“Əli Kərimlinin çağrışını yüksək dəyərləndirirəm və bu fikirləri bölüşüb, altından imzamı qoyuram”
Eldəniz Quliyev: “YAP-çıların səviyyəsizliyinə təəssüflənirəm”
Müxalifət daxilində gedən inteqrasiya prosesi son günlər müstəqil mətbuatla yanaşı rəsmi qəzetlərin də gündəmindədir. Amma hakimiyyət mətbuatının müxalifətə olan “diqqəti”nin daha çox narahatlıqdan irəli gəldiyi açıq görünür. Əsas hədəfdə isə müxalifət düşərgəsində Milli Şuranın yaradılması ilə bağlı gedən danışıqlardır.
Belə ki, mətbuatdakı məlumatlara görə, artıq müxalifət daxilində aparılan danışıqların müəyyən ilkin nəticələri var və demokratik düşərgə heç zaman birliyə bu qədər yaxın olmayıb. Iqtidarı demokratik qüvvələr arasında gedən bu proses niyə bu qədər narahat edir? Hazırda cərəyan edən bu tendensiyaları “EL” Hərəkatı necə qarşılayır. Bu sualla “EL” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevə müraciət etdik.
– Təbii ki, Azərbaycan hakimiyyəti müxalifət daxilində gedən proseslərdən təşviş keçirir. Bu vaxta qədər müxalifət haqqında yalanı pərdələyərək yazırdılar. Amma bu gün iqtidar mətbuatı həmin pərdəni də götürməyə məcburdurlar. Artıq ağ yalanla qlobal hücuma keçiblər. Gah AXCP sədri Əli Kərimliyə, Müsavat başqanı Isa Qəmbərə, “EL” Hərəkatının lideri Eldar Namazova, Rüstəm Ibrahimbəyova, həmçinin mənə qarşı şər-böhtan kampaniyasına başlayıblar. Özü də utanmadan, çəkinmədən hücuma keçiblər. Amma bu kampaniya hakimiyyətin riyakarlığını, yalanını o qədər açıq formada göstərir ki, istənilən nəticə alınmır. Hakimiyyət hücuma keçdikcə həqiqət aşkar olunur. Adını çəkdiyim şəxslərə hücum əslində onlara siyasi dividend, rəğbət gətirir. Ona görə də hakimiyyət çaşqınlıq içərisindədir. Çünki onların ənənəvi siyasətləri bumeranq effekti verərək özlərinə qarşı yönəlir.
– AXCP sədri Əli Kərimlinin partiya üzvləri ilə keçirdiyi müşavirədə demokratik düşərgəyə birlik çağırışı etməsi geniş ictimai müzakirəyə səbəb olub. Siyasi liderlərə müraciət edən Ə.Kərimli onlara xalqın maraqları naminə siyasi ambisiyalarından əl çəkmələrinin zəruri olduğunu bildirdi. Səslənən təklifi necə dəyərləndirirsiniz?
– Bu müsahibədə həmin çağrışdakı fikirləri yenidən dərc etmək mümkün olsaydı, mən onun altından qol çəkərdim. Bu çağırışı bir cümlə ilə ifadə etsək, bunu demək olar. Bəsdirin, biz bir-birimiz haqda danışdıq, gəlin bir-birimizlə danışaq. Əli Kərimlinin çağrışını yüksək dəyərləndirirəm və bu fikirləri bölüşüb, altından öz imzamı qoyuram.
Siyavuşun səviyyəsinə düşmək istəməzdim
– YAP təmsilçisi Siyavuş Novruzov mətbuata açıqlamasında “EL” Hərəkatını siyasi klub adlandırıb və təşkilatın rəhbərliyində təmsil olunan şəxslərə qarşı ittihamlar irəli sürüb?
– YAP-ın siması Siyavuş Novruzovdursa, vay bu partiyanın halına. Siyavuş Novruzov o qədər boşboğaz, səviyyəsiz çıxışlar edir ki, mən onlara ətraflı cavab vermək niyyətində deyiləm. Çünki mən Siyavuşun səviyyəsinə düşmək istəməzdim.
