Hakimiyyətin «facebook» narahatlığının ilk «bəhrəsi»
Xeyli müddət idi ki, Azərbaycan hakimiyyəti sosial şəbəklərdəki siyasi aktivlikdən narahatlıq keçirir və bu narahatlığını fürsət düşdükcə dilə gətirirdi. Istər yüksək səviyyəli rəsmilər, istər hakimiyyətyönlü deputatlar, istərsə də, digər vəzifəli şəxslərin dilindən xüsusən “facebook” sosial şəbəkəsinin əleyhinə dəfələrlə bəyanatlar səsləndirilmiş, hətta onun qapadılmasının vacib olduğunu deyənlər də tapılmışdı.
Azərbaycanda fəaliyyət göstərən iki aparıcı mobil operatorun – “Azərcell Telekom”un və “Bakcell”in bugünlərdə “0. facebook” xidmətini dayandırması “facebook” əleyhinə aparılan məlum kampaniyanın ilkin nəticəsi oldu.
Məlumat üçün deyək ki, “Azercell” abunəçiləri ötən ilin aprel ayından, “Bakcell” abunəçiləri isə ondan xeyli əvvəldən öz mobil telefonlarında pulsuz “facebook” xidmətindən istifadə edirdilər. Bugünlərdə isə hər iki operator bu xidmətini dayandırıb. Düzdür, şirkətlər bu fasiləni xidmətin keyfiyyətini artırmaq üçün verdiklərini deyirlər. Məsələn, “Azercell”in rəsmi açıqlamasında bildirilir ki, bu il mayın 3-dən “0.facebook.com” xidməti və “pulsuz mobil twitter” kampaniyası, imkanların daha da artırılması, texniki çətinliklərin qarşısının alınması məqsədi ilə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar dayandırılır. Pulsuz xidmətin nə zaman başa çatacağı isə qeyri-müəyyəndir. “Bakcell” şirkəti də, bunun texniki və həlli gözlənilən məsələ olduğunu bildirir.
“Facebook”u məhdudlaşdırmağın ən optimal yolu…
Amma bütün bu açıqlamalara baxmayaraq, pulsuz “facebook” xidmətinin dayandırılması ilə bağlı göstərişin hakimiyyətdən gəldiyini ehtimal etməyə xeyli səbəblər var. Hakimiyyət fərqindədir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial medianın ictimai rəyə böyük təsiri var. Insanlar sosial şəbəkələrdə narazılığını, hakimiyyətlə bağlı fikir və tənqidlərini açıq şəkildə bəyan edir, üstəlik çox rahatlıqla təşkilatlanırlar. Xatırlayırsınızsa, son aylar keçirilən bir neçə etiraz aksiyası məhz “facebook”un yardımı ilə təşkil edilmiş və aksiyaların təşkilatçıları məhz bu şəbəkənin fəalları olmuşdu. Əlbəttə ki, ölkə iqtidarı bunun fərqində olmaya, hakimiyyət üçün təhlükə yarada bilən bu məqamı diqqətdən qaçıra bilməzdi. Hər şey hakimiyyətin öz iradəsindən asılı olsaydı, bəlkə də Azərbaycanda “facebook”a çoxdan qadağa qoyulardı. Amma internet əsrində, xüsusən Azərbaycandakı vəziyyətin beynəlxalq aləmin diqqət mərkəzində olduğu bir vaxtda hökumət demokratik dünyanın sərt tənqidlərinə tuş gələcək bu addıma gedə bilməzdi. Əvvəlcə “Facebook” fəallarını həbs etmək, onlara hədə-qorxu gəlməklə prosesin qarşısını almağa çalışdılar. Bunun bir nəticə vermədiyini, əksinə sosial şəbəkələrdə etirazların gündən-günə alovlandığını görəndə isə qərara alındı ki, ən optimal çıxış yolu bu sosial şəbəkənin fəaliyyətini mümkün qədər məhdudlaşdırmaqdır. Bunun da ilk işartıları özünü mobil operatorların son addımında göstərdi.
