«Müharibə Moskvaya gəlib çıxsa belə, Bəşər Əsədi ələ vermərəm»
“Hərbi əməliyyatlar hətta Moskva küçələrinə qədər gəlib çıxsa belə, mən Suriya prezidenti Bəşər Əsədi ələ vermərəm”. Rusiya məmurları ilə yaxın münasibətdə olan, tanınmış Iordaniya jurnalisti və siyasi analitiki Nader Makablehin sözlərinə görə, bu bəyanatla prezident Vladimir Putin qapalı plenar iclasların birində çıxış edib(Modern.az).
Makableh həmçinin Putinin ABŞ prezidenti Barak Obama tərəfindən Suriya məsələlərini müzakirə etmək üçün təcili görüş təklifini qəbul etmədiyini də təsdiqləyib. O bildirib ki, Bəşər Əsədin Xümsdəki silahlı müxalif qüvvələrin dağıdlması üçün planı artıq hazırdır. Xatırladaq ki, Rusiya Suriyadaki gərgin vəziyyətin yarandığı vaxtdan bu yana dəfələrlə bildirib ki, Suriyaya qarşı olan mövqeyi heç vaxt dəyişməyəcək.
“Azadlıq”a açıqlamasında politoloq Vəfa Quluzadə isə Putinin belə bir bəyanatla çıxış etməsinə inanmadığını deyib. Onun sözlərinə görə, bu məlumat iordaniyalı jurnalistin təxəyyülünün məhsuludur: “Mən inanmıram ki, iordaniyalı jurnalist Putinin çox məhdud və yaxın çərçivədə dediyi ifadəni bilsin. Hesab edirəm ki, bu, onun özünün təxəyyülüdür. Siyasət belə şeydir ki, orada ”ələ vermərəm” sözü yoxdur. Orada hər şey alınır və satılır. Hesab edirəm ki, Əsədin aqibəti artıq məlumdur. Hazırda ABŞ Əsədin kimyəvi silahdan istifadə etməsi ilə bağlı sübutlar axtarır. Israil, Suriya müxalifəti bunu iddia edir, Amerika da araşdırır. Yəqin ki, bu sübuta yetiriləcək və Bəşər Əsəd erası tamamən bitəcək. Əslində, söhbət, Bəşər Əsəddən də getmir. Məsələ daha dərindir. Əgər iordaniyalı jurnalist həqiqətən də analitikdirsə, o, başa düşməlidir ki, artıq Suriya dövləti yoxdur. Vətəndaş müharibəsi onu tamamilə yox edib. Əsəd Suriyada və ya Iordaniyada qalacaq, yaxud öləcək, bütün bunlar o qədər də əhəmiyyətli deyil. Artıq Suriya demək olar ki, xəritədən silinib. Özü silinib, sadəcə adı qalıb”.
Gültəkin