İranın Bakıdakı səfirliyi hələlik açıqlama vermir
Sülhəddin Əkbər: «Əgər onun diplomatik statusu olsaydı, yəqin indiyə qədər məsələsi qaldırılardı»
İranda həbs olunan iki Azərbaycan vətəndaşının azadlığa buraxılmasından sonra Iran tərəfinin bunun qarşılığını istəyəcəyi gözlənilən idi. Artıq Iranın Xarici Işlər Nazirliyi tələbini açıqlayıb. Nazirliyin sözçüsü Seyid Abbas Əraqçı bildirib ki, iki Azərbaycan vətəndaşının azadlığa buraxılması müqabilində rəsmi Bakı da Iran vətəndaşını təhvil verməlidir.
Azadlığa buraxılması tələb olunan şəxs, Mikayıl Kazımi Ərdəbil valiliyinin işçisidir və rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edib. XIN rəsmisinin sözlərinə görə, bu şəxs naməlum səbəblərdən Bakıda həbs olunub. Onun nədə ittiham olunduğu məlum deyil.
Mikayıl Kazıminin nə vaxt və hansı şəraitdə həbs olunması barədə də məlumat verilmir. Azərbaycanda da bu vaxta qədər belə bir şəxslə bağlı heç bir açıqlama verilməyib. Maraqlıdır ki, Iran da M.Kazımının adını ilk dəfə olaraq açıqlayır. Onun həbsi ilə bağlı Azərbaycan tərəfinə rəsmi notanın verilməməsi də təəccüb doğuran məqamdır. Bəs bu şəxs kimdir və hansı ittihamla həbs olunub?
Bu sualı Iranın Bakıdakı səfirliyinə ünvanlasaq da, dəqiq bir şey öyrənə bilmədik. Səfirliyin əməkdaşları M.Kazımınin həbsi barədə məlumatlı olduqlarını, lakin yalnız məsələni Tehranla müzakirə edəndən sonra açıqlama verə biləcəklərini dedilər.
Hələlik Azərbaycan tərəfi də M.Kazıminin hansı şəraitdə həbs olunmasına və azad edilib edilməyəcəyi ilə bağlı heç bir açıqlama vermir.
Iran vətəndaşının nə vaxt və hansı ittihamla həbs olunması ilə bağlı Baş Prokurorluqdan məlumat öyrənmək istəsək də, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov M.Kazımı ilə bağlı hər hansı məlumat verə bilməyəcəyini dedi. Çünki Iran tərəfi bu şəxs barədə əlavə heç bir məlumat vermir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə Iran vətəndaşının hansı şəraitdə həbs olunması ilə bağlı məsələyə müvafiq qurumların cavab verə biləcəyini deyir. Çünki həmin şəxsin kimliyi haqda məlumat bilmədən hər hansı fikir söyləmək qeyri-mümkündür: “Görünür, bu, Iran hökuməti üçün vacib şəxsdir ki, onun azad olunmasını istəyirlər və bu məsələni rəsmi səviyyədə qaldırırlar. Onun kimliyini bilmədən bu suala cavab vermək olmur. Ancaq əgər diplomatik statusu olsaydı, yəqin indiyə qədər onun məsələsi qaldırılardı. Görünür, diplomatik immuniteti yoxdur”.
Fizzə