Eldəniz Quliyev
Son vaxtlar mətbuat səhifələrində, eləcə də bəzi tədbir və müzakirələrdə ziyalıların siyasiləşməsi haqda müxtəlif fikirlər səslənir. Bu yaxınlarda hörmətli bir təşkilatın keçirdiyi və əsasən bu mövzuya həsr edilmiş bir tədbirin iştirakçısı oldum. Təəccübümə rəğmən, çıxış edənlərin əksəriyyəti “Bu gün ziyalılarımız hökmən siyasiləşməlidir. Buna alternativ yoxdur!” – söylədilər. Sözün doğrusu, həyat təcrübəsinə, elminə, qələmi və digər müsbət xüsusiyyətlərinə hörmət bəslədiyim insanların birmənalı olaraq belə fikir yürütməsi məni çaşdırdı. “Necə yəni?.. Axı ziyalı niyə və nə səbəbə siyasiləşməlidir? Özü də ”hökmən!” Nə üçün? Nə xəbərdi?…” – bu sualları ürəyimdə təkrar edə-edə duruxub qaldım.
Indiyəcən mən, yarıciddi, yarızarafat düşünmüşəm ki, qələm əhli çox vədə yaxşı danışa bilmədiyi üçün yazmağa, siyasətçi isə çox zaman yaxşı yaza bilmədiyi üçün danışmağa qərar verən insandır. Yəni, siyasətçi nə vaxtsa böyük sənətkar-şair, ya yazıçı olmaq istəyən, amma ola bilməyən, yazıçı isə sanballı siyasətçi olmağı arzulayan, lakin bu arzusuna yetişməyən adamdır və hər ikisi, əslində, uğursuz şəxsiyyətdir. Belə çıxır ki, mən pis-yaxşı, bir yazıçı kimi öz xoşumla siyasətə qoşulmalı və bununla ikiqat uğursuzluğa imza atmalıyam? Ikiqat uğursuzluq isə, yəqin ki, elə bədbəxtlik deyilən şeyin birinci qatıdır. Əlqərəz…
Ziyalıların siyasiləşməsinin labüdlüyü barədə ciddi müzakirə açan hörmətli tədbir iştirakçıları öz fikirlərini əsaslandırmaq üçün bolluca misallar çəkdilər – M.F.Axundovdan tutmuş, Ü.Hacıbəyovu, C.Məmmədquluzadəni, M.Ə.Sabiri və daha kimləri nümunə göstərərək, dürlü-dürlü sitatlar gətirdilər.
Bu gün ölkə siyasi kataklizmlər məngənəsindədir, bu üzdən ziyalı zatlarımız mütləq və mütləq siyasiləşməlidir – vəssalam!” – bu hökmü elə cidd-cəhdlə bəyan etdilər ki, “SIYASILƏŞMƏLIDILƏR” kəlməsi qulaqlarımda, eynilə “SILAHLANMALIDILAR!” kimi cingildədi.
Nə deyim, vallah?.. Özümü cəmləyib, bu odlu-alovlu çıxışların arasına bir-iki replika “atmağa” cəhd göstərdim. Istədim deyəm ki, cənablar, bəylər, müəllimlər! Mən sizinlə əsla razı deyiləm, çünki siyasiləşən ziyalı tək əllə voleybol oynayan adama oxşar və o, siyasətə baş vuran kimi, “cini uçub getmiş çırağa” çevrilər. Bir də mən (əgər ziyalıyamsa) niyə mütləq siyasiləşib fonoqramla oxuyan müğənnilərə bənzəyən siyasətçilərə qoşulmalıyam?.. Və sair və ilaxır.
Amma susdum. Yaxşı ki, susdum. Çünki mənə elə gəldi ki, ağzımı açıb nə isə deməsəydim, söz əvəzinə, mütləq qarıldamalıydım. Və hamı da o dəqiqə mənim ağ qarğa ol duğumu görüb biləcəydi.
Deyirəm, dünyanın işləri doğrudan da, qəribədir. Yəni qaşınmayan yerdən qan çıxaranlara “fora” verən qan çıxan yeri qaşıyan bəzi müəllimlər, görən bu cür sürüşkən təbliğatla nə məqsəd güdürlər? “Siyasətdə əxlaq”dan dəm vuran, dahi Nizamidən kitab yazıb, Nizaminin bircə şeirini əzbər bilməyən möhtərəm alimin, yaxud siyasətdə özünü və özünəbənzərlərin hamısını şahmat piyadalarına bənzədən, qibtə olunacaq canfəşanlıqla hamını fədakar mübarizəyə səsləyib, özünü isə həmişə qorxusuz-hürküsüz yerə verən sayğılı akademikin niyyəti nədir?
Sual eləyirəm: ziyalı axı nə üçün siyasiləşməlidir? Olmazmı, siyasət özü zəhmət çəkib ziyalılaşsın? Siyasət, onunla bərabər də elə siyasətçi özü ziyalılaşsa, yaxşı olmazmı? Çünki ziyasız siyasətçilər ta boğaza yığıblar, dəngəsər eləyiblər bizi!.. Bəlkə belə deyil?!
