«Birlik özbaşına olmur, birliyin şəraiti yetişir, xalq tələb edir, liderlər birləşir»
«Bu ölkədə hər şeyin normal olduğunu hər ötən gün korrupsiya hesabına sərvətləri şişənlər söyləyir»
Mehriban Vəzir: «Idarəetmə elmdir, bunlar isə elmlə deyil, zorakılıqla idarə edirlər»
Hazırda gündəmin əsas mövzularından biri müxalifətin birliyi istiqamətində aparılan danışıqlardır. Son günlər Ictimai Palata ilə Ziyalılar Forumu arasında Milli Şuranın yaradılmasıyla bağlı intensiv danışıqlar gedir. Mətbuatda yayılan məlumatlara görə, artıq ilkin nəticələr də var. Ictimai Palatanın Koordinasiya Şurasının, eləcə də Ziyalılar Forumunun üzvü Mehriban Vəzir “Azadlıq”a müsahibəsinə bu məsələdən başladı:
“Evində gizlənən vətəndaşın demokratiyası ola bilməz”
– Cəmiyyətdə belə bir fikir var ki, problem liderlərdədir, onlar birləşsə, hər şey yoluna düşəcək. Bu, tam da belə deyil. Hesab edirəm ki, problem həm də cəmiyyətdədir. Cəmiyyət fəal olsa, hərəkətə gəlsə, liderlərin başqa yolu qalmayacaq. Həm də evdə oturub birlik istəmək nə deməkdir? Xalq birliyi meydanlarda istəməlidir. Xalq rejim dəyişikliyi istəyir. Amma bəzən yanlış olaraq hesab edir ki, bu dəyişikliyi bir ovuc adam, məhz müxalifət etməlidir. Əslində isə hər bir vətəndaş müxalif kəsimin gördüyü işin yüzdə birini görsəydi, dəyişiklik çoxdan baş verərdi. Böyük dəyişikliyi yalnız xalq edə bilər, təşkilatlar və ya partiyalar yox. Yoxsa, sən savaş-vuruş, tutul, öl, mən isə başımdan bir tük əskilmədən demokratiya qazanım. Belə olmur. Demokratiya xalqın birgə qazancıdır. Tək müxalifətin deyil. Məncə, müxalifətdən öncə cəmiyyət birləşməli və sözünü deməlidir. Evində gizlənən vətəndaşın demokratiyası ola bilməz. Demokratiya mübarizəsində iştirak etməyən toplum əzilər və rəzil günə qalar.
Təşkilatlar sadəcə, beyin mərkəzləridir. Bundan əlavə, siyasətçilərin bir çoxu “birlik – önündə mən” iddiasındadır. Bu iddia da təbiidir. Əminəm ki, cəmiyyətin hərəkətə gəlməsi bu iddiaları korrektə edəcək. Hər kəs sırada haqq etdiyi yeri tutacaq.
“Əli Kərimlinin çağrışını yüksək qiymətləndirirəm”
– Əli Kərimli bugünlərdə bəyan etdi ki, o, vahid namizəd olmaq iddiasından geri çəkilməyə hazırdır. Başqaları da partiyaları önünə çıxıb oxşar bəyanatla çıxış etsinlər və vurğulasınlar ki, xalqın maraqları şəxsi maraqlardan üstün ola bilməz. Bu çağırışı necə qiymətləndirirsiniz?
– Bu çağırışı çox yüksək qiymətləndirirəm. Zaman-zaman bu çağırışları həm Ictimai Palatanın toplantılarında, həm də mətbuatda Əli bəydən, Isa bəydən eşitmişik. Onlar bildirirlər ki, biz aramızda razılaşa da bilərik, vəziyyət tələb edərsə, üçüncü adamı da dəstəkləyərik. Əlbəttə, biz bu çağırışları bağlı qapılar arxasında, masa ətrafında olan müzakirələrin, qənaətlərin nəticələrinə görə dəyərləndirəcəyik. Bir daha təkrar edirəm ki, cəmiyyətin canlanması çox müşgülləri həll edəcək.
– Cəmiyyətin dəstəyini almış, müxalif mövqeyi şübhə doğurmayan bir xeyli partiya və təşkilatlar var ki, böyük birlikdə onların da iştirakına şəxsi münasibətlər imkan vermir. Məsələn, ALP-ni, Islam Partiyasını misal göstərmək olar. Sizcə, bu cür hallarda çıxış yolu nədən ibarətdir?
