ABŞ-ın Liviyada hərbi əməliyyatlar keçirməsi gündəmdə
42 ildir ölkəni dəmir yumruqla idarə edən Müəmmər Qəzzafinin istefası tələbilə küçələrə axışan insanlara qarşı güc tətbiqi Liviyada silahlı qarşıdurmalara yol açdı. Beynəlxalq təşkilatların məlumatına görə, təhlükəsizlik qüvvələri və xarici muzdlularla qarşıdurmada 6 minə yaxın liviyalı həlak olub. Bəzi məlumatlara görə, Liviya qaçqınlarının sayı 180 minə çatıb.
Müxalifət dünyanı Qəzzafiyə qarşı silah işlətməyə çağırdı
Breqa və Əcdəbiyyə şəhərlərində Müəmmər Qəzzafi tərəfdarları ilə üsyançılar arasında iki gündür davam edən qanlı döyüşlər dünən daha da şiddətlənib. Bu şəhərlərə nəzarət edən üsyançılar bölgəni iki gündür bombalayan Qəzzafiyə sadiq silahlıları geri çəkilməyə məcbur ediblər. Güclü dirənişlə üzləşən Qəzzafi tərəfdarları şəhərdən kənarlaşmalı olublar.
Liviyanın ikinci böyük şəhəri Benqazidə müvəqqəti hökumət formalaşdıran ölkə müxalifəti dünyanı Qəzzafi rejiminə qarşı hərbi müdaxiləyə çağırıb. Onlar BMT-nin rəhbərliyi və təşkilatçılığı ilə Qəzzafi rejiminə hava zərbələri endirməyə çağırıblar.
Diktatorun oğlu atasının cinayətlərini etiraf etdi
Müəmmər Qəzzafinin oğlu Seyfülislam isə “Sky News”a telefon vasitəsilə verdiyi açıqlamasında Breqa şəhərinin bombalanması əmrini atasının verdiyini təsdiqləyib. O bildirib ki, məqsəd müxalifləri qorxutmaq və bölgədəki neft istehsal sahələrinə nəzarəti geri almaq olub.
Qəzzafi Afrikadan 800-ə yaxın muzdlu əsgər gətirdib
Liviyada Müəmmər Qəzzafinin əmrində vuruşan muzdlu əsgərlərin sayı açıqlanıb. “AFP” agentliyinin Mali hərbi dairələrinə istinadən yaydığı məlumata görə, Liviya diktatoruna bağlı silahlı dəstələrin tərkibində Niger, Mali, Əlcəzair və Burkino-Fasodan olan 800-ə yaxın pul müqabilində döyüşən əsgərlər var.
Niger təhlükəsizlik mənbələri də bu rəqəmi təsdiqləyərək Liviyada savaşan muzdlu əsgərlərin əksəriyyətinin Mali və Nigerli olduqlarını, Əlcəzair və Burkino-Faso vətəndaşlarının sayının isə az olduğunu bildiriblər.
“AFP” agentliyinin xəbərində o da bildirilir ki, Malinin paytaxtı Bamako şəhərindəki bir mehmanxanada liviyalı diplomat tərəfindən gizli bir büro açılıb. Həmin büro Liviyada Qəzzafi əleyhdarlarına qarşı savaşmaq istəyən muzdluları qeydiyyata alır.
Çaves “yol xəritəsi” hazırlayıb
Venesuela prezidenti Uqo Çaves Müəmmər Qəzzafi ilə üsyançılar arasında barış komissiyası yaradılmasını təklif edib. Liviyada üsyançılarla ölkə başçısı Müəmmər Qəzzafiyə bağlı güclər arasında silahlı toqquşmalar davam edərkən, Venesuela vəziyyətdən çıxış üçün ortaya layihə qoyub.
Qətərin “Əl Cəzirə” televiziyasının verdiyi xəbərə görə, Venesuela prezidenti Uqo Çaves Liviyadakı böhrana son qoymaq üçün Qəzzafiyə sülh planı təklif edib. Plan toqquşmaları dayandırmaq və böhranın siyasi çözümünü tapmaq məqsədilə Qəzzafi ilə üsyançılar arasında danışıqlar aparacaq bir komissiyanın yaradılmasını nəzərdə tutur. Plana əsasən, komissiyada Cənubi Amerika, Avropa və Yaxın Şərq ölkələrinin nümayəndələri təmsil olunacaqlar.