Əsl Ziyalı kimdir?
Kimlərə aydın insan demək olar? Bu suallara zaman-zaman yetərincə və ətraflı cavablar verilib. Bunun mahiyyətinə varıb, dəfələrlə eşidib-bildiyimiz tərifləri dübarə xatırlatmağa lüzum görmürəm. Sadəcə, əgər bir ziyalı kəsi deyilən ölçülərdən birinə, tutaq ki, Günəş şüasına oxşatsaq, onda, siyasiləşmiş ziyalı, olsa-olsa, həmin o şüanı özündə əks etdirən güzgü sınığının qaramtıl divara saldığı işartıya bənzəyəcək.
Qoy ziyalı zümrəsi siyasiləşib-eləmədən, bu siyasət nəmənədirsə onun qabağına düşsün, yanınca getsin, ondan yuxarıda olsun, amma amanın günüdür, təki siyasiləşməsin.
Bir məqama da toxunaq. Mənə elə gəldi ki, tədbirdə çıxış eləyən, adlarını çəkmədiyim çox hörmətli-izzətli insanlar “SIYASILƏŞMƏ” deyəndə, istəsələr də, istəməsələr də, məhz PARTIYALAŞMA nəzərdə tuturdular. Və heç şübhəsiz ki, bu sayaq yanaşma bizə yaxşı heç nə vəd etmir. Istəyirəm sözlərim düzgün qəbul edilsin, yəni, bununla siyasi partiyalarda fəaliyyət göstərən və təbii ki, hakimiyyətə iddialı olan, öz qurumlarının mənafeyini güdən ziyalı qardaş-bacılarımın mövqeyini qınamaq fıkrində deyiləm. Əksinə, mən aydınların siyasi mövqeyini də, əqidəsini, əzmkar mübarizəsini də səmimi qəlbdən təqdir edir, alqışlayır və dəstəkləyirəm. Ancaq eyni zamanda, istəyirəm ki, bu və ya digər səbəbdən heç bir siyasi quruma qoşulmayan BITƏRƏF ziyalıları da düzgün başa düşsünlər; onları zorla hər hansı bir təşkilata qoşulmağa, xoş-naxoş hər hansı bir ideya ardınca getməyə təhrik etməsinlər. Çünki bitərəf, daha dəqiqi, müstəqil ziyalıların əksəriyyəti, onsuz da heç nədən və heç kimdən qorxub-çəkinmədən, bütün varlığıyla mübarizə aparan, öz Xalqı və Vətəninin taleyini hər şeydən uca tutan nəcib insanlardı.
Qənaətim budur ki, ziyalıların müstəqil və partiyasız olması strateji, eləcə də taktiki baxımdan daha düzgündür. Əlbəttə, bu nöqteyi-nəzər aksioma deyil və aksioma kimi qəbul olunmamalıdır da. Düzdür, təəssüflə deməliyik ki, bu gün ictimai rəydə adı hallanan bir çox bitərəf insanlar daha çox “psevdo” bitərəfliyə meylli olduqlarını nümayiş etdirirlər. Eləcə də, “bitərəf” sözünü (müvafiq olaraq, bu sözün daşıyıcısını) son illər yoğurub-əzib, çəngələyib elə günə salıblar ki, zavallı bitərəf bitərəfdən daha artıq, onun həmqafiyəsinə çevrilib. Amma belə olmamalıdır! Qətiyyən belə olmamalıdır!
Əsl BITƏRƏFLIK xalqın tərəfində olmaq deməkdir. Xalqın iradəsini, ruhunu əks etdirmək deməkdir. Bu mənada, tərəfsiz, təmənnasız olmaq, əslində, hər iki tərəfdən daha artıq məsuliyyət daşımaq, daha artıq əzab-əziyyətə qatlaşmaq deməkdir. Tərəfsizlik, ilk növbədə, hər hansı siyasi partiyanı hakimiyyətə gətirməkdən daha çox, ləyaqətsiz və başıpozuq hakimiyyətin iqtidardan getməsinə çalışmaq deməkdir. Və təbii ki, bunu bəziləri kimi, səs tellərinin köməyi ilə yox, daşdan keçən dəlil-sübutlar və dəmir məntiqlə etmək lazımdır. Tərəfsiz ziyalı, həmçinin təmənnasız və hakimiyyətə (müvafiq olaraq, vəzifəyə) iddiası olmayan partiyasız insan deməkdir. Partiyasızlıq isə, mənim anlamımda, müstəqil, obyektiv olmaq və bütün partiyalara, (əlbəttə, bəzi istisnayla!) siyasi, qeyri-siyasi təşkilatlara eyni gözlə baxmaq, eyni hörmət və eyni qayğıyla yanaşmaq, ölkənin müstəqilliyi üçün əsim-əsim əsmək, dövlətçiliyini göz bəbəyi kimi qorumaq, vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşamaq, milli birlik idealı ilə nəfəs almaq deməkdir. Nəhayət, Tanrının bəxş elədiyi IŞIĞI elə Tanrının öz buyurduğu kimi, hamıya eyni cür və eyni səmimiyyətlə paylaşdırmaq deməkdir.
