Avropada 1 həftəlik istirahət Azərbaycandan ucuz başa gəlir
Yay mövsümü yaxınlaşdıqca turizm mövzusu yenidən aktuallaşır. Daha doğrusu Azərbaycanın turizm ölkəsi olmasına və rəsmilərin bu sahənin inkişafı barədə uzun-uzadı danışmasına baxmayaraq, ölkə vətəndaşlarının nə səbəbdən xaricə üz tutması məsələsi yenə gündəmə gəlir. Geniş turizm potensialı olan
Azərbaycanın vətəndaşları bu imkandan niyə yararlana bilmir?
Azərbaycanın turizm bölgələrinə üz tutmaq əvəzinə başqa ölkələrə, əsasən də qonşu Türkiyə və Gürcüstana üstünlük verilməsinin səbəbi isə təbii ki, qiymətlərdəki fərqdir. Qiymətlə yanaşı xidmətdəki fərq də öz rolunu oynayır. Həm Azərbaycanda, həm də ölkə xaricində istirahət edənlər bu fərqin nə qədər böyük olduğunu təsdiqləyə bilər. Qiymətlərə nəzər salanda da Azərbaycanın regionun ən bahalı ölkəsi olduğunu görmək olur.
Bir həftəlik istirahət: Nabranda 1000, Yunanıstanda 600 manat
Azərbaycanın bölgələrində bir həftəlik istirahətin qiymətlərinə nəzər salaq. Onu da qeyd edək ki, istirahət üçün regionlara üz tutanlar hotellərdə və kiçik kotteclərdə qalmaq imkanı əldə edir. Belə yerlərdə bir gecə qalmaq 50-70 manata başa gəlir. Ən yaxşı halda bu pula səhər yeməyi daxil olur.
Məsələn, Nabranda bir günlük istirahət 70-120 manata başa gəlir. Bir otağın qiyməti 50, iki otağın qiyməti 100 manatdır. Yemək xərci isə azı 20 manat təşkil edir. Xidmətlər arasında hovuz, tennis meydançası, bilyard və stolüstü tennisi göstərmək olar. Nabranda bir həftə istirahət etmək istəyənlər 1000-1200 manatdan keçməlidir.
Xızıda da qiymətlər 60-100 manat arasında dəyişir. Bu qiymətə gündə bir dəfə yemək də daxildir.
Ismayıllıda səhər yeməyi daxil bir günlük istirahət 60-120 manata başa gəlir. Qubada da qiymətlərdə fərq yoxdur, gündəlik 60-160 manat. Cənub rayonlarında da vəziyyət eynidir.
Beləliklə, Azərbaycan daxilində bir həftə dincəlmək istəyənlər ən azı 1000 manat xərcləməlidir.
Bu qiymətə isə Gürcüstan və Türkiyə ilə yanaşı digər ölkələrdə də dincəlmək mümkündür.
Məsələn, Avropanın turizm ölkələrindən sayılan Bolqarıstanda 1000 manata 5 ulduzlu hoteldə 12 gün dincəlmək olar. Bu pula sığorta, viza, bilet, hotel və yemək də daxildir.
Adriatik dənizinin sahillərində dincəlmək istəyənlər 800 manata bir həftəlik Monteneqroya gedə bilər. Bura hotel, bilet, yemək, əyləncə mərkəzlərində istirahət, tibbi sığorta, viza, şəhər turu daxildir.
Yunanıstanda isə qiymətlər bir qədər də ucuzdur. Bu ölkədə 600 manata bir həftə istirahət etmək olar.
Aviabilet, transfer, gün ərzində 5 dəfə qidalanma, sığorta və əyləncə də daxil olmaqla 500 manata Türkiyədə 8 gün dincəlmək mümkündür. Qeyd edək ki, hər il 500 min Azərbaycan vətəndaşı istirahət üçün Türkiyəyə üz tutur.
Rusiyanın müalicəvi kurort zonalarında istirahət isə xeyli ucuzdur. Qonşu ölkənin sanatoriyalarında iki həftəlik müalicə və istirahət 400-500 manata başa gəlir.