Xidmət seçkiyə qədər bərpa olunmasa…
Iqtisadçı, REAL Hərəkatının icra katibi Natiq Cəfərli hesab edir ki, mobil operatorlar qısa zamanda təkmilləşdirmə işlərini başa çatdırıb xidməti bərpa etməsələr, məsələnin texniki deyil, siyasi səbəblərlə bağlı olduğu anlaşılacaq: “Xidmət seçkiyə qədər bərpa olunsa, demək, mobil operatorlar kommersiya qurumu olaraq verdikləri sözü tutmuş olacaqlar. Və məlum olacaq ki, fasilə istehlakçılara daha yaxşı xidmət göstərmək üçündür. Amma bu baş verməsə, bir daha təsdiqlənəcək ki, Azərbaycanda kommersiya qurumları adlı bir institut yoxdur, bütün böyük biznes hakimiyyətin nəzarəti altındadır. Indi də hakimiyyətin ən yuxarı qatından gələn sifarişlərə görə iki mobil operator bu xidmətdən istifadə etməməyə qərar verib. Əlbəttə ki, bu addımın seçki öncəsi əhəmiyyəti daha böyükdür. Çünki son dövrlər insanlar əsasən sosial şəbəkələr vasitəsilə məlumat əldə etməyə üstünlük verirlər. Əgər pulsuz xidmət bərpa olunmasa, çox güman ki, abunəçilər kiçik internet paketlərindən istifadə edib ”facebook”a daxil olmaqa davam edəcəklər. Bundan sonra kimlərinsə “facebook”dan imtina etməsi real deyil. Çünki insanlar bu sosial şəbəkəyə çox öyrəşiblər”.
“Hakimiyyət ”facebook” təhlükəsinin fərqindədir”
N.Cəfərlinin fikrincə, hakimiyyət “facebook”dan gələ biləcək təhlükənin fərqindədir: “Bir müddət əvvəl dəyişikliklərin olduğu ölkələrdə, hətta Qərb ölkələrinin özündə baş verən kütləvi aksiyalarda insanlar sosial şəbəkələr vasitəsilə təşkilatlanıblar. Azərbaycanda da bu ilin əvvəlində çox uğurlu nümunələr oldu. Əsgər ölümləri ilə bağlı iki aksiya təşkil edildi. Gənclər sosial şəbəkələrdə təşkilatlanaraq çox uğurlu aksiyalar keçirdilər. Hakimiyyət bu aksiyalardan çox böyük narahatçılıq keçirdi. Bunu aksiyadan sonrakı repressiyalar, həbslər də sübut etdi. Təbii ki, hakimiyyət seçki ilində sosial şəbəkələrin ciddi şəkildə rol oynayacağını başa düşür. Amma hakimiyyət öz köhnə düşüncəsində qalıb, dünyanı anlamaqda çətinlik çəkir. Bunun qarşısıalınmaz proses olduğunu düşünməlidirlər. Sosial şəbəkələr o qədər inkişaf edib və onlardan istifadə o qədər kütləviləşib ki, bunu nəzarətə götürmək mümkün deyil. Hakimiyyət ancaq Şimali Koreya kimi davrana bilər. Onsuz da bir çox addımlarında bu ölkəni xatırladır. Məsələn, interneti bir nöqtədən söndürə bilər. Amma Avropa Şurasının üzvü bu addımı atsa, özünü bütün dünyadan təcrid etmiş olar. Məncə, bunu etməyə cürətləri çatmaz. Hesab edirəm ki, sosial şəbəkələr seçki öncəsi də insanlara öz etirazlarını bildirmək üçün çox yaxşı tribuna olacaq”.
Niyə məhz seçki öncəsi? “Insan Haqları” Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov da mobil operatorların məhz seçki öncəsi pulsuz “facebook” xidmətini dayandırmasının xeyli şübhəli məqamlara yol açdığını düşünür: “Bu xidmətlərin pulsuz olacağı elan ediləndə də bildirmişdik ki, sosial şəbəkələrdə fəallıq artıqca, müzakirələr genişləndikcə bu xidmət dayandırılacaq. Elə bizim düşündüyümüz kimi də oldu. Artıq biz məhdudlaşdırıcı addımların şahidi oluruq. Mobil operatorlar tərəfindən xidmətin nə vaxt bərpa olunacağının açıqlanmaması bizim şübhələrimizi bir az da artırır. Şəxsən mən, ən azı seçkiyə qədər bu xidmətin bərpa olunacağını düşünmürəm. Bu da bizim şübhələrimizin özünü doğrultuğu anlamına gəlir. Hakimiyyət açıq-aydın sosial şəbəkələrdən qorxur. Hamı yaxşı başa düşür ki, hakimiyyətin bütün kommersiya qurumlarına olduğu kimi, mobil operatorlara da təsir imkanları var və fikrimcə, pulsuz ”facebook” xidmətinin dayandırılması ümumi razılaşdırılmış qadağadır”.
Gültəkin