13 beynəlxalq təşkilat Avropa Şurası Nazirlər Komitəsindən jurnalistin azad edilməsinə nail olmağı tələb edir
Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Qrupu yenidən Avropa Şurası Nazirlər Komitəsini 8-10 mart tarixli iclasında azərbaycanlı jurnalist Eynulla Fətullayevin dərhal azad edilməsini tələb etməyə çağırıb.
2010-cu ilin aprelində Avropa Insan Hüquqları Məhkəməsinin Fətullayevin dərhal azad edilməsi haqda qərar çıxarmasına baxmayaraq, o, hələ də həbsdə saxlanılır.
“Azərbaycan hökumətinin Nazirlər Komitəsi qarşısında Avropa Məhkəməsinin bu iş üzrə qərarının icrası haqqında hesabat verməsinin zamanı çatıb. Azərbaycan hakimiyyəti Fətullayevi siyasi motivlərlə təqib etməkdə davam edir ki, bu da Azərbaycanın Avropa Insan Hüquqları Konvensiyası çərçivəsindəki öhdəliklərinin pozuntusudur”, deyə ARTICLE 19-un icraçı direktoru Anyes Kallamar qeyd edib.
ARTICLE 19, Jurnalistləri Müdafiə Komitəsi, “Senzura Indeksi” və Media Hüququ Institutu martın 1-dən 3-dək Avropa Şurasına nümayəndə göndərəcək və Azərbaycanın Avropa Məhkəməsinin Fətullayevin işi üzrə qərarını icra etməkdən imtina etməsi ilə bağlı narahatlıqlarını Nazirlər Komitəsinin nümayəndələrinə çatdıracaqlar.
Azərbaycan hakimiyyəti onu uydurma narkotik saxlamaq ittihamı ilə həbsdə saxlamaqda davam edir.
Mətbuat azadlığı üzrə bu qrupların səfəri “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun hələ də üstü açılmamış qətlinin altıncı ildönümü ilə (2005) eyni vaxta təsadüf edir. Hüseynov Azərbaycan hakimiyyətinin ünvanına bir sıra tənqidi məqalələr dərc etdikdən sonra naməlum şəxslər tərəfindən güllələnmişdi. Hüseynovun qətlə yetirildiyi vaxtdan Azərbaycanda hökuməti tənqid edən jurnalistlərə qarşı zorakılıq, onların təqibi, həbsi, onlara hücum edənlərin cəzalandırılmaması davam edir.
“Azərbaycan tənqidi fikirlərin dilə gətirilməsi üçün təhlükəli yerdir. Nə qədər ki, gec deyil, ifadə azadlığı hüququmuzun müdafiəsinə yardım etmək üçün bizə Avropa Şurası kimi orqanlar lazımdır. Gələn həftə keçiriləcək insan hüquqları üzrə iclas Nazirlər Komitəsinin daha sərt mövqe tutması üçün gözəl imkandır”, – deyə Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı bildirib.