Alahşükür Paşazadə: «İrana səfərimin nəticəsi Azərbaycan üçün müsbət olacaq»
“Irana səfərimin nəticələrini müsbət dəyərləndiriəm”. Qafqaz Müsəlmanları Idarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bunları Iran səfərinin nəticələrini “Turan”a şərh edərkən bildirib. O, Azərbaycanın dini mərkəzinin rəhbəri kimi Irana səfərində də dini məsələlərin müzakirəsinin əsas yer tutduğunu nəzərə çatdırıb.
Bu mənada QMI sədri Iranın ali dini rəhbəri, ayətüllahül-üzma Xamneyidən tutmuş islam aləmində nüfuzu olan ayrı-ayrı din xadimlərilə görüşlərinin səmimi keçdiyini bildirib. A.Paşazadə Xamneyi ilə görüşdə danışıqların Azərbaycan dilində keçdiyini xatırladıb.
Eyni zamanda, Azərbaycanlı gənclərin Iranda dini təhsil almaları ilə bağlı müzakirələr aparılıb.
QMI sədri ölkənin bəzi qəzetlərində səfərinin PA-nın rəhbəri Ramiz Mehdiyevin səfərilə müqayisədə verilməsinə narazılıq ifadə edib. “Onun səfər missiyası başqa, mənim səfər missiyam başqadır, bunlar arasında paralel və ya müqayisə aparıla bilməz”,- deyə A.Paşazadə bildirib.
QMI sədri Iranda həbsdə olan Azərbaycan ədəbiyyatşünası Xalidə Xalidin və sürücüsü Şamxal Hüseynovun hələ də azad olunmamasına münasibət bildirib:”Onlar azad olunacaqlar, bir az vaxt lazımdır”, deyə QMI sədri qeyd edib.