REAL hərəkatı qurumun sədri İlqar Məmmədovun həbsinə etiraz olaraq imza toplama kampaniyasına başlayır. Bu barədə hərəkatın yaydığı məlumatda bildirilir:
“REAL Hərəkatının sədri İlqar Məmmədov qanunsuz olaraq siyasi sifarişlə həbs olunmasından 100 gün keçir. Bu günlər ərzində hakimiyyət İlqar Məmmədovun həbsinin siyasi sifariş olduğunu öz əməlləri ilə sübut etdi. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı tarixində ilk dəfə İlqar Məmmədovun işinə 45 gün ərzində baxılması və cavab verilməsi üçün hakimiyyət orqanlarına 18 iyuna qədər vaxt verilməsinə cavab olaraq, İlqar Məmmədova qarşı yeni absurd ittihamlar və yeni maddənin tətbiq edilməsinə qərar verən hakimiyyət orqanları bu işdə qərəzli olduqlarını, hər vəchlə prezidentliyə namizəd İlqar Məmmədovu zindanda saxlamağı məqsəd kimi qarşılarına qoyduqlarını sübut etdilər.
REAL Hərəkatı olaraq sədrimiz İlqar Məmmədovun həbsinə etiraz bildirmək üçün vətəndaşlardan imza toplama kampaniyasına başlamağımızı elan edirik. İmza vərəqələrini almaq və bu aksiyada iştirak etmək üçün REAL Hərəkatının ofisinə (Qutqaşenli küç. 97, tel: 012 510 57 12), qurumun İdarə Heyətinin üzvlərinə və İcra Katibinə müraciət etmək kifayətdir. Bütün vətəndaşları bu aksiyada yaxından iştirak etməyə dəvət edir, prezidentliyə namizəd İlqar Məmmədovun qeyri-qanuni həbsinə etirazlarını bildirməyə çağırırıq. İnanırıq ki, bu kampaniyada REAL Hərəkatı üzvləri, təəssübkeşləri, qeyri-qanuni həbsə etiraz edən vətəndaşlar aktiv iştirak edəcəklər”.