Prezident Administrasiyası sabiq rektorun materiallarını göndərdiyi qurumlardan yığır
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin videomaterialları ilə Prezident Administrasiyası maraqlanmağa başlayıb.
Bu barədə qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, Prezident Administrasiyasından Elşad Abdullayevin videoları göndərdiyi bütün qurumlara göstəriş verilib ki, həmin materiallar quruma təqdim edilməlidir. Məlumat üçün deyək ki, Elşad Abdullayev açıqlamalarında bu videoları Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova təqdim etdiyini bildirib. Mənbə deyib ki, Baş Prokurorluq, MTN və Fuad Ələsgərov əllərində olan materialları Prezident Administrasiyasına təqdim edib. Orada Elşad Abdullayevin videolarına diqqətlə baxılıb. Lakin bununla bağlı hansı qərarın verildiyi bəlli deyil.