Səfir «Eurovision»u qeyri-ciddi müsabiqə adlandırmaqla iqtidarın təbliğatını darmadağın etdi
“Bu, heç də siyasi təzyiq deyil. Məhkəmənin qərarı ilə üç mobil operator səsverməyə dair məlumatları açıqlayıb. Azercell abunəçiləri Dina Qaripovaya 1677 səs, Bakcell abunəçiləri 380 səs, Nar Mobile abunəçiləri 112 səs veriblər.
Bu səslər qeydə alınıb, saxtalaşdırmaq lazım deyil!”. APA-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Komsomolskaya pravda”ya verdiyi müsahibədə “Eurovision” Təşkilat Komitəsinin bəyanatını belə şərh edib. “Siz Rusiyada heç kimin Belarusa səs vermədiyinə inana bilərsiniz? Yaradıcı insan kimi, sizə deyə bilərəm ki, Azərbaycanda Rusiyadan olan müğənniyə səs verilməməsi mümkün deyil. Bizim ümumi mədəni köklərimiz var. Bu hadisə Azərbaycanda çoxlarını narahat edib. Hər zəng pul deməkdir. Niyə bir zəngin qiyməti 1,5 dollar olmalıdır? Azərbaycanda Dinaya 2000-dən çox səs verilib. Bu pullar və səslər hanı? Qoy Avropa Yayım Birliyi buna cavab versin!”- deyə səfir bildirib.
Polad Bülbüloğlu Türkiyənin “Eurovision”da iştirakdan imtina etməsinə haqq qazandırıb: “Biz istəyirik ki, Rusiya cəmiyyəti bunu bilsin: baş verənlər ya texniki xəta, ya da elementar təxribatdır. Onlar isə bunu araşdırmaq əvəzinə… Əslində bu, ümumiyyətlə qeyri-ciddi müsabiqədir. Artıq ora getməkdən imtina etməyə başlayacaqlar. Türkiyə artıq imtina edib, düz də edib”.
Maraqlıdır ki, “Eurovision”un qeyri-ciddi müsabiqə adlandıran Polad Bülbüloğlu 2011-cü ildə başqa söz deyirdi. Həmin ildə Azərbaycan bu müsaqibədə birinci yer tutmuşdu. Teleqraf.az saytı bu münasibətlə Azərbaycanın Moskvadakı səfirliyinin önünə toplaşmış soydaşlarımızla söhbətinin videoyazısını yayıb. Həmin vaxta səfir soydaşlarımız qarşısında çıxışında belə deyib: “Eldar Qasımov və Nigar Camal duetinin inandırıcı qələbəsi münasibətilə hamını təbrik edirəm. Bu, Azərbaycan xalqının mədəniyyətinin və Azərbaycan prezidentinin böyük zəfəridir, bu tarixi qələbə və tarixi gündür. Inanıram ki, Düsseldorfda olduğu kimi, bizim üçrəngli bayrağımız Qarabağda da dalğalanacaqdır. Mən hamını qələbə münasibətilə təbrik edirəm və həmişə xatırlamalıyıq ki, Rusiya bizə 12 bal vermişdir. Böyük və layiqli qələbə münasibətilə gənc və istedadlı ifaçılarımızı təbrik edirəm. Bu il bizim üçün uğurlu olmuşdur və əminəm ki, 2012-ci ildə də Bakıda ”Eurovision” müsabiqəsi böyük uğurla keçəcəkdir”.
Indi Polad Bülbüloğlu aydınlıq gətirsin ki, “Eurovision” qeyri-ciddi müsabiqə idisə nə üçün Azərbaycanın orada birinci yer tutmasını böyük uğur sayırdı? Digər tərəfdən səfir izah eləsin ki, əgər “Eurovision” qeyri-ciddi müsabiqə idisə nə üçün bu yarışmanın keçirilməsi üçün Azərbaycan hakimiyyəti yüzlərlə insanın evini başına uçurdu, milyonlarla pul xərclədi, məmurlardan ibarət təşkilat komitəsi yaradıldı və Mehriban Əliyev komitəyə sədr təyin olundu?