«Azərbaycanın xarici siyasətində nizamsızlıq hökm sürür»
Hikmət Hacızadə: «Dəyişikliklərin qaçılmaz olduğu görünəndə toplum aktiv mövqe sərgiləsə, o zaman Qərb Azərbaycanda stabilliyi yox, dəyişiklikləri seçəcək»
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Irana səfəri zamanı səsləndirdiyi bəyanatlar və Iranın ünvanına söylədiyi xoş ifdələrlə bağlı hakimiyyətdən fərqli mövqe sərgilənib. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuata açıqlamasında bildirib ki, Iran KIV-lərinin səfəri bu cür təqdim etməsini anlamır. N.Məmmədov vurğulayıb ki, Irandakı görüşlər zamanı yalnız ikitərəfli əlaqələr müzakirə predmeti olub. Yaranmış situasiyanı nəylə izah etmək olar? Müsahibimiz Hikmət Hacızadə ilə söhbətimizə bu sualla başladıq.
– Bu məsələ ciddi araşdırma predmeti olmalıdır. Çünki ortada iki tərəfin bir-birinə zidd mövqeyi var. Tərəflər hər ikisi mövqeyində israrlıdır. Iranın IRNA agentliyi bu məsələyə aydınlıq gətirməlidir. Onlar Azərbaycan tərəfinin son mövqeyinə qarşı əgər sübutları varsa, faktlar ortaya qoymalıdırlar. Baş verənlərə görüşdə iştirak etməyən şəxsin mövqe bildirməsi hazırkı halda çətin məsələdir. Çünki artıq ortada iki fərqli yanaşma mövcuddur.
– Sizcə, Iran tərəfi Ramiz Mehdiyevlə keçirilən konfidensial danışıqları mətbuata açıqlaya bilərdimi?
– Iranın gizli danışıqların predmetini ya açıqlaması, ya da danışıqlar barədə yanlış məlumat verməsi bir ənənə halını alıb. Ermənistan da oxşar siyasət yürüdür. Gərgin siyasi durumda olan ölkələr daim bu cür siyasət yürüdürlər. Ona görə hazırkı qeyri-müəyyən duruma IRNA aydınlıq gətirə bilər. Çünki burada cavab IRNA-dan gəlməlidir. Azərbaycan tərəfi onları yalan danışmaqda ittiham edir.
Azərbaycanın gizli danışıqları niyə açılır?
– Hakimiyyət tərəfindən Qərbə yönəlik bu cür sərt ittihamların səsləndirilməsi nə qədər gözlənilən idi?
– Bu istisna deyildi. Amma rəsmi Bakının Novruz Məmmədovun timsalındakı açıqlaması vəziyyəti bir qədər dəyişdi. Hazırda biz həqiqətin nədən ibarət olduğunu deməyə çətinlik çəkirik.
– Maraqlıdır ki, oxşar situasiya xarici işlər naziri Elmar Məmmədyarovun Israilə səfəri zamanı olmuşdu. Ikitərəfli danışıqları Şimon Peres mətbuata açıqlamışdı?
– Israil tərəfinin bu addımı siyasi etikaya zidd idi. Israil də əzəli düşməni Iran kimi bu cür siyasi gedişlərə üstünlük verir. Bu da Israilin xarici siyasətinin gərginliyindən irəli gəlir. Israil belə bir addımı ilk dəfə deyil ki, atır.
– Maraqlıdır ki, Ramiz Mehdiyevin səfəri Melianın Azərbaycana gəlişindən və burada sərt mesajlar səsləndirməsindən sonraya təsadüf etdi. Bu arada ABŞ Dövlət Departamenti də Azərbaycanda insan hüquqlarının və demokratiyanın vəziyyəti ilə bağlı sərt hesabatla çıxış etmişdi. Belə olan təqdirdə Irana səfər Qərbə bir mesaj kimi dəyərləndirilə bilərmi? Yəni Qərbdən təpki davam edərsə, Azərbaycan Irana sığına bilər?
– Bəli, bu inandırıcı fikirdir. Ramiz Mehdiyevin Irana səfəri Qərbə “təzyiqləri dayandırın” mesajı da ola bilər. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyətinin bütün maliyyə resursları, hesabları Qərbdə yerləşir. Iran Azərbaycana təzyiq edəndə, sərhədlərimizi pozanda iqtidar adətən ABŞ-dan dəstək istəyir. Ona görə mən bu qənaətdəyəm ki, Azərbaycan hakimiyyəti Qərbə, ABŞ-a sərt ittihamlar səsləndirsə də, yenə yalvarmağa Amerikanın ayağına gedəcəklər.
