«Hamımız dinc müqavimətə hazır olmalıyıq. Başqa yolumuz yoxdur»
Ölkə başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevin keçmiş ortağı, professor Sədyar Zeynalov və hüquq müdafiəçisi Ataxan Əbilov Demokratik Qüvvələrin Milli Şurasına dəstək veriblər. Onlar bununla bağlı “Azadlıq”a “Dinc inqilab qaçılmazdır” sərlövhəli yazı göndəriblər. Həmin yazını olduğu kimi təqdim edirik: “Nəhayət Milli Şura formalaşır. Onunla bir yerdə formalaşan ideya isə Əliyevlərin qanlı rejimini dəyişməkdir.
Məlumdur ki, hansısa şəxs dalınca onlarla, uzaq başı yüzlərlə insan gedir. Amma ideya dalınca milyonlar gedir və bu milyonlar üğrunda mübarizəyə qoşulduğu ideyadan ötrü həyatlarını qurban verməyə hazırdırlar. Prosesdə vacib məsələ prezident seçkiləridir. Məqsəd rejimlə vidalaşmaqdır. Ona görə Milli Şuranı dəstəkləmədən özünü müxalif hesab edən qüvvələri başa düşmək çətindir. Sanki onlar Azərbaycanda deyil, Ukraynada (heç olmasa) yaşayır və höcətlə hansısa siyasi, iqtisadi, sosial, mədəni proqramın məzmunundan yapışıblar. Sanki onlar başa düşmürlər ki, bu gün Azərbaycan şəraitində sadəcə prezident seçkilərdən deyil, dinc inqlabdan sohbət gedir. Qanlı rejim şübhə yoxdur ki, prezident seçkilərini saxtalaşdıracaq və əsas məsələ xalqın öz səsini necə müdafiə etməsi yolu ilə həll olunacaq.
Anlamaq lazımdır ki, bütün başqa yanaşmalar caamatı əsas hədəfdən yayındırmağa xidmət edir və əsas ideyadan uzaqlaşdırır. Azərbaycan sayağı diktaturalarda əsas məsələ insanların öldürülməsinə, oğurlanmasına, təqibinə, heç nəyə görə zindanlara atılmasına, döyülməsinə, onların işgəncələrə məruz qalmasına, qanunsuz mülkiyyət mənimsəmələrinə, yalançı şər xarakterli situasiyalar yaradılmasına və rejimin bu kimi cinayətkar hərəkətlərinə sonuc verməkdir. Davasız bu rejim hökuməti verməz. Hamımız dinc müqavimətə hazır olmalıyıq. Başqa yolumuz yoxdur.
Eyni zamanda biz heç vaxt razı ola bilmərik ki, radikal addımlar atılsın. Tarixin təcrübəsi göstərir ki, dinc inqlablarda qurban həmişə az olur. Dinc inqlabla silahlı inqilab bir-birilərindən kəskin şəkildə fərqlənir. Onların şuarları da fərqlidir. Əgər silahli inqilab üçün “Biz sizi qanınızda boğarıq” şuarı xarakterikdirsə, dinc inqilabda “Siz bizim qanımızda boğulacaqsız” şuarı irəli sürülür…
Və sonda. Dinc inqilab XX əsrin məhsuludur. Ilk olaraq ondan Lev Tolstoy yazıb. Amma onu konsepsiya kimi Hindistan milli hərəkatın lideri Mahatma Qandi realizə edib. Son dövrdə isə hamımız dünyada onlarla bu növ inqlabların şahidiyik”.