– Siyavuş Novruzovun bir müddət əvvəl Milli Məclisdə irəli sürdüyü təklif cəmiyyətdə kəskin reaksiyaya səbəb oldu. Siyavuş Novruzov ölkədə fahişəliyi leqallaşdırmağı təklif edir. Ölkədə leqal fəaliyyət göstərən siyasi partiyaların, QHT-lərin fəaliyyəti məhdudlaşdırıldığı halda Azərbaycana yad bir addım atılması təklif olunur…
– Fahişəliyi leqallaşdırmaq lazımdırsa, öncə siyasi fahişəliyi leqallaşdırmaqdan başlasınlar. Çünki siyasi fahişəlik daha çox vüsət alıb, nəinki adi fahişəlik. Mən müxalif fikirli olsam da, hərdən YAP-a və partiyanın ideoloji texnoloqların bu cür səviyyəsizliyinə təəssüflənirəm, yazığım gəlir. Bunlar doğurdanmı nə baş verdiyini görmür və anlamırlar. Anlamırlarsa, bu artıq klinik məsələdir və bu cür adamlar müalicə olunmalıdır.
– Müxalifətin fəaliyyətindən narahatlıq, hakimiyyətin təkcə bəyanatlarında hiss olunmur. Eyni zamanda hakimiyyətin fəaliyyəti, xüsusilə regionlarda atdığı zorakı addımlar bunu sübut edir. Regiona səfəri zamanı Isa Qəmbərin və sizin hücuma məruz qalmanız, AXCP-nin Sabiribadda, Ağstafada keçirdiyi müşavirələrin zorakılıqla dağıdılması bunu sübut edir. Baş verənlər nəyin təzahürüdür?
– Bu göstərir ki, Azərbaycan hakimiyyəti artıq həm daxili, həm də xarici siyasətində böyük fiaskoya uğrayıb. Azərbaycan hakimiyyətinin demokratiya, tolerantlıq haqqında dedikləri, yumşaq desək, nağıldır. Hakimiyyət artıq onu həzm edə bilmir ki, müxalifət düşərgə bir araya gələrək vahid demokratik qüvvəyə çevrilir. Bu qüvvəyə xalqın da dəstəyi var. Xalqla müxalifətin inteqrasiya yaşanır. Bütün cərəyan edən proseslər hakimiyyəti təşvişə salır, elə bu üzdən də hakimiyyət müxalifətin regionlarda reallaşdırdığı addımlara belə reakiya verir.
Hakimiyyət başını itirib
– Maraqlı məqam ondan ibarətdir ki, hakimiyyət barəsində beynəxlaq mətbuatda informasiyalar yayıldıqca iqtidar daxildə qanunları sərtləşdirməyə çalışır. Hakim ailəyə aid olan şirkətlər barədə məlumat gedəndə, iqtidar şirkətlərin təsisçiləri barədə məlumatların alınmasını yasaqladı. Hazırda isə tanınmış şəxslərin şəxsi həyatına müdaxiləyə qadağanın qoyulmasına çalışılır. Yaşadığımız dünyada belə bir addımın atılması nə dərəcədə effektli ola bilər?
– Bu hakimiyyət topsuz futbol oynamağa çalışır. Bu gün beynəlxalq ictimaiyyət də görür ki, Azərbaycan hakimiyyəti hansı durumdadır. Hakimiyyətin bəyanatlarının arxasında həqiqət olmadığı artıq sirr deyil. Topsuz futbol oynayan iki komandanı təsəvvür etsəniz görərsiniz ki, hakimiyyət hansı vəziyyətdədir. Hakimiyyət adi reallıqları dərk etməlidir. Yoxsa sonluq heç də yaxşı olmayacaq. Ərəb dünyasında baş verənlər, narıncı inqilablar gözlərimizin önündə baş verdi. Əgər 5-10 il bundan qabaq əhali sosial tələblərlə çıxış edirdilərsə, hakimiyyət özü məcbur etdi ki, sosial tələblər siyasi tələblərə çevrilsin. Bu, siyasi rejimin bitdiyini göstərir. Düşünürəm ki, hakimiyyət bu reallıqları anlayanda artıq gec olacaq.
