Iki-üç il əvvəl mən belə deyildim. Yastığımın altında həmişə yaman gün üçün ən azı on beş-iyirmi manatım olardı. Kommunal borcların bir hissəsini hərdən qabaqcadan ödəyirdim. Kimsəyə bircə manat borclu qalmazdım. Elə ki, korrupsiya, rüşvətxorluq və sairə neqativ hallara qarşı ölkəmizdə mütəşəkkil mübarizə başladı, mənim bərəkətim də sanki göyə çəkildi. Ondan yox ki, mən də bu uzunadlı mürəkkəb sənətlə məşğul idim. Yox, sadəcə, bu kampaniya bizim xalqa düşmədi. Oysa ki biz, vətənimizin neqativ hallardan təmizlənən andan şən və firavan yaşayacağımıza umudlanmışdıq. Amma hələ ki ölkədə bir neçə mamaça, müəllim, kargüzar və bu tip xatakarlardan savayı, bircə nəfər isbatlı korrupsioner, rüşvətxor və sair yaxalanmayıb. Əcaba, izaxtaran itlərəmi müraciət etsək…
Analoqsuz bir ölkənin problemsiz vətəndaşı olaraq fikirləşirəm, bəlkə doğrudan da yoxdu bizdə belə şeylər? Norveçdə yoxdu, Isveçdə yoxdu, allahın Hollandiyasında yoxdu, bizdə niyə olmalıdır? Olsa tapılardı da. Indi bu neqativ hallar yer yarıldı, yerin dibinə girmədi ki? Bir azca vardı, onu da daim tütülənən qaynar xəttin cəfakeş əməkdaşları təmizlədilər, qurtarıb getdi.
Bizcə, korrupsiya, rüşvətxorluq və digər neqativ hallar kampaniyasının uğurlu hesabatı dərhal hazırlanıb AŞPA, ATƏT, BMT, Dünya Bankı, Yunesko, Isesko, Vikipediya, Vikiliks və sairə kimi nüfuzlu ünvanlara təqdim edilməlidir. Qoy yaxamızdan düşüb itiklərini başqa yerdən axtarsınlar. Məsələn, Almaniyadan. Çünki bədbaxt almanlar Böyük Vətən müharibəsindən üzübəri bircə addım gələ bilməyib indiyə qədər “Baharın on yeddinci anı”nda qalıblar. Hələ də rəhmətlik Ştirlis dövründən qalma kiflənmiş evlərdə yaşayırlar. Şəhərləri o qədər bulaşıqdı ki, dünyanın hər tərəfindən gəlib bu pinti və ac almanların avtomobillərinin təkərlərini yuyub başqa xalqlar özlərinə çörək pulu qazanırlar. Səfalət və dilənçilik ölkəni ağzına alıb gedir. Dünya ictimaiyyəti bunlara inanmırsa, bizim Az.Tv-yə baxıb Almaniya dəhşətlərinə öz münasibətini bildirsin. Yox, xəstə almanlar özləri bu acı gerçəyə inanmırlarsa, qoy gəlib bizim “Respublikanski” xəstəxanasında bizim milli mentalitetə uyğun qaydalarla həkimdən keçsinlər. Işdir-şayəd, buna imkanları çatsa…
Beləcə, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı mübarizənin çözümünü tapdıq. Qaldı ki, kasıbçılıq… Yaxşı olar ki, yoxsulluqla bağlı ümümxalq məsləhətləşməsi keçirilib, bu dərdə çözüm tapanlara mükafatlar təyin edilsin. Məsələn, yoxsulluğun milli yollarla aradan qaldırılmasına görə çörək pulu mükafatı. Çünki beynəlxalq səviyyədəki cəhdlərin bu yoxsulluq virusunu ləğv etməyə gücü yetmədi… Deməli, yad düsturlarla bizim canımızdakı azar çıxmır. Dərd bizimdirsə, dərman da özümüzdən olmalıdır.
Adam bir baxıcıya-filana baxdırardı görək, nə sirri-xudadır ki, bu qədər sərvəti olan ölkənin xalqı yoxsulluq bəlasından canını qurtara bilmir? Bəlkə bir cadu-flan eləyən var? Yoxsa məsələn, mənim vəziyyətim gündən-günə yaxşılaşmaqdansa, niyə fənalaşsın? Çoxillik əmək stajıyla qəzaya düçar olub, yüz manatı haqlayan əlillik pensiyasıyla əla dolana bilmərəmmi? Bilərəm! Bəs niyə bilmirəm? Çünki buna qeyrət göstərmirəm. Əksər ailələrdə kimsə qəzaya düşməyib, işləyən, qocalıq pensiyası alan da yoxdur. Di gəl ki, onlar da yaxşı dolanmaq üçün qeyrət göstərmirlər. Yəni göstərmirik. Ha eləyirik, bir yerdən yoxsulluğumuz pırtlayıb üzə bıxır. Biz hələ şükürlüyük, yoxsulluqdan hətta utanmaz-utanmaz ölənlər də var. Nədir-nədir, xəstəliyi müayinə və müalicə etməyə maddi imkanları olmayıb. Olmayıb, olmayıb da, bundan ötrü ölmək şərtdirmi? Belə sarsaq və boş səbəbdən ölmək ayıb deyilmi? Adamdan soruşmazlarmı, tutaq ki, siz ölüb canınızı qurtardınız, bəs inkişaf etmiş qüdrətli ölkəmizin beynəlxalq aləmdəki imici necə olsun? Zəhmətkeş iqtidar balaları dünyanın ən məşhur yerlərində yaşayıb bahalı nəqliyyatlarda gəzərək analoqsuz ziyafətlər verməklə hökumətimizn adını ucaltmağa çaba göstərirkən, bizlərin yoxsulluğa və ölümə təslim olmağımız vətənə xəyanət deyilmi?
Indi daxili və xarici ağzıgöyçəklər deyəcəklər ki, ehtiyac içində sürünməkdənsə, ölmək yaxşıdır. Bəli, yaxşı ola bilərdi, amma gərək sadə və əsil vətəndaş öləndə də özünün deyil, hakimiyyətin maraqlarını düşünsün… Əks halda neqativ halları uzaqda axtarmağa ehtiyac qalmayacaq. Hələ ürəkdən axtarılsa, adamın cibindən lap korrupsiya və rüşvətxorluq da çıxar… Nə deyirsiz, bu şərtlər altında yoxsulluqdan ölməyə dəyərmi?!