Normal dövlətdə xarici siyasət vektorunda uyğunsuzluq olmur
– Hazırda baş verən proseslərdə diqqət çəkən məqamlardan biri də hakimiyyətin xarici siyasətindəki təzadlardır. Hələ bir müddət əvvəl ABŞ-dakı tədbirdə Azərbaycana əsas təhlükənin Rusiya və Irandan qaynaqlandığı vurğulanan zaman Ramiz Mehdiyevin timsalında Rusiyanın müdafiə olunduğunun şahidi olduq. Daha sonra Iranda Ramiz Mehdiyevin adından Qərbə yönəlik ittihamlar səslənən zaman dövlət başçısının strateqləri ABŞ-da Azərbaycana olan təhlükələrlə bağlı tam başqa ünvanları göstərirdilər. Bu ziddiyyət nədən qaynaqlanır?
– Bəli, ziddiyyətlər mövcuddur. Ramiz Mehdiyev hətta bu ifadələri işlədibsə belə, bu fikir ayrılığı yox, xarici siyasətdəki nizamsızlıqdır. Çıxışlar, siyasətin yürüdülməsi nizamlanmalıdır. Bu baş vermir. Hər kəs nə istəyir, onu da danışır. Ramiz Mehdiyev bu fikri söyləyibsə, deməli, hakimiyyətdəkilər Qərbin Azərbaycanda rəngli inqilab etmək istədiyi fikrindədir. Amma əslində burada bir sirr də yoxdur. Qərb açıq formada bəyan edir ki, biz Azərbaycanda demokratiya və normal seçkilər tələb edirik. Hakimiyyətin də əsas qorxusu məhz demokratik seçkidir.
– Belə, qeyri-müəyyən xarici siyasətin yürüdülməsi normal dövlət üçün nə dərəcədə qəbul olunandır?
– Dövlət pis idarə olunanda xarici siyasətdə belə təzadlar meydana gəlir. Hərə öz fikrini bildirir və ondan çıxış edir. Ramiz Mehdiyev Irana gedəndə gərək onu dövlət başçısı qəbul edərək necə danışmağı göstəriş verərdi. Görünür, bu olmayıb. Səməd Seyidovla Asim Mollazadə başqa fikir söyləyib, Ramiz Mehdiyev tam başqa sözlər dilə gətirib. Dövlət vahid siyasətlə idarə olunmalıdır. Mən Moskvada səfir olan zaman Süleyman Dəmirəl Rusiyaya səfər etmiş və Yeltsinlə görüşmüşdü. Verilən ziyafətlərin birində Süleyman Dəmirəl ilə görüşdüm. Həmin görüşdə Süleyman Dəmirəl Türkiyənin Azərbaycana, Qarabağa dair siyasətinin nədən ibarət olduğunu nəzərimə çatdırdı. Elə həmin görüşdəcə Türkiyə prezidenti siyasətlərinin əsas tezisləri əks olunmuş vərəqələrdən mövqelərini mənə bildirdi. Həmin vərəqələrdən Yeltsinlə görüşdə də istifadə olunubmuş. Hər sual və onun cavabının nədən ibarət olduğu Dəmirələ yazılı formada təqdim olunmuşdu. Bu, Türkiyənin xarici siyasət kursunun nədən ibarət olduğunu göstərirdi. Yəni bu siyasətin konturları qabaqcadan razılaşdırılmış və düşünülmüşdü ki, qarşı tərəfə vahid mövqe çatdırılsın. Bu siyasəti normal dövlətlərdə Xarici Işlər Nazirliyi müəyyənləşdirir və dövlət, hökumət başçılarına çatdırılır ki, onlar da bir mövqeyi müdafiə etsinlər.
Hakimiyyət qorxusundan Rusiyaya pul ödəyir
– Rusiya ilə Azərbaycanın münasibətlərində son zamanlar ciddi gərginlik yaşanmaqdadır. Bu aralarda tanınmış ziyalımız Rüstəm Ibrahimbəyov Rusiya-Azərbaycan münasibətlərinə dair maraqlı məqamı açıqlayıb. O bildirib ki, Rusiyanın siyasi texnoloqları hələ də Bakıda oturublar və ölkədəki proseslərlə bağlı müəyyən fikirlər söyləyirlər. Eyni zamanda Azərbaycandan Rusiyaya çemodanla pul göndərilir. Azərbaycanın Qərbə yönəlik “kürü diplomatiyası”dan xəbərimiz var idi. Bəs Rusiya ilə bağlı fikirlər hansı anlamı verə bilər?