– Ictimai-siyasi proseslər tələb edəndə, yəni hərəkat başlayanda artıq keçmiş bitəcək, hamı gələcəyə baxacaq. Fikir verin, “Ərəb baharı” ölkələrində nələr oldu. Əski düşmənlər belə, birliyə gəldilər. Bunu xalq hərəkatı tətiklədi. Nə qədər ki, xalq meydanda deyildi, birlik yox idi. Xalq meydana girdi və hər kəsə məsuliyyətini bildirdi. Birliyi liderlər özxoşuna yaratmır, xalq ayağa qalxır və tərəfləri masa arxasına oturdur. Hətta ABŞ-ın ilk prezidenti seçiləndə də belə olub. Ümumiyyətlə, xalq həm iqtidarı, həm müxalifəti ağla gətirən mexanizmdir. Əlbəttə, bu mexanizm çalışmağa başlayarsa…
“Azərbaycanda əksəriyyət zarıyır, nalə çəkir, od püskürür”
– Regionlarda müxalifət partiyalarının tədbir keçirməsi mümkünsüz hala çevrilib. Insanların şəxsi evlərinə belə, soxularaq tədbirin keçirilməsinə imkan vermirlər. Sizcə, hakimiyyətin bu münasibəti nədən qaynaqlanır?
– Rejim ölkəni 20 il xof, qorxu, təhdidlə idarə edib və bundan böyük bəhrə götürüb. Həm cəmiyyətin, həm hakimiyyətin bu zəmində vərdişləri yaranıb. Amma indi bu vərdişlər orada-burada çat verməyə başlayıb. Bu gün rejim var gücü ilə çalışır ki, o xof sarsılmasın. Repressiyalar hakimiyyəti davam etdirmək üçündür. Yəni, necə yatmışdınızsa, eləcə yatın, biz də necə gəlmişiksə, elə də davam edək. Adətən repressiv rejimlər gəldiyi kimi davam etmək üçün repressiyaları gücləndirir. Güc tətbiqi isə sonda çanağı çatladır. Kimin başında? Mən deyərdim və təcrübə də göstərir ki, hər kəsin başında çatlayır çanaq. Hər kəs zərər çəkir.
Doğal haqları tapdamaq olmaz. Iclas keçirmək, söz demək vətəndaşın haqqıdır. Demək, yaltaqlar danışacaq, haqlılar susacaq… TV-lər sizin, radiolar, qəzetlər, sərvətlər sizin, amma vətəndaş lal-kar olmalıdır. Axı bütün bu kimi vasitələrin tarixi nəticələri bəllidir. Uzaq və yaxın tarixlərin bütün dərsləri ortadadır. Arada o dərslikləri vərəqləmək lazımdır. Nəticələr birmənalı olaraq zorakı hakimiyyətlərin ziyanınadır. Bu rejim çox dərin qatları zədələyib. Insanlar çox incidilib, çox əzilib. Hamı narazıdır. Vətəndaş yerini tapa bilmir, işləyə bilmir, yaşaya bilmir bu ölkədə. Yalnız bu hakimiyyətdə təmsil olunanlar və onların kölgəsində daldalananlar deyə bilər ki, bura yaşamalı ölkədir. Deyənlər belə, övladlarını burda yaşatmırlar.
Bu ölkədə hər şeyin normal olduğunu korrupsiya hesabına hər ötən gün banklardakı sərvəti artanlar söyləyir. Böyük əksəriyyət isə zarıyır, nalə çəkir, od püskürür. Amma bu belə getməyəcək. Mən insan naləsinin yandırmadığı bir material tanımıram.
Ayağını vətəndaşın qırtlağına basmış hakimiyyət
– Orduda əsgər ölümləri hələ də davam edir. Hakimiyyətin baş verənlərə münasibəti isə yenə adekvat deyil. Məsələn, Əli Həsənov deyir ki, əsgər ölümlərini ictimailəşdirənlər ermənilərin maraqlarına xidmət edir. Bu məlumatları mətbuata çıxaranlar ölən əsgərlərin valideynləridir…
– Əli Həsənova nə deyəsən… Bunlar ümumiyyətlə, ana, övlad, oğul, əsgər, itki, ölüm, zülm kimi nəsnələrin mahiyyətini bilirlərmi görəsən? Bu ifadələr onların şüurunda hansı assosiasiyanı verir, maraqlıdır. Insan vəzifədə olanda ürəyini, qəlbini, mərhəmətini itirərmi? Insanı insan edən ruhu, qəlbi, şəfqəti, mərhəmətidir. Insanı insan edən başqasının ağrısını hiss etməsidir. Dövlətçilikdən dəm vurur… Anaların göz yaşlarına ağlamayan, həlak olan cavanlara yanmayan insan dövlətçiliyin nə demək olduğunu necə bilə bilər?! Dövlətçilik hər bir əsgərin dimdik ayaqüstə durması, hər bir ananın üzünün gülməsi, hər bir vətəndaşın rifah halıdır. Dövlətçiliyin özülü vətəndaşdır. Ayağını vətəndaşın qırtlağına basmış hakimiyyət dövlətçiliyin təməlini sarsıdır. Cəmiyyətin maraqları qarşısında geri çəkilməyən hakimiyyət dövlətçilikdən xəbərsizdir.
