Çinli filosof Konfusi deyirdi ki, hər şeyin öz adını qaytarın, onda onları dərk etmək də asan olacaq. Doğrudan da, adlar adamı çaşdırır. Hətta bəzən adama elə gəlir ki, insanlar bir şeyi öz adı ilə deyil, başqa bir adla çağırmaqla özlərini aldatmağa çalışırlar, özlərini elə aparırlar ki, sanki reallıqda bir şey deyil, tamam başqa bir şey var.
Az qala bir neçə ay ölkənin yeganə tədbirinə çevrilmiş 90 illik yubiley şənliklərinə baxanda özümə lap Mirzə Cəlilsayağı sual vardim. Ən əvvəlcə özümdən soruşdum ki, əcəba, mən kiməm? Mənim Vətənim haradır? Mənim Vətənimdə indi hansı quruluşdur?
Deyəcəksiniz ki, bu da özünə iş tapıb. Amma tələsməyin. Ən əvvəl göylərdən nida gəldi ki, sən türksən, amma azərbaycanlı adlanmağa məcbursan. Elə burada, necə deyərlər, barmağımı dişləməli oldum.
Bəli, vur-tut 70-80 il bundan irəli mənim babalarımın pasportunda türk sözü yazılırdı. O vaxt mənim şairlərim də Moskvaya, I.V.Stalinin özünə xitabən şeirlərində “Azərbaycan qızları” deyil, “türk qızları” yazırdılar. Bundan bir qədər əvvəl, indiki türk qardaşlarımız özlərini osmanlı adlandırarkən bizim babalarımız özlərini türk deyir və “Osmanlıdan türkcəyə nə tərcümə?” deyə təəccüb dolu sual edirdilər.
Amma indi, ləzgilərin, talışların, hətta çox azsaylı xalq olun udinlərin özlərini olduğu kimi adlandırdığı bir vaxtda mən özümü azərbaycanlı kimi təqdim etməyə məcburam. Əcəba, nə olub? Bu türk sözündən niyə bu qədər qorxurlar? Qətiyyən anlamıram. Özü də deyirlər ki, ölkəmiz Cənubi Qafqazda ən müstəqil siyasət yürüdən dövlətdir. Bu necə müstəqil dövlətdir ki, biz özümüzü öz adımızla çağırmağa da qorxuruq?
Daha sonra nida gəldi ki, sənin Vətənin Azərbaycandır. Amma o Azərbaycan ki, onun böyük hissəsini farslar, bir hissəsini də ermənilər işğal edib. Bəlli oldu ki, əslində mən dünyanın ən fağır, yazıq bir ölkəsinin nümayəndəsiyəm.
Bundan sonra nə edək? Bizim adımız kimi bölünmüş xalq olduğumuzu da dilə gətirmək yasaqdır, çünki bundan bizim hakimiyyətə ziyan dəyə bilər, onların biznesi pozular. Bir neçə il bundan əvvəl hamı bütöv Azərbaycan haqda, onun birləşəcəyi gün haqqında danışırdı. Indisə hamı susur. Səbəb nədir? Bəlkə iki yüz il deyilənlər, yazılanlan bir röya imiş, yalan imiş?
Deyirlər ki, quruluşun respublikadır, yəni sənin Vətənin bir respublikadır. Buna da özümü inandırmaq istəyirəm. Amma ölkənin telekanallarına, diplomatik protokol qaydalarına, bu ölkəyə gəlib-gedənlərin ilk növbədə hara baş çəkdiyinə diqqət yetirirəm və dərhal da özümdən soruşuram: əcəba, məgər respublika belə olurmu? Respublika deyəndə gözlərimin önünə ABŞ, Fransa və onlarla başqa dövlət gəlir. Bugünkü Azərbaycan respublikadırsa, onda o biri ölkələr nədir?
Indi başa düşürəm ki, niyə görə bugünkü Azərbaycanı olduğu kimi, bəzi ölkələrdə olan kimi, monarxiya adlandırmırlar? Bunu, deyəsən, anlamışam, Elə düşünürəm ki, bunu ona görə etmirlər ki, bizim monarxlar dünyadakı monarx və mütləqiyyət təmsilçilərindən qat-qat artıq səlahiyyətə və var-dövlətə sahib olduqları üçün belə etmirlər.
Hətta Ingiltərə kraliçasının həyatı Ingiltərinin həyatında bu qədər yer tutmur, kraliça ingilisləri bu qədər məşğul etmir, onun illik xərcələrini də tənzimləyirlər, özü də bunu parlament edir, üstəlik, hakimiyyəti də bizdə olan qədər deyil. Məhz bu səbəbə görə Azərbaycandakılar özlərinə monarx demir? Inanmıram ki, orada hər il kraliçanın ad gününü qeyd etmək üçün 250 ton gül alınmış olsun. Dünyasında buna inanmaram. Amma burada alırlar. Bilmirəm ki, orada krallara heykəl qoyurlar, ya yox? Amma burada əsl heykəl bumu hökm sürür.
Başqa nələri deyim? Mənim Vətənim azad və müstəqil, üstəlik, respublika olsaydı, yada salardılar ki, bu il həmin respublikanın yaranmasının 95 ili tamam olur, buna da hazırlaşmaq lazımdır. Amma heç kim bu haqda danışmır.
Gül alan da yoxdur. Ola bilsin, televiziyada bir-iki dəqiqəlik süjet verəcəklər və onu da elə təqdim edəcəklər ki, adam buna nəinki sevinməyəcək, hətta peşimançılıq çəkəcək.
Indi bildinizmi bura niyə monarxiya adlanmır? Həm də ona görə belə adlanmır ki, monarxiya adlandırıb iki-üç nəfəri qıcıqlandırmağın, bir-iki nəfərin əlinə tutacaq verməyin nə mənası var?
Ölkəni monarxiya adlandırmadan da monarxiya kimi idarə etmək və monarxlar kimi, hətta onlardan da bir az artıq yaşamaq mümkündür…