Demə hətta ən böyük insanların da kədərli anları olurmuş! Bəli, S.Dəmirəlin həyat yoldaşı dünyasını dəyişdi. Bu adın Azərbaycanda hansı assosiasiya yaratdığından xəbərim var. Amma nə etmək olar? Siyasət bir insanın həyatında nə qədər böyük yer tutsa da, hər halda o, həyatın özü deyil. Həyat daha genişdir, daha əhatəlidir.
Kədərli anlara gəldikdə isə, axı onlar, kimin həyatında olmur? Sadəcə, əksəriyyət onu necə var, elə də qəbul edir, çox az qism isə hətta buna görə də kimisə günahkar hesab edir…
Belələrinin həyatı qisas aktlarından ibarət olur. Çalışırlar ki, ölərkən bir sözü deyə bilsinlər: “Bəli, mən qalib gəldim!”. Onlar üçün həyatdan qalib getmək hər şey deməkdir “bütün pisliklərin əvəzini qaytarmaq, hətta lazım olduğundan da çox pislik etmək”.
Bu son cümlələr sözsüz ki, S.Dəmirələ aid deyil. Yaşasın o cəmiyyətlər, o millətlər ki, bizim bütün pis tərəflərimizin zahirə çıxmasına imkan vermirlər! Böyük millət odur ki, onun içində hamımız, bunu istəsək də, istəməsək də, yaxşı olmağa, yaxşı davranmağa məcbur oluruq…
Bu mənada heç sözsüz ki, Türkiyə cəmiyyətini təqdir etmək olar. Amma biz bir cəmiyyət kimi hələ zəifik, hələ ki, qaydaları biz diqtə etmirik, bizə diqtə edirlər… O cümlədən də “böyük siyasətçi” olmağın qaydalarını…
Ola bilsin, bu sözlərim bir qədər qəribə, hətta ziddiyyətli göründü. Amma bu, düşünüləsi məqamdır. Mənə hər dəfə elə gəlib ki, içimizdən çıxan cinayətkar adamların hər bir cinayətində bizim də payımız olub, hansısa şəkildə biz onları bu cinayətlərə təhrik etmişik.
Siyasətçiləri cinayətkarlar eyni tutmaq istəməzdim. Təbii ki, belə deyil. Di gəl, bu sferadan olan insanlar arasında belələri az olubmu?
Amma mən indi fərqli bir situasiyalardan danışmaq istəyirəm. Son günlər ölkədə hiss olunan siyasi tendensiyalar məni də narahat edir. Amma bir vaxt deyəndə ki, öz rəqiblərinizə – müxalifətə qarşı bütün üsulları məqbul hesab etsəniz, onlar da belə edəcək, buna sanki heç kim inanmırdı?
Amma bu gün bunu tamam real tendensiya kimi qəbul etmək olar. Belə düşünən insanlar heç də az deyil.
Onları qınamaq da olar, qınamamaq da. Bilirsiniz, əgər siz qurşaqdan aşağı zərbə endirməklə özünüzü qalib, üstəlik, “böyük siyasətçi” hesab edirsinizsə, hətta bununla öyünürsünüzsə, hesab edin ki, sizi təkrar etmək istəyən insanların sayı hər gün artacaq. Ona görə ki, siz özünüz irəlicədən qaydalara tüpürürsünüz və bir siyasət adamı kimi qaydasızlığı öz kodeksinizə çevirirsiniz.
Nədən başqaları sizi təqlid etmək fikrinə düşməsinlər? Heç bu haqda düşünmüsünüzmü?
Həmin o başqaları heç də düşündüyünüz qədər aciz və bisavad deyil, dünya gör-götür dünyasıdır, hamı görür və götürür. Vay o günə ki, onlar pis adamlardan görüb-götürələr!
Dünyanı təəssüf ki, yalnız yaxşılar idarə etmir. Pislər də az deyil və bəzən onların da davranışı şablona çevrilir, insanlar başlayırlar bu şablonları təkrar etməyə və elə nəticələr çıxarırlar ki, bu, heç də bizim ümumi xeyrimizə olmur.
Prinsipcə, hamı həyatdan qalib getmək istəyir. Nədən biz bu haqqı kiməsə tətbiqən tanımalıyıq, amma digərlərinə münasibətdə onu yolverilməz hesab etməliyik?
Bir daha deyirəm ki, bir də görürsən bir nəfər meydana çıxır, hər şeyi-dini, mənəvi və maddi qaydaları, hətta əxlaqı öz ayaqları altına atır. Sonda da qalib olur. Əvvəl biz buna bir qədər qeyri-adi baxırıq. Deyirik ki, nə “böyük siyasətçi” imiş!..
Amma bunu həmişə etmirik. Elə bir an yetişir ki, biz tərəddüd etməyə başlayırıq və həmin adamı ciddi şəkildə öyrənməyə cəhd edirik. Bir müddətdən sonra bizə hər şey aydınlaşır. Onun “böyük”lüyünün sirlərinə vaqif oluruq. Dərk edirik ki, onun bizlərdən bircə fərqi olub – o, heç vaxt qayda tanımayıb, başqalarınnın məqbul saymadığı bütün üsullar onun üçün məqbul olub.
Və o vaxt barmağımızı dişləyirik: əcəba, biz buna böyük siyasətçi deyirdik? Artıq o andan başlayaraq biz də “böyüməyə” başlayırıq. Bunu hiss edəndə onların tilsimi qırılır… Tilsim qırılan an isə qorxu ölür. Qorxu ölən bir vaxtda hərəkət başlayır…
Ona görə də çox şey sadədir. Düşünməyin ki, sizin edə biləcəklərinizi başqa insanlar heç vaxt edə bilməzlər. Bilərlər. Bəlkə sizdən də yaxşı edərlər.
Amma ən böyük yaxşılıq onda başlayır ki, cəmiyyət qaydaların keşiyində durur və artıq qaydasız döyüş alınmır. Bax, onda böyük olmağın əsl reseptini axtarmaq lazım gəlir…