Bir neçə gündür xalqın sevimli kanalı AzTV Almaniyanın, Iranın, ABŞ-ın yaxasın buraxıb, Isveçin canına darışıb. Sən demə, isveçlilər acından ölürmüş, “Eurovision”un nə olduğundan xəbərsiz imişlər, belə mötəbər yarışın keçirildiyi vaxt tikinti-söküntü işləri ilə məşğul olurmuşlar və ilaxır.
Rejim kanalı AzTV-ni də heyrətləndirən bu olub ki, niyə Isveç bu yarışmaya görə 100 milyonlar xərcləməyib, camaatın evin söküb küçələrə tökməyib, taksilərə şəhər kənarına çıxmamaq tapşırığı verməyib, etirazçı gəncləri sutkalığa göndərməyib və s.
Məlumat üçün deyək ki, Isveç Iqtisadiyyatın Demokratiya Indeksinə görə dünyada birincidir. Ümumiyyətlə, Isveç iqtisadiyyatı dünyanın nadir təcrübələrindən sayılır.
Ölkə uşaq ölümlərinin azlığı baxımından dünyada 5-ci yerdədir.
Əmək qabiliyyətli əhalinin 95 faizi məşğulluqla təmin olunub.
Isveç təhsil sistemindən dünya təcrübəsində istifadə olunur.
BMT-nin Insan Haqları Indeksinə görə dünyada 7-ci yerdədir.
Ölkə 1995-ci ildən Avropa Birliyinin üzvüdür. Yaşamaq üçün ən çox köç edilən ölkələr sırasındadır.
Səhiyyə xidməti əsasən dövlət tərəfindən ödənilir. Bütün səhiyyə xidmətlərindən az miqdar vəsaitlə yararlana bilərsən. Elm və texnoliogiya sahəsində inkişaf baxımından dünyanın öncüllərindəndir. Ümumi Daxili Məhsul 400 milyarddan artıqdır.
Ölkə başçısının çox az səlahiyyətləri var və dünyanın ən demokratik ölkələrindən sayılır.
Isveç haqqında daha geniş yazmaq və məlumat vermək olar. Amma bu başqa yazının mövzusudur. Məqsədimiz rejim telekanallarının “xortdan” kimi qələmə verdiyi ölkənin əslində necə olması haqda qısa arayış vermək idi.
Qayıdaq bizimkilərin təğlibat məharətinə.
Bəlkə də Azərbaycan xalqı AzTV-nin bu təbliğatına inanardı, əgər ölkədə olan acınacaqlı vəziyyəti bu telekanal “cənnət ləzzəti” kimi bizə sırımaq yolunu tutmasaydı.
Hər gün televiziyalarda pulsuzluq, işsizlik səbəbindən oğurluq edənlər, qatil olanlar, intihar edənlərlə bağlı xəbərlərin yayıldığı ölkədə, Isveçdəki aclıqdan, səfalətdən danışa bilmək əxlaq məsələsidi.
Ikincisi, Isveç bu yarışmaya doğurdan da belə sönük hazırlaşıbsa, bu, təqdir ediləsi bir haldır. Çünki Isveç hakimiyyəti sübut edir ki, hansısa yarışmaya milyonlarla pul xərcləməkdənsə, xalqın rifahını yaxşılaşdırmaq daha önəmlidir.
Əslində, rejimin və rejim kanallarının necə aciz durumda olduğunu anlamaq çətin deyil.
Bütün dünyanın nüfuzlu nəşrləri Dubay mülklərindən, Çexiya malikanələrindən, Vircin adasındakı oğurluq milyardlardan yazdığı vaxtda, AzTV-lər adekvat xəbər hazırlaya bilmir. Çünki həmin ölkələrin prezidentləri, nazirləri haqda belə məlumatlar yoxdur. Ona görə də yaptokratiya Isveç zibilliklərindən reportaj hazırlamağa məcbur olub.
Görünür, dünyanın haqlı tənqidlərinin qarşısına hakimiyyət “Eurovision” “dəbilqə”si ilə çıxıb. Tez-tez “bizim hərbi büdcəmiz, Ermənistanın dövlət büdcəsindən çoxdur” şüarı ilə silahlanan rejim, bu fikrin kifləndiyini görüb, “bizim ”Eurovision” büdcəmiz Isveçin “Eurovision” büdcəsindən çoxdur” şüarına keçib.
Yapışmağa budaq qalmayanda, yarpaqdan da istifadə etmək hüququ var.
Ancaq rejim bu təbliğatdan elə bir dövrdə istifadə etməyə başlayıb ki, artıq dünyanın xeyli inkişaf etmiş ölkələri bu yarışmada iştirakdan imtina ediblər.
Yəni bizimkilər “sroku” keçmiş məhsulun, “dad”ından danışırlar.
“Diktaturalar sonları yaxınlaşdıqca mürtəce addımlar atırlar” fikrini çox eşitmişik. Ancaq bu qədər yaxından şahidlik etməmişdik.
Sağ olsun AzTV, Isveçin az qala Azərbaycana möhtac qaldığı yönündə təbliğat aparmağı ilə rejimin sonunun yaxınlaşdığını bizə bir daha xatırlatdı.
Bunu AzTV-nin demokratiyaya xidməti kimi də qəbul etmək olar.
Tez-tez AzTV-yə baxın, rejimi ən çox ifşa edən kanala.