Bura yazıram: yeddi əsgərin ölümü axırda jurnalistlərin boynunda qalmasa, qətliamı hansısa birimizin üstünə yıxmasalar, bunların ürəyi sakitləşməyəcək.
Murovdakı dəhşətli hadisənin üstündən günlər keçib. Hələ də bizi, xalqı maraqlandıran heç bir sualın cavabı yoxdur. Faciənin üzərinə göz-görəti böyük bir sirr pərdəsi çəkilib. Qətliamın səbəbinin qarşısına böyük bir sual işarəsi qoyulub. Ən xırda versiya belə yoxdur. Hadisəni törədən əsgər – onun da adı açıqlanmır. Ölübmü, qalıbmı? Bəlli deyil. Cinayətin şahidləri varmı? Bilinmir.
Müdafiə Nazirliyinin tək bildiyi şey medianı suçlamaqdır. Dünən də Səfər Əbiyevin sözçüsü çıxdı, müxalifət qəzetlərinin bostanını daşladı, ordu ilə bağlı faktların şişirdildiyini dedi, əsassız şeylərin yazıldığını söylədi. O zaman jurnalistlərə niyə saldırırsınız, cənablar? Əvvəlcə Ilham Əliyevin üstünə gedin. Hər halda qətliamdan sonra Şəfiyev soyadlı generalın poqonlarını əlindən alan, onu korpus komandiri görəvindən uzaqlaşdıran biz deyilik, kral həzrətlərinin taa özüdür. Gedin ondan soruşun ki, niyə qətliamı bu qədər şişirdib, belə əsassız fərman verib.
Amma yooox… Bunlar hamısı süddən çıxmış ağ qaşıqdılar, imam övladlarıdılar. Aydan arı, sudan durudular. Günəş dəyməmiş quzey qarıdılar. Tək suçlu isə – jurnalistlər, jurnalistlər, jurnalistlər!
Səfər Əbiyevin sözçüsü Eldar Sabiroğlu dünən deyib: “Silahlı Qüvvələrimizin ayağına zəncir vurulmasına qətiyyən imkan vermək olmaz. Təəssüflə deməliyəm ki, bəzən belə cəhdlərə rast gəlirik. Bundan da düşmən çox gözəl istifadə edir. Belə ki, son günlər bizim bəzi mətbuat vasitələrində hansı təhlillər aparılırsa, hamısını nöqtəsinə, vergülünə toxunmadan erməni mətbuatı dərc edir. Özləri demək olar ki, heç bir şərh vermirlər. Görünür, bizdəki yazı-pozular, bəyanatlar onlar üçün kifayət edir”.
Heç sözdü, siz allah? Belə çıxır ki, Eldar müəllim bizim ordu haqqında yazdıqlarımızı gedib erməni mətbuatından oxuyur. Və ermənilər bu yazıları nöqtə-vergülünədək çap etməsələr, bizim Müdafiə Nazirliyindən də heç bir reaksiya gəlməz, “çırt” səsi çıxmaz.
Bir az da öz qəzetlərimizi oxumaq lazımdı, Eldar müəllim. Oxumaq və zamanında reaksiya vermək lazımdı. Əsgərimiz intihar edir, zəhərlənir, şəhid olur, nə bilim, əsgər yoldaşını güllələyir, zəng edirik sizə, elə hey eyni cavabı eşidirik: “Müdafiə Nazirliyində bu barədə məlumat yoxdur”. Amma indi baxırıq ki, öz hərbi hissələrində nə olub-bitdiyindən xəbəri olmayanlar maşallah, tfu, tfu, göz dəyməsin, erməni mətbuatından əməlli-başlı məlumatlıdılar, düşmənlərimiz nə yazırlar, nə pozurlar, dörd gözlə oxuyurlar. Üstəlik, reaksiya da verirlər.
Bir də ki, nə baş verdi birdən-birə, Azərbaycanın tənqidçi mətbuatı belə matah mal oldu? Nə baş verdi ki, qüdrətindən, gücündən ağızdolusu danışdığınız bir ordunu bir-iki yazı ilə sarsıda, onun ayaqlarını zəncirləyə bildi qəzetlər? Bəs dünənədək deyirdiniz, müxalifət qəzetlərinin ictimai rəyə heç bir təsiri yoxdur? Bəs dünənədək deyirdiniz, bizim yazdıqlarımızı heç kim oxumur?
O ki qaldı Silahlı Qüvvələrin ayağına zəncir vurulması məsələsinə, cənab Sabiroğluna bu mövzuda deyəcək iki sözüm var:
BIR: Silahlı Qüvvələrin ayağına zəncir vuranları jurnalistlər arasında yox, hakimiyyətdə axtarın, hansı ki, bu zənciri yalnız seçkidən seçkiyə açırlar;
IKI: “Silahlı Qüvvələrin ayağına zəncir vurmayın” deyərək qəzetlərin də ağzına qıfıl vurmaq olmaz.
Inşallah, ermənilər bu yazını tez tərcümə eləyib çap edər ki, Eldar müəllim də oxusun…
Əl boyda hekayə
Iki gün əvvəl keçmiş bir YAP-çı ilə olanlardan-bitənlərdən danışırdıq. “Necə silə bilərəm üstümdəki bu ləkəni?” dedi. “Bir daha YAP-çı olmamaqla” dedim. Güldü. Məgər üstünə düşən yağ ləkəsini deyirmiş…
Son günlərin ən populyar sualları
BIR: Seymur Baycanın son romanını oxumusanmı?
IKI: Bu korrupsiyaya qarşı mübarizədən ağlın nə kəsir?
ÜÇ: Guya Səfər Əbiyev istefa versə, ordu düzələcək?
DÖRD: Mübarək getdi, Qəddafi gedir, görəsən, növbədə kimdir?
BEŞ: Bizdə inqilab nə vaxt olacaq?