– Bu prosesi iki cür qiymətləndirmək olar. Birincisi, Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda göstərdikləri fəaliyyətə görə bu pulları alırlar. Ikinci fərziyyə isə ondan ibarətdir ki, hakimiyyət Rusiyaya qorxusundan pul ödəyir. Yəni ara qarışsa, ölkədə inqilab baş versə, dövlətdən pulu çıxartmaq lazım gələcək. Bu hakimiyyətin vəsaitləri üçünsə ən etibarlı yer məhz Rusiyadır.
– Hikmət bəy, Rusiya və Iranın Azərbaycanda demokratik dövlətin yaranmasında maraqlı olmadığı birəmanılıdr. Amma axı Azərbaycandakı hazırkı avtoritar rejimlə də bu ölkələrin münasibətləri normal deyil. Belə olan halda Iran və Rusiya Azərbaycanda necə bir rejimi görmək istəyir?
– Rusiya və Iran Azərbaycanda istənilən quruluşu qəbul edəcək. Bir şərt ondan ibarətdir ki, bu rejim Rusiya və Iranpərəst olsun. Azərbaycan xarici siyasətdə bu böyük qardaşların sözünə baxmalıdır. Məsələn, Moldova demokratik dövlətdir, normal seçkilər keçirir. Eyni zamanda Rusiyanın sözünə baxır və artıq hərəkət etmir.
– Azərbaycan bir qayda olaraq saxta seçkilərlə bağlı rəyi Rusiya və Irandan alırdı. Hazırda isə bu dövlətlərlə Azərbaycanın münasibətləri gərgindir. Belə olan halda hakimiyyət bu istiqamətdəki problemin necə həll edəcək?
– Əslində bu, seçki prosesinin necə keçəcəyindən asılıdır. Yenə seçki sakit keçsə, hakimiyyət seçkiləri saxtalaşdırsa, Rusiya yenə bu seçkilərə müsbət rəy verəcək. Rusiya ilə düşmənçilik o səviyyəyə çatmayıb ki, Rusiya Azərbaycanda seçkinin düzgün keçirilmədiyini bəyan etsin. Ümumiyyətlə, seçkilərə mənfi rəy vermək Rusiyanın ənənəsinə yaddır. Rusiyanın seçkilərin keçirilməsinə müdaxilə etdiyi, daxili demokratiyanı dəstəklədiyi heç zaman müşahidə olunmayıb. Ona görə Rusiya seçkiləri dəstəkləyəcək.
– Avropa Birliyinin son zamanlar regionumuzla bağlı yürütdüyü siyasət maraq doğurur. Belə bir fikir var ki, Qərb regionda tam möhkəmlənmək üçün yalnız Gürcüstanın demokratik dövlət olmasının yetərli olmadığını anlayır. Digər tərəfdən, bu dövlətin əsas enerji təminatçısı olan Azərbaycan siyasi baxımdan etibarsız tərəfdaşdır. Belə olan halda Azərbaycan və Ermənistanın da demokratik dövlətə çevrilməsi Qərbin bölgədə nüfuzuna müsbət təsir edə bilər. Xarici ekspertlərin bu proqnozların necə dəyərləndirirsiniz?
– Bəli, bu düzgün mülahizələrdir. Amma burada bir məqamı vurğulamaq lazımdır. Avropa Birliyi kimi təşkilatların bir qısa və bir də uzunmüddətli planları olur. Uzunmüddətli plan Azərbaycan və Ermənistanın demokratikləşməsini zəruri edir. Bu, Qərbin strateji maraqlarının reallaşması olacaq. Amma bu siyasətə qısamüddətli planlar da təsir edir. Bu qısamüddətli planlara isə Əfqanıstana silah daşınmasında və Iran problemində Azərbaycanın oynayacağı rol aiddir. Bu zaman ABŞ hazırkı rejimlə əməkdaşlığa məcburdur.
– Azərbaycan hər dəfə dəyişikliklər ərəfəsinə gələndə həmin dəyişikliklərin baş verməsinə maraqlı olan güclərin, dövlətlərin maraqları da təsir edir. Bu sırada iqtisadi maraqları xüsusi vurğulamaq lazımdır. Amma artıq bu iqtisadi maraqlara, sabitliyə hakimiyyət özü təhlükə yaradır. Bunu Quba və Ismayıllı olayları da təsdiqlədi. Belə olan halda 2013-cü ildə necə, Azərbaycanda maraqları olan dövlətlər, beynəlxalq güclər hansı mövqeyi seçəcəklər?
– Qərbin hansı mövqe nümayiş etdirəcəyi Azərbaycan cəmiyyətinin aktivliyindən asılıdır. Dəyişikliklərin qaçılmaz olduğu görünəndə toplum, vətəndaş cəmiyyəti aktiv mövqe sərgiləsə, o zaman Qərb Azərbaycanda stabilliyi yox, dəyişiklikləri seçəcək.
Xəyal