Nurəddin Məmmədli: «Bəşəriyyət diktatorlardan xilas olmağın yolunu onların imkanlarını məhdudlaşdırmaqda görür»
Fransanın “Le Monde” qəzeti prezident Fransua Olandı diktatorlarla münasibətə, o cümlədən Ilham Əliyevlə görüşə görə kəskin tənqid edib. Qəzet Olandı seçkiöncəsi verdiyi vədlərə əməl etməməkdə qınayıb. Fransa prezidentinin əməl etmədiyi vəd isə diktatorlarla münasibətlərə aiddir. Belə ki, o, Parisə diktatorları dəvət etməyəcəyinə söz veribmiş. Amma vədinə əməl etməyib.
Olandın Parisdə qəbul etdiyi diktatorlar arasında Azərbaycan prezidenti Ilham Əliyevin də adı çəkilir.
Fransua Oland Ilham Əliyevlə görüşdüyünə görə tənqid edilən ilk şəxs deyil. Buna qədər Əliyevlə görüşdüyünə görə bir sıra Böyük Britaniya rəsmiləri, o cümlədən şahzadə Endryunu Britaniya mətbuatı qınaq obyektinə çevirmişdi.
Mart ayında Ilham Əliyevin Xorvatiyaya səfərindən sonra isə hökumət tənqid atəşinə tutuldu.
Bütün bunlar artıq dünyada avtoritar rejimlərə və onların başında dayanan diktatorlara münasibətin dəyişdiyini göstərir. Avtoritarların dostlarının dairəsinin daralması onlara yaxın perspektivdə nə vəd edir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bunu dünyada baş verən yeni düzənin əsas əlamətlərindən biri kimi dəyərləndirir. Bütün cəmiyyətlər anlayır ki, diktatorlara yeni düzəndə yer yoxdur. Yalnız diktatorlar bunu dərk etmir: “Ən böyük faciələr, terror, insan haqlarının tapdanması, müharibələr, rüşvət, korrupsiya kimi bəlalar, silah alveri diktatura rejimlərindən qaynaqlanır. Dünya bu cür zərərli inkişafdan qaçmaq üçün diktatorlardan xilas olmağa çalışır. Bu da ondan keçir ki, diktatorların təsir dairəsi daralsın və dünyanın yeni düzənində onlara yer tapılmasın. Artıq bu, sistem şəklinə çevrilməkdədir. Bu da düzgün yoldur”.
N.Məmmədlinin sözlərinə görə, bəşəriyyət diktatorlardan xilas olmağın yolunu onların imkanlarını məhdudlaşdırmaqda görür. Bu, gələcəkdə də ciddi tendensiyaya çevriləcək və dünyada demokratiyaya töhfələrini verəcək.
Fizzə