Onların durumu məzəli deyil. Artıq bir ildir ki, tarifsiz kədərlər, əzab-əziyyət, məşəqqət, zülm içində çöllü-biyabanlarda yaşayırlar. Birbaşa hakimiyyətin yırtıcı təbiətindən doğan təbii fəlakət onları ev-eşiklərindən, yurd-yuvalarından eləyib.
Korrupsiya o qədər güclü, o qədər güclü ki, hətta insanın özündən də güclü. Insan heç bir halda təbiətə hökm eləmək, sel-daşqın törətmək gücündə deyilsə də, korrupsiyada bu güc, bu əzəmət var. Həmin korrupsiyanın gücündəndi ki, ötən il Kür daşdı və sel ipək kimi yumşaq, daş kimi sakit adamların əllərində olan babat rahatlığı da alıb qaçdı.
Ancaq insanlar it zülmünə ürcah olurkən, buna səbəb olmuş bir məmurun burnuna çırtma vuran belə olmadı, bir şəxs belə cəzalandırılmadı. Çünki “bu səri-çeşmə əzəldən bulanıb”, “başdan bulanıb, ey qafillər”, – dedi bizə həyat faktları.
Çayların təmizlənməsi, Kürün deltasının dərinləşdirilməsi üçün ayrılan 80 milyon manatı bir məmur yeməmişdi ki! Əvəzində nəinki kimsə cəzalandırıldı, əksinə, korrupsiya üçün yeni üfüqlər doğdu. Evlərindən didərgin düşənlərə ayrılmış yardımların böyrünə sonradan sıfırlar artırıb var-dövlətlərini bir az da artırdılar.
Və sonunda camaat dözmədi. Iki gün qabaq Saatlı-Sabirabad rayonunun seldən əziyyət çəkmiş insanları ayağa qalxdı. Bu ölkədə hətta öz evində, oturduğu kreslodan ayağa qalxmaq qiyam sayıldığı halda, camaatın belə qalxması qiyam yox, əsl inqilab sayıla bilər.
Ancaq nəyə desələr and içə bilərəm ki, mən bu qədər məzəli inqilab görməmişdim. Türklər demiş, pəs, vallahi, pəs!
Təsəvvür eləyək: sosializmə qarşı qiyama qalxıb “Kommunizmə yox!” şüarı yazılmış plakat qaldırırsan və o biri əlində də Leninin “Yaşasın Lenin baba” yazılı iri rəsmi; “Silahlı inqilaba yox!” və Çe Gevaranın sevgili sözlərlə süslənmiş portreti; “Terrora yox!” və Bin Ladenin “əsədül-islam” yazılı portreti… Və ən nəhayət, “Korrupsiyaya yox!” yazılmış plakat və onunla yanaşı Heydər Əliyevin “ümummilli lider” yazılmış, bir də buna bənzər şəkilaltısı olan başqa bir portret: inamsız üz cizgiləri olan oğul Əliyev…
Olurmu, yahu?
Adamda belə təəssürat yaranır ki, bu toplum ikili hisslərdən əziyyət çəkir. Ayağa qalxmanın səbəbləri aydındı – çəkilən məşəqqətlər və korrupsiya, hökumətin suçundan xalqa dəymiş ziyanı təbii fəlakətin adına yazmaq və onlara mərifətli kompensasiya verməmək. Bu səbəb dünən də vardı. Ama qalxan yox idi. Ayağa qaldıran o güc, enerji Yaxın Şərq inqilablarından gəlir. Indi istənilən azərbaycanlı gecə yerinin içində də olsa, özünə bu sualı verir: “Mənim nəyim ərəbdən əskikdi?” Və ayağa qalxır.
Bəs bu ikili hiss? Axı ərəblər hansısa diktatorun, korrupsionerin portretini qaldırmışdılarsa da, üstündən bir “X” çəkmişdilər. Bəs bizdə niyə belə? Bax, bu bizim ikili hissimiz deyil, yanlış inancımız da deyil. Sadəcə, azərbaycanlının qanında olan sadəlövh fəndgirlik, sadəlövh biclik. “Baxın, biz müxalifətdən deyilik” mesajı. Vecinə alan kimdi? Rüşvətlə sistemə götürülən polis nə bilir mesaj nədi. Rəis “vur” deyib, vəssalam. Həmin portret yiyələrinin tərbiyə elədiyi polisdi bu. Elə həmin zillət içində yaşayan xalqın övladlarıdı. Valideynləri rüşvət verib onu işə düzəldib ki, evə “ruzi” gətirsinlər. Axşam evə dönəndə uniformalarını soyunub ev libası geyinəndə onlar polis xislətlərini də soyunub adi adam olacaqlar. Elə o qiyama qalxmış həmkəndliləri ilə deyib-güləcək, yeyib-içəcəklər. Eyni masa başında onun portretinə də, rejiminə də söyüb gözləri yaşaranacan qəşş eləyəcəklər. O portret ideyasını ortaya atan fəndgir “ağsaqqalları” da, o portretləri əlində tutub “biabır” olan “cayılları” da masqaraya qoyacaqlar. Bu, artıq ədəbiyyatdı. Bu, azərbaycanlı portretidi.
Ama bir şey var – gələn səfər heç kim o portretləri əllərdə görməyəcək. Inandırıram sizi. Daha o qalstuklu “ağsaqqal”ları dinləyən də olmayacaq. Ən azı, ərəblərdən ayıbdı…