Göründüyü kimi, təyyarə ilə Avropaya gedib dincəlmək bir neçə saatlıq yol qət edib Azərbaycanda istirahət etməkdən xeyli sərfəlidir.
İldə Azərbaycandan Gürcüstana 1 milyona yaxın turist gedir
Azərbaycandan ən çox turistlərin üz tutduğu ölkə isə qonşu Gürcüstandır. Azərbaycanlıların Gürcüstana istirahətə getməsi ayrıca bir mövzudur. Məsələ bundadır ki, Gürcüstana istirahətə gələnlər arasında azərbaycanlılar birinci yerdədir. Özü də azərbaycan vətəndaşları bu ölkəyə yalnız yayda deyil, il boyu istirahət üçün gedir. Məsələn, ötən ilin 11 ayı ərzində Azərbaycandan Gürcüstana 700 min turist gedib. Azərbaycanda “Turizm ili” kimi qeyd edilən 2011-ci ildə də vəziyyət fərqli olmayıb. 2010-cu ildə bu göstərici 490 min nəfər olub. Göründüyü kimi, ildən-ilə Gürcüstana üz tutanların sayı artır. Səbəb isə eynidir – yüksək keyfiyyət və ucuz qiymət. Təkcə iki qonşu ölkəyə – Türkiyə və Gürcüstana hər il Azərbaycandan istirahət üçün bir milyon adam gedir. Belə bir vəziyyətdə Azərbaycanda turizmin inkişafından danışmaq mümkün deyil.
Bakıda hotellər də başqa ölkələrdən bahadır
Xarici turistlər də Azərbaycana gəlməkdə həvəsli görünmür. Yenə də qiymət və keyfiyyətlə yanaşı ekoloji vəziyyət də öz rolunu oynayır. Əsasən dəniz sahilində istirahət etmək istəyən əcnəbiləri Xəzəri ekoloji durumu qane etmir. Hotellərdə qiymətlərin yüksək olduğunu isə rəsmilər də etiraf edir. Hətta Avropadakı turizm şirkətləri öz vətəndaşlarına Azərbaycana üz tutmamağı məsləhət görür. Buna səbəb yenə də qiymətlərdir. Başqa bir problem isə 2-3 ulduzlu hotellərin olmamasıdır. Bakıda 40-a yaxın hotelin olmasına baxmayaraq, onların arasında 1 və 2 ulduzlusu yoxdur. Bakıdan fərqli olaraq Tbilisidə 1 uduzlu 6, iki ulduzlu 2 hotel fəaliyyət göstərir. 1 və 2 ulduzlu hotellərin az olması isə daxili turizmə də mənfi təsir göstərir. Əgər Bakıda hotellərin bir günlük qiymətləri 60 dollardan başlayırsa, Moskvada bu rəqəm 10, Istanbulda 10, Tbilisidə 20, Nyu-Yorkda 40, Londonda 10, Dubayda 20 dollardır.
İstirahət üçün ən ucuz ölkələr
Avropada istirahət üçün ən ucuz ölkə Bolqarıstandır. Avropalılar 130 avroya bu ölkədə bir neçə gün rahat dincələ bilər. Rumıniyada da qiymətlər fərqli deyil. 140 avroya isə Türkiyəyə üz tuta bilərlər. Bu ölkələr rusiyalı turistləri daha çox cəlb edir. Bir qədər uzaqda istirahət etmək istəyənlər isə daha çox Misir və Mərəkeşə üstünlük verir. Bu ölkələrdə istirahat qiymətlərin ucuzluğuna görə də cəlbedicidir. Yeganə gəlir mənbəyi turizm olan Tailandda iki həftəlik istirahət cəmi 500 dollara başa gəlir.
Avropada, hətta Asiya və Afrikada istirahət Azərbaycandan ucuz və daha keyfiyyətli olduğu halda turistlərin ölkəmizə üz tutacağını gözləmək olmaz. Hər halda ölkəyə istirahətə gələnlər təbliğata deyil, keyfiyyətli xidmətə qiymət verir. Bu məsələdə isə rəsmilərin turizm ölkəsi kimi təqdim etdiyi Azərbaycan başqa ölkələrdən çox geridədir.
Fizzə