Dönə-dönə, təkrar-təkrar yazdığım bir şey var: mən ölkədəki bu pis, çağdışı idarəetmənin nə zaman bitəcəyini özümə heç vaxt dərd eləmirəm.
Inanıram ki, bu, hər zaman baş verə bilər: bir an sonra da, bir il sonra da.
Lap elə üç il, beş il sonra da.
Başa düşürəm, nə qədər tez baş versə, bu ölkə üçün o qədər az zərər, o qədər az faciə, fəlakət deməkdir.
Amma doğrudan da, sistem dəyişikliyinin vaxtı, zamanı ilə bağlı heç bir konkret fikrim yoxdur. Heç fikirləşməyə həvəsim də.
Bildiyim, əmin olduğum tək bir şey var:
Artıq dəyişiklik haqqında gələcək zamanda danışmaq özü gülməlidir. Çünki dəyişiklik artıq başlayıb!
Hə, nə taxt-tac sahibi dəyişib, nə idarəçilik tərzi və təfəkkürü.
Ancaq əhval-ruhiyyə dəyişib. Ab-hava dəyişib.
Rejimin yenilməzliyi, məğlubedilməzliyi haqqında miflər dağılıb. Azərbaycanda hər şeyin belə gəlib belə gedəcəyinə dair inam sarsılıb.
Artıq yaptokratların özləri belə, nə qədər çalışsalar da, rejimin əbədiliyi haqqında əmin-arxayın danışa bilmirlər. Hər tərəfə atəş açırlar – xalqa, Rusiyaya, Irana, Qərbə. Hər tərəfdən özlərinə təhlükə görürlər. Hamıdan quşqulanırlar.
Təkcə onu xatırlayın ki, bu ölkədə nazirlərin “xalqın seçdiyi” deputatları sayıb Milli Məclisə gəlmədiyi vaxtlar vardı, amma indi o nazirləri saya salmadıqları deputatları “seçən” xalqın ayağına görüşlərə göndərirlər. Bəli, bu, görüntüdür, gözdən pərdə asmaqdır, amma hər halda, yaptokratiyanın ruh halını, əndişələrini anlamaq üçün kifayətdir.
Indi ən azı özləri də bizim qədər əmindilər tarixə hansı adla düşəcəklərindən. Yolun sonunda onları nə gözlədiyindən. Ötən hər anın, hər saniyənin əleyhlərinə işlədiyindən, onları bütün bu cür rejimləri gözləyən ənənəvi aqibətə yaxınlaşdırdığından…
Bəli, bunlar da dəyişiklikdir. Ən azı dəyişikliyin ayaq səsləridir. Dəyişikliyin uzaqda olmadığının xəbərçisidir.
Artıq özləri də əbədi olduqlarına inanmırlar. Hətta Ramiz Mehdiyev də doğru, ya yalan – fərq etməz, hansısa inqilab hazırlıqlarından danışırsa, özünüz fikirləşin, görün nə vəziyyətdədilər? Hansı qorxu və həyəcan içindədilər?
Bu cür rejimlərin çöküşü heç vaxt anlıq olmur. Çoxları despotların meydanlara axışan xalq və onun qəzəbi qarşısında məğlubiyyətini görür, elə bilir, vəssalam, hər şey ancaq meydana çıxmaqdan ibarətdir. Oysa, bunacan sistemin mənəvi çöküşü baş verməlidir və bu, kifayət qədər uzun, ağır prosesdir. Biz indi məhz həmin prosesdən keçirik, həmin prosesi müşahidə edirik.
Nəticə isə mütləq olacaq – “bəs nə vaxt?” sualının cavabından asılı olmayaraq!
***
Bir də tez-tez eşitdiyim, eşitdiyimiz bu sual var: rejim yenə də dəyişməsə, nə edəcəyik?
Nə edəcəyik ki… heç nə!
Rejim dəyişmirsə, biz də dəyişməyəcəyik!
Həqiqətləri söyləməyə, yalanları ifşa etməyə davam edəcəyik.
Biz, hətta rejim dəyişəndən sonra da dəyişməyəcəyik – haqdan, hürriyyətdən, ədalətdən yana olmaqda davam edəcəyik.
Yoxsa bu illər ərzində apardığımız dava, çəkdiyimiz məşəqqətlər öz anlamını itirər və heçə çevrilər!
Ədalətin iynəyə oturması
Iki aydır şərlənərək həbsə atılan cəbhəçi fəal Daşqın Məlikovla bağlı ekspertiza rəyi açıqlanıb. Nəticədə təəccüblü, qeyri-adi heç nə yoxdur, bu gəncin məhz mövqeyinə görə dəmir barmaqlıqlar ardına atıldığının isbatı var.
Rəydə açıq şəkildə yazılıb ki, Daşqının narkotik maddə qəbulu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Bu, mənə baş nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun açıqlamalarını bir daha xatırlatdı. Həsənov müxtəlif vaxtlarda iki dəfə açıqlama verib məmur övladları arasında narkomaniyanın geniş yayıldığı haqqında danışdı, hətta narkoman məmur övladlarının adlarını açıqlayacağını dedi.
Aradan xeyli vaxt keçib – amma bunlar narkotik ittihamı ilə bir ucdan ictimai fəalları, müxalif, tənqidçi insanları tuturlar.
Qısası: nəşəni özləri çəkir, amma cəzasını biz çəkirik.
Budurmu sizin ədalətiniz?!