“Mütləq tərəflərin birində olmalısan!”“Hökmən bir tərəfə, bir düşərgəyə keçib, bir rəngdə – ağ, ya qara (vay ağ qarğanın halına!) olmalısan!”; “Mənimlə deyilsənsə, düşmənimləsən!”… Zənnimcə, bu sayaq düşüncə tərzi olduqca zərərlidir və yumşaq desək, merkantil bolşevik təfəkkürünü, eləcə də, konformist YAP-çı xislətinin astar üzünü xatırladır. Demokratik düşərgəyə, mili-mənəvi-insani-dini dəyərlərə rəğbətlə yanaşan insanlar əsla belə deməməli, belə düşünməməli və belə inadkar tələblər irəli sürməməlidirlər.
Bu gün artıq heç kimə sirr deyil ki, MÜXALIFƏT-IQTIDAR qarşıdurması az qala, öz kulminasiya nöqtəsinə çatıb. Kin-küdurətlə, nifrət və ədavətlə (üzr istəyirəm) hamilə olan cəmiyyət son nəticədə VƏTƏNDAŞ QARŞIDURMASI doğa bilər. Təkcə elə bu real təhlükə, bu gün obyektiv, müstəqil və tərəfsiz mövqedən çıxış edən ziyalı zümrəsinin müstəsna vacibliyinin sübutu deyilmi?!
Əhalinin böyük hissəsi bu gün iqtidarı qəbul etmir, müxalifətə isə inanmır. Bu, acı bir həqiqətdir. Sual olunur: belə bir vəziyyətdə, dediyimiz həmin o böyük bir qisim əhalini kimlər ictimai aktivliyə səfərbər edə bilərlər? Əlbəttə ki, mütərəqqi fikirli, tərəfsiz düşüncə sahibləri! Passiv hesab edilən həmin əhalinin ictimai aktivliyə cəlb olunması, son nəticədə daha çox kimlərə və ya hansı qüvvələrə lazımdır? Əlbəttə və şübhəsiz ki, demokratik qüvvələrə! Və elə xalqın özünə!
“Ziyalılar siyasiləşməlidir” – deyən və bununla bəlkə də bu gün demokratik düşərgəyə köməklik etmək məqsədi güdən insanlar, əslində, özləri də bilmədən (bəzən bilərəkdən!), elə həmin o düşərgənin sabahı üçün qaş düzəltdikləri yerdə gözü də çıxarmış olurlar. Düşünürəm ki, məsələnin paradoksa bənzəyən məğzi-mabədi budur.
Bu gün haqsızlıq və ədalətsizliklərlə barışmamaq, baş alıb-gedən xudbinliyə, laqeydliyə, korrupsiyaya, konformizmə, idarə olunan siyasi xaosa və ağ YALANA qarşı mübarizəyə qalxmaq lazımdırmı?
Əlbəttə!
Zülmə, zülmkara sinə gərib, dirəniş göstərmək vacibdirmi?
Əlbəttə!
Demokratik qüvvələrə dəstək, istiqamət vermək, onların önünə düşmək, düşmən tapdağı altında qalan doğma torpaqlarımızın xilasına çalışmaq, lazım gələrsə, onun uğrunda ölümə getmək mütləqdirmi?
Əlbəttə!
Və bizə “Əlbəttə” dedirən bu sayaq ağrılı-acılı mətləblərin sayı istənilən qədərdi. Çünki bu gün bizim problemdən savayı özgə heç nəyimiz yoxdur. Hər bir ziyalı bəndə bu problemləri qaldırmağa, həllini tələb etməyə, bunların uğrunda çarpışmağa-vuruşmağa borcludur. Bu, onun vəzifəsi, missiyası, alın yazısıdır. Və heç də vacib deyil ki, o, bütün bunları etmək üçün gərək özünü partiya ağuşuna atıb, siyasiləşsin.
Özü də bunları həyata keçirərkən, yəni öz vəzifəsini, borcunu, missiyasını yerinə yetirərkən siyasətin, ya siyasətçilərin boynuna minnət də qoymamalıdır. Bu minvalla, bu əqidə və amalla yaşayıb-mübarizə aparmaq, sadəcə, onun həyat tərzi, fəaliyyət prinsipi olmalıdır.
Son olaraq, bir məsələyə də toxunum. Bəli, balıq dənizdə yaşadığı kimi, biz də bu gün siyasətin “içindəyik”. Ancaq dənizin duzlu suyunda yaşayan, dediyimiz həmin o balığın özü nə üçünsə qətiyyən duzlu olmur. Qəribədir, eləmi?
Əsl ziyalı da belə olmalıdır və nə qədər siyasətin dərinliklərinə baş vurursa vursun, heç vaxt SIYASILƏŞMƏMƏLIDIR. Onun əhəmiyyəti, məğzi, cəmiyyətə verə biləcəyi xeyri, ictimai çəkisi və s. məhz elə siyasiləşməməyindədir.