“Əl Cəzirə” Qəzzafi ilə Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musanın bu layihə üzərində razılığa gəldiyini də xəbər verib. Telekanalın xəbərinə görə, Çaves hər iki şəxslə telefon danışığı apararaq planının reallaşmasına razılıq alıb.
Amma Əmr Musa “Reuters”ə belə bir açıqlama verib: “Çavesin planı barədə məlumat almışıq. Ancaq bunun üzərində hələ düşünürük. Dünən bəzi liderlərlə müzakirə apardıq”.
“Reuters” agentliyinin xəbərinə görə, Venesuelanın informasiya naziri Andres Izarra Qəzzafinin Çaves tərəfindən hazırlanan “yol xəritəsi”ni qəbul etdiyini açıqlayıb. Izarra Ərəb Liqasında Çavesin Liviyaya beynəlxalq komissiya göndərilməsi təklifinə müsbət yanaşdığını söyləyib.
Hillari Klinton həyəcan təbili çaldı
ABŞ dövlət katibi Hillari Klinton isə rəsmi Vaşinqtonun Liviyanın xaosa sürüklənərək “Əl Qaidə” terror şəbəkəsinin sığınacağı olan Somaliyə çevrilməsindən narahatlıq keçirdiyini bildirib: “Ən böyük qayğılarımızdan biri Liviyanın Somaliyə çevrilməsidir”.
Pentaqon şefi Liviyaya hava hücumunu təklif etdi
ABŞ-ın müdafiə naziri Robert Qeyts isə uçuşa qadağan bölgə yarada bilmək üçün Liviyaya hərbi müdaxilə və hava hücumundan müdafiə sisteminin sıradan çıxarılmasını təklif edib. Pentaqon şefi məhz bundan sonra təyyarələrin və helikopterlərin Liviya səması üzərində rahat uça biləcəyinin mümkün olacağını söyləyib: “Gəlin açıq danışaq, uçuşlar üçün qadağan olunmuş zona yaradılması HHM-nin məhvindən başlayır. Ancaq ondan sonra bizim oğlanlar vurulacaqlarından qorxmayaraq bu ölkənin üzərində uça bilərlər”.
Qeytsin fikrincə, belə bir planın həyata keçirilməsi üçün irimiqyaslı əməliyyata ehtiyac var: “Bir aviadaşıyıcı ilə bu məsələni həll etmək olmaz. Bu irimiqyaslı əməliyyat olmalıdır”.
Diktator pul kisəsinin ağzını açıb
Liviya hökuməti növbəti dəfə xalqı ələ almağa cəhd göstərib. Qəzzafi rejimi ölkədəki hər bir ailəyə maliyyə yardımı məqsədilə ayda 400 dollar ödəməyə söz verib.
Lakin Müəmmər Qəzzafinin 42 illik diktaturasına qarşı çıxan xalq hökumətin bu addımının bir işə yaramayacağını bildirib. Üsyançılardan birinin sözlərinə görə, Liviyada hər şeyin yoluna düşməsi üçün tək yol var – Müəmmər Qəzzafinin istefa verməsi və törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxması.
Əhmədinejad Qəzzafi kimi danışdı
Iran prezidenti Mahmud Əhmədinejad ABŞ-ı Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb və belə bir addımın orada ABŞ əsgərlərinə məzarlığın yaranmasına səbəb olacağını deyib. Əhmədinejad növbəti müdaxilənin on il bundan əvvəl prezident Corc Buşun Iraq və Əfqanıstana müdaxiləsi kimi olmayacağını, hal-hazırda vəziyyətin tamamilə başqa olduğunu deyib.
Onun sözlərinə görə, Qərb öz hərbi qüvvələrini regiona yönəldərsə, Şimali Afrika və Yaxın Şərq belə bir addıma qarşı mübarizəyə qalxacaq. Mahmud Əhmədinejad eləcə də ABŞ-ı regionda diktatorları dəstəkləməkdə ittiham edib.
Turan