4 iyun qiyamından 20 il keçir – Rusiyanın təşkil etdiyi hərbi çevriliş nəticəsində hakimiyyətə gələn talançı bir rejim isə hələ də iş başındadır. Bu hakimiyyətin əli ilə Azərbaycan xalqı 20 ildir həmin çevrilişin acısını dadır. Ölkə gəlirləri total şəkildə talan edilir və yalnız 20 faizini xərcləməklə yaradılan abadlıqlar cəmiyyətə inkişaf və böyük uğur kimi təqdim edilir…
Acıdır, lakin istehza və gülüşsüz keçinmək olmur. Etdiyi zülmlərə görə xalqdan dayaqlarını tamam itirən və böyük nifrət qazanan bu hakimiyyət öz miskin sonunun yaxınlaşmasından təlaşa düşüb hər üsula əl atır və hətta rəqiblərini rusiyapərəst adlandırmaqdan çəkinmir.
“Rusiyapərəst” damğası üçün bütün güclər səfərbər edilib. Hakimiyyətin açıq və gizli təbliğatçıları yetmir, üstəlik, təzyiqlərlə, təltiflərlə yeni həlqələr tapılır, müxalifətin içindən, kənardakı vecsiz qruplardan simalar danışdırılır ki, ölkədə dəyişiklik istəyən qüvvələrin böyük birliyi kimi ortaya çıxacaq Milli Şuraya qarşı ilk günlərdəncə belə bir iddia ilə çıxış etsinlər…
“Biz yaxşıyıq!” deyə bilmirlər, çünki hamı bunların yaxşı olmadığını bilir. Deyə bilmirlər ki, bu adamlar oğrudur – çünki özləri oğrudur. Deyə bilmirlər ki, bu adamlar savadsızdır – çünki özləri ən uğursuz adamlardır. Deyə bilmirlər ki, demokrat deyillər, çünki özlərinin diktatura qurduqlarını bütün dünya deyir. Bu halda yeganə ümidləri Milli Şuraya milli ləkə atmaqdır və ona “rusiyapərəst” damğası vurmağa çalışırlar…
Böyük həyasızlıqdır. Rusiyanın təşkil etdiyi çevrilişlə hakimiyyətə gələnlər başqalarını rusiyapərəst olmaqda ittiham edir. Amma yəqin özləri də anlayır ki, mənasız ittihamdır. Çünki xalq bunlara ruslardan da çox nifrət edir…
Xalqı kölə edən bu təzə “müstəqillik aşiqləri” unudurlar ki, onlar bizim həsrətlə qovuşduğumuz müstəqilliyi də gözdən saldılar. Bu müxalifət, etirazçı yazıçı və jurnalistlər, azad ruhlu yeni gənclik olmasaydı, Azərbaycan cəmiyyəti müstəqillikdən üz döndərər, sovet dövrü nostaljisini yeni Rusiya arzusuna çevirərdi. Bəlkə də insanlar Rusiyaya müraciət edərdilər ki, onları sizin əlinizdən xilas etsinlər. Aşağı-yuxarı götürsək, bizlər bunun qarşısını almışıq, bu ölkəyə azadlıq və demokratiya gətirəcəyimiz barədə vədlərimizlə ölkənin müstəqilliyinə və gələcəyinə inamı qoruya bilmişik. Azərbaycanı Rusiyadan ayıran bizim işıqlı Azərbaycan vədlərimizdir, bizim gələcəyə inamımızdır, bizim gətirmək istəyimiz dəyərlərdir. Nəhayət, bizim özümüzün varlığıdır Azərbaycanı Rusiyadan qoruyan.
Bu ölkənin insanı sizlərdən qaçıb Rusiyaya getmirmi çörək dalınca? Axı deyin görək, sizin idarəçiliyiniz rus idarəçiliyindən yaxşıdırmı? Məhkəməniz üstündür bəlkə? Korrupsiyanız, özbaşınalığınız gözəldir bəlkə? Ali məktəbləriniz, məktəbləriniz öndədir bəlkə? Hər sahədə, o cümlədən azadlıqlarda da Azərbaycanı avtoritar, haqsız, inkişafdan geri qalan Rusiyadan arxada qoydunuz.
Xalqa rus dövründən də pis günlər, iyrənc ayrı-seçkilik, haqsızlıqlar yaşatdınız. Həm də rusların protejeliyində, qoltuğunda, onların köməyi ilə. Onlara baş əyərək. Kremlin təlimatlarına əməl edərək. MDB-yə qaytararaq. Azərbaycanı demokratiya yolundan döndərərək. Qərb dəyərlərindən, Avropaya inteqrasiyadan uzaqlaşdıraraq. Millətin birliyini, ruhunu, inamını qıraraq.
Rusiya qoşunlarını ölkədən çıxaran, bununla da Azərbaycanın və hətta bütünlüklə Qafqazın müstəqilliyi üçün geridönməz özül və presedent yaradan Elçibəyə “Azərbaycanı Rusiya ilə düşmən etdi” deyə lağ edən siz deyildinizmi?
Bircə yolunuz var. Millətin gələcəyinə, millətin iradəsindən yaranan hakimiyyətə, bunun üçün yaranan Milli Şuraya yolu açın…