Koordinasiya Şurası bununla bağlı xüsusi iclası keçirdi
İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. Dünən keçirilən iclas digərlərindən fərqli olub. Müsavat Partiyasının qərargahında baş tutan iclasda vətəndaş cəmiyyəti institutu nümayəndələri və ziyalılar da iştirak edib. Iclasa sədrlik edən AXCP sədri Əli Kərimli bildirib ki, belə bir xüsusi iclasın keçirilməsində məqsəd vətəndaş cəmiyyəti fəallarının demokratik proseslərdə fəallığının, IP-də təmsilçiliyinin artırılmasıdır: “Koordinasiya Şurasında təmsil olunan QHT rəhbərlərinin sayı siyasi təşkilat rəhbərlərindən üstündür.
Biz bu üstünlüyü IP üzvləri sırasında da görmək istəyirik”. Əli Kərimli deyib ki, bəzən cəmiyyətdə IP-in yalnız AXCP və Müsavat fəallarından ibarət olduğuna dair yanlış fikirlər yer alır: “Bu yanlış rəydir. Ictimai Palatada adıçəkilən partiyalardan başqa müxtəlif partiyalarda təmsil olunan şəxslər, QHT rəhbərləri, jurnalistlər, ziyalılar təmsil olunurlar. Ictimai Palatada 55-dək siyasi mənsubiyyəti olmayan fəallar təmsil olunurlar. Bugünkü toplantının məqsədi isə bitərəflərin sayının artırılması istiqamətində sizin təkliflərini dinləməkdir”.
Koordinasiya Şurasının üzvü, tanınmış hüquqşünas Vidadi Mirkamal Ictimai Palatanın komissiyalarının yaradıldığını xatırladaraq təəssüflə qeyd edib ki, vətəndaş cəmiyyəti institutu nümayəndələri həmin komissiyaların işində fəal iştirak etmir.”Ictimai Palata təkcə siyasi partiyalardan ibarət deyil. Bu qurum siyasilərlə yanaşı ziyalılar və qeyri hökumət təşkilatlarının nümayəndələrinin təmsilçiliyi ilə yaradılıb. Amma bu gün Ictimai Palatada ziyalılar və vətəndaş cəmiyyəti institutunun nümayəndələri dominantlıq edə bilmir. Biz istəyirik ki, onlar fəal olsunlar”, – deyə Vidadi Mirkamal əlavə edib.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı siyasi partiyaların QHT-lərin hazırladığı hesabatlardan yararlana bilmədiklərini bildirib: “Əlbəttə ki, söhbət hökumətyönlü QHT-lərin hesabatlarından getmir. Bir neçə QHT var ki, onlar bütün məhrumiyyətlərə baxmayaraq vətəndaş cəmiyyətinin inkişafı üçün işlər görürlər. Onların hazırladığı hesabatlarda xeyli ciddi faktlar olur, amma təəssüf ki, siyasilər bundan yararlanmır”.
Koordinasiya Şurasının üzvü Mehriban Vəzir isə vətəndaş cəmiyyəti instutlarının fəallığı Azərbaycanda demokratik proseslərə ciddi təkan verə bilər: “Bu gün mən burada tənqidi fikirlər səsləndirə bilirəm. Burada siyasi liderlər iştirak edir, onları da tənqid edə bilirik. Biz istəyirik ki, bu mühit bütün Azərbaycanda bərqərar olsun. Biz istəyirik ki, tənqidə dözümlü yanaşan, fərqli fikiri diqqətə alan bu adamlar hakimiyyətə gəlsin. Vətəndaş cəmiyyəti instutları bu prosesdə mühüm rol oynaya bilər”.
Hüquq müdafiəçisi Əli Quliyev vətəndaş cəmiyyəti instutlarının bir platformada birləşməli olduğunu deyib: “Vətəndaş cəmiyyəti instutları bir platformada birləşməlidir. Ictimai Palatanın daxilində olsa belə bu baş verməlidir. Biz ayrıca dinləmələr, dəyirmi masalar keçirə və hansısa məsələ ilə bağlı vahid mövqe sərgiləməliyik”.
Iqtisadçı Vahid Məhərrəmli bildirib ki, Ictimai Palatada bitərəflərin təmsilçiliyi artırılmalıdır: “Əlbəttə ki, bu komissiyalarda təmsil olunmaqla da ola bilər. Amma ümumiyyətlə bitərəf iqtisadçılar, hüquqşünaslar, ekspertlərin fikirlərinə daha çox verilməlidir. Fikrimcə, Ictimai Palatanın komissiyalarını regionlarda da yaratmağa ehtiyac var”.
Hüquqşünas Şükür Məmmədli isə bildirib ki, birbaşa vətəndaşlarla təmas qurulmalı, onlara hüquqları başa düşəcəkləri şəkildə izah edilməlidir: “Məsələn, bu gün nazirlər rayonlara gedirlər. Biz insanlara izah etməliyik onlarla görüşlərə getsinlər və həmin nazirlərə konkret suallar versinlər, çəkinməsinlər. Bundan başqa hər hansı hüquq, qanun pozuntusu ilə bağlı dövlət qurumlarına mütəmadi müraciətlər etsinlər. Ən azı həmin məmurlara dikomfort yaratmaq bununla”.
Tanınmış vəkil Namizəd Səfərov Ictimai Palatanın qapalı qurum olmadığını deyərək bildirib ki, bu cəmiyyətə də izah edilməlidir: “Bəyan edilməlidir ki, Azərbaycanda demokratik dəyişiklik arzulayan istənilən şəxs burada təmsil oluna bilər. Cəmiyyət də artıq bu rejimdən cana doyub. Biz hamımız birgə çalışıb Azərbaycanı fəlakətdən qurtarmalıyıq”.
Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı deyib ki, Ictimai Palatanın məqsədi vətəndaş cəmiyyəti instutları ilə birgə Azərbaycanda demokratik prosesləri sürətləndirməkdir.
Sonda Əli Kərimli səsləndirilən təkliflərin Koordinasiya Şurasının üzvləri ilə müzakirə ediləcəyini və reallaşdırılacağını deyib. AXCP sədri əlavə edib ki, Ictimai Palata vətəndaş cəmiyyəti instutlarının quruma inteqrasiyasının yüksək səviyyədə təmin olunmasına çalışacaq.
Daha sonra Koordinasiya Şurasının iclası bitərəf ziyalıların, QHT nümayəndələrinin iştirakı olmadan qurumun öz üzvlərilə davam etdirilib.
Natiq