Yaxud qolu qandallı xilaskar
Cəmiyyətin ortaya mövqe qoymadığı, öz qorxusuna qalib gələ bilmədiyi, ağır şəraitdə yaşamağı qəbul etdiyi, zülmətə məhkum edildiyi bir dövrdə, ölkəyə işıq verən, qorxuları dəf edən, həqiqətləri hər gün dilə gətirən bir VARLIQ var. Bəli, o varlıq susa-susa danışan, ölə-ölə yaşayan, həbs ola-ola azadlıq tərənnüm edən bir qəzetdir.
Hamının susduğu dövrdə, hamının adından danışan, hər kəsə qucaq açan, insanların ümid yerinə çevrilən AZADLIQ qəzeti, indi şərin tələsinə salınıb.
“Azadlıq” qəzetinin bu şər tələsində həlak olması, sabahımızın olmaması qədər böyük miqyaslı bir fəalkətdi.
“Azadlıq” qəzeti təkcə 16 səhifədən ibarət kağız parçası deyil axı.
Azadlıq həm də döyüşə atılan əsgərdi.
Azadlıq həm də işgəncələrə dözən bədəndir
Azadlıq həm də oğruların şahididir.
Azadlıq həm də evi başına uçurulan kasıb vətəndaş, hərbi xidmətdə qətlə yetirilən əsgər, məmur haqsızlığının qurbanı olmuş sahibkar, cibinə narkotik atılmış gəncdir.
Bu sadaladıqlarım təbəqələr “Azadlıq”a üz tutursa, deməli, “Azadlıq” həm də bu insanların özüdür.
Mən cəmiyyətə müraciət edirəm.
Cəmiyyətin güzgüsünü sındırmaq istəyirlər, bəs siz özünüzə harda baxacaqsız?
Güzgüsüz, simanı görmək mümkün deyil. Özünüzə həsrət qalmaq təhlükəsi var. Özünüzə bu qədər yad omayın.
Bəli, bu gün haqsız yerə həbs olunanları müdafiə edən, ədalətsiz məhkəmə qurbanlarının şəklini öz səhifəsinə heykəl yapan “Azadlıq” qəzeti, indi özü həbsdədir.
Indi o, qəzetin 2-ci səhifəsinə “Azadlıq”ın da şəklini vurmaq olar.
“Azadlıq” qəzeti yeni vicdan məhbusudur.
Ancaq, bu məhbusa ölüm hökmü oxunsa, o biri məhbusların heykəli də yıxılacaq.
Bu gün müxtəlif bəhanələrlə mübarizədən yayınan, rejimin repressiyalarından qorxan, eyni zamanda bu rejimə nifrət edən insanlar var ki, indi ölkə qarşısında vəzifəsin yerinə yetirməlidir.
Aksiyaya çıxa bilmirsən, rejimi tənqid edə bilmirsən, həbs olunmağı qəbul etmirsən bəs, “Azadlıq”a yardım etməkdən niyə yayınırsan?
Bütün yükü birinin belinə yığmaq, ədalətsizlik deyilmi?
Bəli, bu gün bir qrup insan, bu ölkənin yükünü öz çiynində daşımaq üçün söz verib və bununla qürur duyur. Ancaq sizlərdə bu çiyinlərin yaralanmış hissələrinə məlhəm yaxmalısınız ki, missiya davam eləsin.
Bir şeyi dərk etmək lazımdır. “Azadlıq”a kömək etmək, qəzetin kollektivinə kömək etmək deyil. Övladlarınızın gələcəyinə, ölkənin sabahına, şərin məğlubiyyətinə kömək etməkdir.
Bu ölkədə hamı eyni məhrumiyyətləri yaşayır, hamı eyni problemlərdən şikayətçidir, hamını eyni rejim dilənçiyə çevirib. Indi isə, dilənçiyə çevirdikləri xalqı, sığınacağından məhrum edirlər.
Bəli, “Azadlıq” sizlərin mənəvi sığınacağıdı.
Bu gün döydüyünüz qapını, sabah tapa bilməmək ağır deyilmi?
Bu yazı yardım yalvarışı deyil, həqiqəti bir daha duyurmaq üçündür.
Bu qüzetin qiyməti 40 qəpikdir, dəyəri isə qiymətsizdi.
Hər gün evinizə 40 qəpik müqabilində, sabahınızın açarı girir.
O, 40 qəpikdə oğurlanan milyardlarınız var, keyfiyyətli təhsildən, səhiyyədən məhrum olmuş övladlarınız var, sizi diri-diri basdıranların ünvanı var.
Qolu qandallı xilaskar, yalnız gözləri ilə sizə təsəlli verə bilər.
O, xilaskarın güclü biləkləri ilə döyüşməsi üçün isə sizlərin səfərbər olması lazımdır.
Ya “Azadlıq”la azadlığa, ya da “Azadlıq”sız köləliyə tərəf getmək üçün yol ayrıcındayıq.
Ölkədə, 24 yaşlı yeni vicdan məhbusu var. Yaşı heç kimə maraqlı olmayan şərin zindanında.