Tofiqə Məlikova: «Uşaqlı-böyüklü hamı bu hakimiyyəti, polisləri söyür ki, Daşqın kimi sakit uşağı şərləyib tutublar»
Son dövrlər hakimiyyətin gənclərə qarşı artan repressiyalarına məruz qalanlardan biri də AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikovdur. Siyasi sifarişlə həbs olunan bir çoxları kimi, Daşqın da narkotiklə şərlənib. Sumqayıt polisi ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham irəli sürüb. Istintaq dövrü üçün Daşqının barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Dünən Daşqının Sumqayıtda yaşayan ailəsinə baş çəkib, onun özünün, eləcə də yaxınlarının durumunu öyrəndik. Daşqının anası Tofiqə Məlikova deyir ki, mayın sonunda oğlunun məhkəməsi keçiriləcək. Daşqın astma xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir, bu səbəbdən də məhkəməyə onun ev dustaqlığına buraxılması barədə vəsatət veriləcək:
– Daşqın 10 yaşında bu xəstəliyə tutulub. O vaxt xeyli problemlərimiz var idi. Özüm xəstələndim, qızım rəhmətə getdi, Daşqının da xəstəliyi ağırlaşdı. Bu vaxtlar onun müalicəsinin vaxtıdır. Müalicə elətdirməyəndə vəziyyəti daha da pisləşir. Ildə iki dəfə xəstəxanada yatır, müalicə alır. Mayda, bir də sentyabrda mütləq müalicə olunmalıdır. Ona görə deyir ki, burada qalmaq istəmirəm, xəstəxanada yatmaq istəyirəm. Tutulmasaydı, bu il Naxçıvana – Duz dağına aparacaqdıq. Orada yaxşı müalicə oluna bilər. Vəkili deyir ki, ev dustaqlığına buraxılması üçün çalışırıq.
Dərmanlarını alıb göndərmişik. Deyilənə görə, yaxşıdır, amma öskürür. O, bu havalarda həbsxanada yox, çöldə olmalıdır.
– Daşqının təhsili nə yerdədir?
– Xəstə olduğuna görə doqquzuncu sinifdən sonra məktəbdən çıxdı. Çünki gedə bilmirdi. Çalışırdı ki, texnikuma girsin. Bəlkə də həbsdən çıxandan sonra təhsilini davam etdirər. Çünki məktəbdə də yaxşı oxuyurdu. Kompüter kursunu, sürücülük məktəbini oxuyub. Belə şeylərə həvəsi çox idi. Müəllim yanına gedirdi. Sonra bu xəstəlik çıxdı, davam eləyə bilmədi.
– Oğlunuzun siyasi mübarizəyə qoşulması, AXCP-yə üzv olması, etiraz aksiyalarında iştirakı, internetdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməsindən xəbəriniz var idimi?
– Doğrusu, xəbərim yox idi. Həbs olunmamışdan bir neçə gün əvvəl evimizə polislər gəldi. Dedilər ki, Daşqını qeydiyyata alırıq. Guya, əsgərlik məsələsinə görə gəliblər. Mən də dedim ki, onun hərbi biletini veriblər. Pulla da almamışıq, dövlət özü verib – xəstə olduğu üçün. Bundan sonra Daşqından hansı partiyanın üzvü olduğunu soruşdular. Daşqın dedi ki, Əli Kərimlinin sədri olduğu partiyanın üzvüyəm. Mən təəccübləndim. Soruşdum ki, ay Daşqın, nə partiya? Polis mənə dedi ki, nə olub, azad ölkədir, hansı partiyaya istəyir, üzv ola bilər. Etiraz elədim ki, hansı azadlıqdan danışırsız. Oğlum cəmi 44 manat təqaüd alır, başını qaldırmağa icazə verirsiz ki…
– Müxalifət partiyasına üzv olduğuna görə ona nə isə dediniz?
– Xeyr, heç nə demədim. Niyə deməliyəm ki?
– Daşqın özü nəticədə şərlənib həbsxanaya düşdüyünə görə siyasi mübarizəyə qoşulmasından peşmandır?
– Yox. Telefonla danışdıq, dedi ki, yaxşıyam. Məhkəmədə hər şey bəlli olacaq. Atası da dedi ki, çalış, heç nəyi unutma, necə olubsa, məhkəmədə hər şeyi danış. Biz də həmişə sənin arxanda olacağıq. Dedi ki, qorxma, bu boyda Xalq Cəbhəsi sənin arxanda dayanıb.
– Daşqının məşğuliyyəti nə idi? Kimlərlə dostluq edirdi?
– Dostları yaxşı uşaqlardır, hamısından razıyam. Daşqın tutulandan sonra bizi tək qoymurlar. Tez-tez gəlirlər, Bakıdan da, buradan da. Deyirlər ki, narahat olmayın, bu hakimiyyətin ömrünə az qalıb.
Daşqın evdə kitablar oxuyurdu. Əsasən də bədii kitablar. Gitara almışdı, onu öyrənirdi. Indi də ora kitablar göndərməyimizi istəyib. Ingilis dilini öyrənməyə başlayacaq.
– Daşqının həbsilə bağlı qohum-qonşu nə düşünür? Ona qarşı irəli sürülmüş ittihamın doğruluğuna inanan varmı?
– Hamı deyir ki, Daşqın yaxşı uşaqdır. Hər gün onu soruşurlar. Uşaqlı-böyüklü hamı bu hakimiyyəti, polisləri söyür ki, belə sakit uşağı şərləyib tutublar. Deyirlər ki, biz o uşağı heç çöldə-bayırda görmürdük. Evdən çox nadir hallarda çıxırdı. Hətta qohum-qonşuya salamı da sakitcə verib keçirdi. Bu uşağın narkotikdən istifadə etməsi haqda deyilənlər tamamilə yalandır.
– Daşqının həbsindən sonra ailədə vəziyyət necədir?
– Təqaüdlə dolanan adamlarıq. Yoldaşım da az-çox işləyir. Maddi vəziyyətimizdən şikayətim yoxdur. Şükür ki, kiməsə möhtac deyilik. Sadəcə, uşağın yanımızda olmaması çox pis təsir eləyir bizə. Daşqın üçün darıxırıq.
– Daşqının üzv olduğu partiyadan sizə dəstək olurlarmı?
– Hamısından razıyam. Yoldaşım da razıdır. Sağ olsunlar, uşağımı da, bizi də atmadılar. Həmişə dəstək olurlar. Hər həftə Daşqına yemək aparırıq. Cəbhəçilər də gəlirlər, hər cür dəstək olurlar.
Bəyim Həsənli