Əxlaqsızlıqdan daha betər əxlaqsızlıq
– Bugünlərdə YAP-çı deputat Siyavuş Novruzov fahişəliyin leqallaşdırılmasını təklif etdi və bu, bir çoxlarının narazılığına səbəb oldu. Bu təşəbbüslə bağlı Siz hansı fikirdəsiniz?
– Müsəlman ölkələrinin bəzilərində bu sahə leqaldır və qanunla tənzimlənir. Amma bizim digər müsəlman ölkələrindən fərqimiz odur ki, bizdə bu işin leqallıq ənənəsi yoxdur. Amma qeyri-leqal olaraq hər şey var və olub. Əslində, mən bu suala cavab verməyə hazır deyiləm. Daş atıb başını tutanlardan da deyiləm, tərəfdarı da deyiləm. Bildiyim budur ki, bu sahədə ciddi araşdırmaya ehtiyac var. Öncə cəmiyyət bilməlidir ki, səbəb nədir, sosial əsaslıdırsa, başqa tədbirlər görülməlidir. Yox, əgər belə bir leqallaşma xeyrindən çox zərərə işləyərsə, bu da göstərilməlidir. Düşünürəm ki, bu, bir deputatın təklifi və təşəbbüsü ilə həyata keçəcək iş deyil. Heç Milli Məclis də cəmiyyətin rəyi olmadan bu barədə qanun qəbul edə bilməz. Burada sosioloqların, psixoloqların, hüquqşünasların birgə rəy və proqnozları lazımdır. Institut işləməlidir. Hökumətə və parlamentə təhlillər, tövsiyələr təqdim edilməlidir. Hökumət və ya Milli Məclis yalnız bu elmi təhlillər əsasında qənaətə gələ bilər. Idarəetmə bir elmdir, fərdlərin təklif və təşəbbüs toplusu deyil. Hələ 2 min il əvvəl filosoflar deyirdilər ki, dövlət elmlə idarə olunmalıdır. Bunların isə nə elmi var, nə də elmi idarəetməsi. Bu, deputatın verəcəyi təklif və tövsiyə deyil. Özünə hörmət edən adam bu təklifi dilə gətirib özünü rüsvay etməz. Bildiyim bir şey var ki, mənim tanıdığım Azərbaycan cəmiyyətinin məsələyə münasibəti birmənalı olaraq mənfidir və hökumət də, Milli Məclis də bu rəylə hesablaşmalıdır. Amma bir məsələ də var ki, təklif edilən məsələ dünyada ən gəlirli sahədir. Qorxuram məsələnin kökündə biznes maraqları dura. Bu, maddi maraqların doğurduğu təşəbbüsdürsə, əxlaqsızlıqdan daha betər əxlaqsızlıqdır.
“Bu ölkədə vəzifə satılırsa, insan niyə satılmasın?!”
– ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycan insan alverinə qarşı mübarizədə zəruri addımlar atmadığına görə sanksiyalarla üzləşə biləcəyi dilə gətirilib. Sizcə, insan alverinə qarşı mübarizə niyə lazımi səviyyədə aparılmır?
– Rüşvət cəmiyyəti çürüdür. Rüşvət qurddur, cəmiyyəti içindən yeyir. Azərbaycan cəmiyyəti çürük və içi qurdlamış bir cəmiyyətdir. Rejimin mahiyyəti olan korrupsiya və rüşvət cəmiyyətin dəyərlərini yerdən-yerə vurub. O dövlətdə ki, rüşvət var, deməli, dəyər yoxdur. Azərbaycanda yüksək vəzifələr, ən yüksək vəzifələr və deputat mandatı satılır. Belə bir ölkədə insan alveri olmaya bilərmi? Müqəddəs olan dövlət vəzifəsi satılırsa, insan niyə satılmasın? Bu ölkədə insandan ucuz nə var? Adam xəcalət çəkir…
Yazıq Vətən…
– Təhsil nazirinin dəyişilməsi bu sahədəki problemlərin həllinə kömək edəcəkmi? Çünki Əli Insanovun həbsindən sonra səhiyyə naziri dəyişsə də, səhiyyə sahəsindəki problemlər azalmadı, artdı…
– Bu ölkədə nazir heç nəyi həll etmir. Yalnız bizim ölkədə qoruq rəhbərini gətirib təhsil naziri qoya bilərlər. Bəlkə də yeni nazir xarici ölkələrdə yaxşı təhsil alıb, yaxşı tələbə olub və ya yaxşı qoruyub Içəri şəhəri. Amma bu insan təhsil sistemində bir gün belə işləməyib. Bu insanın təhsillə bağlı konsepsiyası cəmiyyətə bəlli deyil. Heç olmasa, bir məktəb direktoru belə olmayıb. Bu kadr siyasəti deyil, komanda-komanda oyunudur. Bir xalq oyunu var: bənövşə, bəndə düşə, bizdən sizə kim düşə. Hazırda kim kimi, kim haranı ələ keçirdi, keçirdidi. Yazıq Vətən…
Xəyal