əli Kərimlnin ictimai tədbirlərdə səsləndirdiyi arqumentlərə, tənqidlərə bir balaca dözümlü və tutarlı cavab vermək potensiyalı olsaydı, yaxud bu iyrənc siyasi metodolojinin davamı olaraq dünya ilə bütün körpüləri yandırmasdaydı Əli Kərmlinin dünyaya çıxışını məhdudlaşdırmaq nəyə lazım idi ki… Bir sözlə, İlham Əliyev siaysətçi olsaydı bütün bunlar olmamalı idi və çox təssüf ki, bizim siaysi rəqibimiz siyasətçi deyil.
Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın qərargahı zorla əlindən alınıbsa, ona yaxın olan insanlara böyük pullar sərf edilərək sıradan çıxarılırsa, onun dünyaya çıxış imkanını məhdudlaşdırmaq üçün pasportu verilmirsə, bu, özü dırmaşa bilməyənin başqasının ayağından dartmasıdır. İlham Əliyevlə Əli Kərimlinin arasındaki siyasi məsafə fərqi də elə bu qədərdir… İlham Əliyev ona ayağndan dartacaq qədər yaxınlaşa bilib. Bu məsafənin belə böyük olmasına səbəb isə yuxarıda dediyim kimi, AXC-li gəncin siyasət meydanını xilas etmək savaşı verdiyi zamanlarda, YAP-çı varisin nəyinki siyasətdən, hətta ölkədən uzaqlarda olmasıdır. Başqa tərəfdən isə heç kim təkzib etməyə cəhd etməz ki, Əliyevlər bu mənada həm də Azərbaycan xalqının ayağından dartmaq, onu inkişafdan və gələcəkdən saxlamaq funksiaysını yerinə yetirirlər. Buna görə də gələcəyə aparanın yolunu və qolunu bağlamaq siyasəti yürüdülür. Bu, uzaq mənzili və böyük yükü olan qatarın lokamativini sıradan çıxarmaq cəhdidir.
Əli Kərimlinin cinayətləri…
Azərbaycan xalqı bilməlidir ki, hakimiyyət bu müxalif liderə qarşı ittihamlarında heç də haqsız deyil. Hazırki siyasi sistemin tələblərinə görə hətta 2008-ci ilə kimi Əli Kərimlini fiziki olaraq məhv etmək lazım idi. (Buna bir neçə üsullarla cəhd olduğu barədə zaman-zaman yazılıb və deyilib.) Ona görə ki, Əli Kərimli bu hakimiyyətin dəyişməsi, uzun sürən qaranlıq siyasətlərin aşkar olunması üçün əlindən gələni edir. Onun dünyaya fiziki çıxışı olmadığı halda belə tanınmış xarici qəzetlərdə Əliyevlər hakimiyyətini ifşa, onun havadarlarını ittiham edən yazılarının dərci, yerli medianın imkanlarından, rəhbərlik etdiyi partiyanın təşkilati resurslarından istifadə edərək bu işi ölkədə daha ciddi, ardıcıl və sistemli təşkil etməsi əsas verir ki, hakimiyyət ona qarşı daha aqressiv və daha amansız olsun. Əlbəttə, bir məsələyə də aydınlıq gətirilməlidir ki, bütün bu baş verənlər hakimiyyətin maraqları baxımından çox böyük cinayətlərdir. Hətta bu hakimiyyətin sarsılmaz sütunlarını dağıdacaq gücdə olan “cinayətlər”.
“F”tipi keçməz…
Bir az hərbi bilikləri olan şəxsə məlumdur ki, F-1 səngərdən müdafiə təyinatlı əl bombasıdır. Əli Kərimli isə müdafiə olunmağı xoşlamayan xarakterdir. Bu, Xalq Cəbəsinin başında olan və bundan sonra da olacaq bütün şəxslərin qaçılmaz taleyidir – hücum. Ona görə də Əli Kərimlinin belə bir bomba daşıması heç inandırıcı deyil. Amma onun bir neçə başqa “bomba” daşıdığı da sirr deyil. AXCP liderində bu hakimiyyət üçün təhlükəli olan başlıca “bomba” onun həqiqəti müdafiə etməkdən bir an belə fasilə verməyən dəmir iradəsidir. Həyatı bahasına başa gələ biləcəyini bildiyi halda mübarizəni hakimiyyətin xalqa münasibətinə uyğun olaraq ən sərt qaydalarla aparmasıdır. Əli Kərimlnin canlı “bomba”ları bütün ölkə boyu azadlıq ideyaları uğrunda, məhrumiyyətlər içərisində olsalar belə, dayanmadan savaşan cəbhəçilərdir. Çevik və gənc, intellektual, siyasi reputasiyası təmiz olan komandasıdır. Bu hakimiyyətin indiki və bütün zamanlardaki vəziyyəti üçün ən təhlükəli bomba Əli Kərimlinin daşıdığı “bomba”lardır…
Mübarizəmizin kimliyi uğrunda…
Əli Kərimli bütün tarixi dövrlərdə Azərbaycan xalqının mübarizəsinin, qələbəsinin, azadlıq haqqlarının hər kəs tərəfindən tanınaraq rəsmi kimliyə malik olması üçün savaşıb. Və onun ümumumvətəndaşlıq pasportunun olmamasının ən başlıca və ümumi səbəbi indi bu mübarizənin “ümumxalq pasportunun” olmamasıdır. Bu xalq ayağa qalxaraq onun azadlığı üçün öz azadlığını fəada edən siyasi təşkilatın, liderin mübarizəsinə ümumxalq dəstəyi verməlidir ki, bu təşkilat və lider də xalqdan oğurlananları, talananları yağmaçılardan alıb xalqa versin!
Seymur Həzi