Ağır xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, həbsdə saxlanılan gənc cəbhəçinin ailəsi onun durumundan narahatdır
Orduda əsgər ölümlərinə etiraz məqsədilə Bakıda yanvarın 12-də “Əsgər ölümlərinə son!”, eləcə də Ismayıllı hadisələri zamanı həbs olunan, zorakılığa məruz qalanlara dəstək üçün yanvarın 26-da keçirilən “Silahları üstümüzdən çəkin!” aksiyalarında iştirakına görə saxlanılanlardan biri də AXCP-nin Gənclər Komitəsinin üzvü, blogger Tural Həsənzadə idi.
Amma həmin aksiyalarda həbs olunan digər şəxslərdən fərqli olaraq, Tural Həsənzadə hələ də həbsdədir.
Gənc cəbhəçinin durumunu öyrənmək üçün dünən onun valideynlərinə baş çəkdik. Turalın anası Xanım Ibrahimova oğlunun siyasi mübarizəyə qoşulması, ailənin vəziyyəti və bir sıra başqa məsələlərdən danışdı. Oğlunun səhhətindəki problemlərlə əlaqədar narahat olan ana deyir ki, Turalın azadlığa çıxması üçün qalan günləri sayır. Çünki Turalın təcili müalicəyə ehtiyacı var.
Qeyd edək ki, Tural Həsənzadə “Hepatit C” xəstəliyindən əziyyət çəkir:
– Açığı, bu xəstəliyə nə vaxt yoluxduğunu bilmirik. Həbsxanada yoxlayanda məlum olub ki, “Hepatit C” xəstəsidir.
– İndi durumu necədir?
– Doğrusu, necə olduğunu dəqiq bilmirəm. Çünki mən özüm də xəstə olduğumdan, qorxmayım deyə, telefonla danışanda deyir ki, yaxşıdır. Ancaq səsindən hiss edirəm ki, yaxşı deyil. Özü isə boynuna almır. Evdə olanda müalicə alırdı. Tez-tez “sistem” qoşulurdu. Orada necə baxırlar, bunu bilmirəm. Amma dediyim kimi, hiss eləyirəm ki, canı ağrıyır. Özü də hər şeyi açıb deyən adam deyil.
– Tural siyasi mübarizəyə nə vaxt qoşulub?
– Nə vaxtdan qoşulduğunu bilmirəm. Mən də yeni öyrənmişəm. Aksiyalarda həbs olunduğuna görə evə gec gəlirdi. Onda öyrəndim ki, “Əsgər ölümlərinə son!” aksiyasında iştirak etdiyinə görə həbs olunub, polis bölməsinə aparılıb. AXCP-yə üzv olduğunu da onda bildim. Tural uşaqlıqdan özünə qapalı, sakit olub. Elə indi də elədir.
– Deyəsən, Tural bundan əvvəl də həbs olunub. Səbəb nə idi?
– 3-4 il əvvəl dava düşüb. Bir oğlan Turalı bıçaqlayıb, Tural da onu. Biz şikayətçi olmadıq, amma onlar oldular. Ona görə də Turala 7 il həbs cəzası verdilər. Apelyasiya məhkəməsi 7 ili 4 ilə endirmişdi. 4 ilin də 2 il 6 ayını çəkmişdi. Sonra xəstəliyinə görə cəzasının qalan hissəsini ev dustaqlığı ilə əvəz etdilər. Ev dustaqlığının qurtarmasına 6 ay 11 gün qalmış aksiyalara çıxdığına görə bəhanə ilə yenə tutdular. Məhkəmə qərar verdi ki, qalan 6 ay 11 günü həbsxanada çəksin.
Tural özünə qapalı, sakit, yaxşı uşaqdı. Məktəbdə yaxşı oxuyurdu. Universitetə hazırlaşırdı. Iqtisadçı olmaq istəyirdi. Bir il imtahan verdi, qəbul ola bilmədi. Ikinci dəfə yenə imtahan verəcəkdi. Başına bu hadisələr gəldi. Ona görə də oxuya bilmədi.
– Turalın həbsxanaya qaytarılmasının onun etiraz aksiyalarında iştirakıyla bağlı olduğu aydındır. Bəs qohum-qonşu nə deyir?
– Qınayanlar olur. Bu mənada ki, təzə çıxmışdı həbsxanadan, yenə gedib düşdü ora. Qohumlar da əsasən xəstəliyinə görə narahatdılar.
– Üç oğlunuz var, üçü də cəbhəçidir. Hətta biri bu cür siyasi mövqeyinə görə həbsdədir. Bildiyimizə görə, ailənin maddi sıxıntıları var. Öz ailənizin bu qədər probleminiz olduğu halda, oğullarınızın bütövlükdə xalqın ağır yükünü öz çiyninə götürüb mübarizə aparmasına görə onları qınamamısınız?
– Həqiqətən çox çətindir bizim üçün. Əsas da xəstəlik… Ən çətini odur. Xəstəliyinə görə vaxtilə 7 il nişanlı qaldığı həyat yoldaşı da oğlumu atdı, getdi. Gəlinin atası oğlumun xəstəliyini eşitdi, gəlib qızını apardı. Elə bilirdilər ki, Tural bir neçə ayın içində öləcək. Üstündən 4 il keçib, Allaha şükür olsun ki, oğlum yaxşıdır.
Birinin azyaşlı olmasına baxmayaraq, oğullarımın üçü də cəbhəçidir. Mən onları bu yoldan çəkindirməyə çalışmamışam. 90-cı illərdə həyat yoldaşım da cəbhəçi olub. Maddi çətinliklər üzündən o, davam eləyə bilmədi. Işləmək üçün xaricə getməli oldu. Yəqin ki, uşaqlar da bu cəhətdən atalarına oxşayıblar. Azərbaycan bizim vətənimizdir. Ona görə də mən onlara qarışmıram. Həm də ki, oğlan uşaqlarını belə yoldan çəkindirmək olmaz. Heç deməmişəm də ki, “çəkilin”. Hələ oradan zəng edəndə də deyir ki, ana, tədbirlər olanda, qoy, Turan da (ailənin kiçik oğlu) getsin.
– Turalın həbsindən sonra üzv olduğu partiyadan, cəmiyyətdən sizə dəstək olanlar varmı?
– Sağ olsunlar, hər həftə gedib Turala baş çəkirlər. Ərzaq, paltar, qəzet aparırlar. Bayramda bizə də gəlmişdilər. Cəbhəçi xanımlar da, kişilər də ayrı-ayrı vaxtlarda bizə gəliblər. Turala hər həftə baş çəksinlər, başqa heç nə istəmirəm.
Bəyim Həsənli