Azərbaycan tərəfinin Tehranla razılaşmanı pozduğu iddia edilir
İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalid Xalidə azadlığa buraxılsa da, hələ Azərbaycana təhvil verilməyib. Bunun kökündə Azərbaycanda həbs edilən Iran vətəndaşı Mikayıl Kazıminin hələ azad edilməməsinin dayandığı bildirilir.
Yada salaq ki, Xalidə Xalid azadlığa buraxılanda Iranın Xarici Işlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bu barədə danışmışdı. “Iran Azərbaycan Respublikasının iki vətəndaşını xoş məram nümayiş etdirərək azadlığa buraxıb. Bu baxımdan rəsmi Bakı da Iran vətəndaşını Tehrana təhvil verməli idi”, – deyə o bildirmişdi. Abbas Əraqçı demişdi ki, Mikayıl Kazımi Ərdəbil valiliyinin işçisidir və rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edib: “Lakin o, naməlum səbəblərdən Bakıda həbs olunub. Onun nədə ittiham olunduğu məlum deyil”.
Iran XIN sözçüsü vurğulamışdı ki, Mikayıl Kazımi azadlığa buraxılana qədər onun işi diqqətdə saxlanılacaq. Bu məlumatı APA IRIB-ə istinadən yaymışdı.
Iranın Bakıdakı səfirliyinin əməkdaşı Seyid Əli Musəvi isə “Media forum”a deyib ki, Xalidə Xalid və sürücüsü azad olunublar, lakin onlarla bağlı sənədləşmə işləri aparıldığından Azərbaycan tərəfinə təhvil verilməyiblər.
Musəvi bildirib ki, Iran Xalidə Xalidin və sürücüsünün azad olunması müqabilində Mikayıl Kazımi adlı Iran vətəndaşının azad olunması şərtini irəli sürməyib: “Kazımi dörd-beş aydır tutulub və onun azad olunması üçün Iran çoxdan iş aparır”.
Diplomat qeyd edib ki, səfirlikdə Mikayıl Kazıminin kimliyi haqda geniş məlumat yoxdur: “Biz də bu barədə Tehrana sorğu göndərmişik”.
Lakin Iran XIN-inin sözçüsünü bu məsələ barədə açıq danışdığını nəzərə alsaq ki, problemin kökündə elə Mikayıl Kazıminin azad edilmədiyinin dayandığını söyləmək olar. Sadəcə ola bilər ki, Iranın Bakıdakı səfirliyinə hələ gözləmə mövqeyi tutmağı tapşırıblar. Bu baxımdan onlar Kazımi məsələsi barədə qeyri-müəyyən danışırlar.
Ekspertlər hesab edir ki, Xalidə Xalidin həbsdən azad olunması istənilən halda nəyinsə müqabilində baş tutub. Və görünən odur ki, Azərbaycan tərəfi razılaşmanı pozub. Ekspertlərin fikrincə, bu hakimiyyət daxilində hansısa qrupun da işi ola bilər. “Olar bilər ki, hakimiyyət daxilində hansısa qruplaşma Iranla münasibətlərin gərginləşməsində, yaxud da Şeyx Allahşükür Paşazədinin Iran səfərinin fiaskoya uğramasında maraqlıdır”, deyə ekspertlər bildirir.