– Bu gün (aprelin 25-də – red.) daha iki əsgərimizi itirdik. Amma orduda baş verən əsgər ölümlərinə hakimiyyət qəribə reaksiya verir. Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, ordudakı əsgər ölümlərini ictimailəşdirənlər ermənilərin maraqlarına xidmət edirlər. Bu məlumatları isə bir qayda olaraq valideynlər özləri mətbuata çıxarırlar. Indi Əli Həsənov nə təklif edir, valideynlər övladlarının ölümlərini araşdırmasınlar?
– Bu absurd yanaşmadır. Məsələn, Hilal Məmmədovun həbsi belə dəyərləndirilib ki, guya o, dövlətdə dini çevriliş etmək istəyib. Əslində isə Hilal Məmmədov nə istəyib? O bildirib ki, ey gənclər, ey tələbələr rüşvət verməyin. Yəni hakimiyyətin bu cür idarə üsulu artıq absurddan realizmə gəlib çıxıb. Görəsən bunların uşaqları tabutda gəlsə, nə edərlər? Axı bunlar niyə anlamırlar ki, valideynlərin atdığı addımlar təbii bir reaksiyadır. Bu reaksiyanı həm valideyn, həm də cəmiyyət göstərir. Axı nəyə görə araşdırılmır ki, dinc vəziyyətdə bu qədər əsgər ölümü olar? Görünür, elə bunlar başlarını itiriblər. Hazırda da daxili siyasəti normallaşdırmaqdan daha çox başlarını axtarırlar.
Cəmil Quliyev nəyə görə sədr seçildi?
– Təhsil naziri vəzifəsindən uzaqlaşdırılandan sonra bu sahədə ciddi islahatların keçiriləcəyinə inanırsınızmı? Hazırda təhsilimizi narahat edən problemləri belə dəyişikliklər reallaşdırmaqla çözmək mümkündürmü? Çünki bir qayda olaraq hakimiyyətin oxşar dəyişikliklərinin bir nəticə verməməsinin şahidi olmuşuq?
– Təhsil, səhiyyə kimi sahələrə konseptual yanaşmaq lazımdır. Təhsildəki problemlərin kardinal dəyişdirilməsi üçün təhsil konsepsiyası lazımdır. Eyni zamanda başqa sahələrdə də oxşar addımlar atılmalıdır. Əlinin papağını Vəlinin papağı ilə dəyişmək bir nəticə doğurmayacaq. Ortaya konkret islahatlar paketi qoyulmalıdır. Təhsil nazirini dəyişməklə, onun yerinə cavan, hətta islahatçı bir şəxs qoymaqla heç nə dəyişməyəcək.
– Yeri gəlmişkən, Ictimai Televiziyanın da rəhbərliyi dəyişdirildi. Bəzi ehtimallara görə, “Mədəniyyət” kanalının keçmiş rəhbəri Cəmil Quliyevin bu posta gətirilməsinin səbəbi onun Rüstəm Ibrahimbəyovun təşkilatının dağıdılmasında göstərdiyi “xidmətlər” olub…
– İctimai Televiziya ictimaiyyətin ağrılı yeridir. Qəribə bir paradoks var. Ictimai Televiziya hamının olması üçün heç kimin olmalıdır. Bu ağırlığı, bu yükü Ictimai Televiziya çəkə bilmirdi. Amma bundan əvvəlki sədrin aqibəti məşhur kalamdakı kimi – “hər gedən bizdən gedir, bir gələn bizə gəlmir” oldu. O nə isə etməyə çalışırdısa belə, bu, onun nə gücü, nə də səlahiyyəti daxilindəydi. Amma onun əvəzinə yaltaqlıq nümunələrindən birini gətirib qoymaq, heç də yaxşılığa gətirib çıxarmayacaq. Ictimai Televiziya olduğundan daha pis olacaq. Halbuki biz heç olanla da razı deyildik. Istəyirdik ki, həqiqətən də bu kanal ictimaiyyətin televiziyası olsun. Bu mənada Cəmil Quliyevin təyinatında hakimiyyət qarşısında göstərdiyi “xidmətlərin” xüsusi rolu olub. Bəlkə də elə əsas səbəb məhz budur. Hakimiyyətin kadr siyasəti ictimaiyyətdə böyük narazılıq doğurur. Bu narazılıqlardan biri də elə Cəmil Quliyevə aiddir.
Xəyal